Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun "2020-ci il yenicə başlayan qlobal dəyişikliklərin dönüş nöqtəsi olacaq” başlıqlı məqaləsi Ukraynanın aparıcı informasiya agentliyi Gordonua.com-da yayımlanıb
Sfera.az həmin məqaləni oxucuların diqqətinə çatdırır:
2022-ci ilin xronikası
Vərdiş etdiyimiz həyata az-çox qayıtmağımızdan 2 ilə yaxın vaxt keçir. Biz əvvəlki kimi işə gedirik və nadir hallarda bir müddət evdə qaldığımızı xatırlayırıq. Özünü təcrid həftələri mövzusu çay süfrəsi arxasında edilən bezdirici söhbət, bir zamanlar yaşadığımız ümumi həyəcandan başqa bir şey deyil artıq. Amma həmin zaman kəsiyi dövlətləri siyasətə, iqtisadiyyata və maliyyə məsələlərinə münasibəti dəyişdirməyə məcbur etdi, elə cəmiyyət özü də dəyişdi.
Sağlamlıq hüquq və azadlıqlardan daha vacibdir.
2020-ci ildə məlum oldu ki, əvvəllər liberal demokratiya çərçivəsində sadəcə "gecə gözətçisi” funksiyasını yerinə yetirən dövlətlər bundan sonra insanları fəal şəkildə idarə edəcəklər, cəmiyyət də bunun əleyhinə deyil. 2020-ci ildə yaradılan presedent göstərdi ki, əgər son məqsəd sağlamlığı qorumaqdırsa, insanlar öz hüquqlarını məhdudlaşdırmağa, məsələn, küçəyə çıxmaq üçün sms yazmağa hazırdırlar.
Əhaliyə yeni sənədlər - immunopasportlar verilməyə başladı, bu sənəd omadan biz artıq səyahətə çıxa bilmərik, bəzi ölkələrdə isə immunopasportsuz iş tapmaq belə mümkünsüzdür. Beləliklə, dünya iki yerə bölündü – peyvənd edilərək pasport alanlar və buna şiddətlə müqavimət göstərənlər. Honq Konqda yeni nümayişlər və polislə qarşıdurmalar, Paris və Barselonada isə peyvənd əleyhdarları ilə tərəfdarları arasında münaqişələr baş verir.
Yeni böhranlara hazırlıq gedir
2020-ci ildə koronavirusun necə peyda olduğu, laboratoriyadamı hazırlandığı, yaxud təbii yolla mutasiyaya uğradığı, ya da hələ 60-cı illərdən mövcud olub olmadığı haqda hələ də dəqiq məlumat yoxdur.Mübahisələr bu gün də səngimək bilmir. Amma dəqiq aydın olan bircə odur ki, böhranlar qaçılmazdır, bu üzdən onlardan qorunmaq yolları əvvəlcədən düşünülüb tapılmalıdır. Pandemiyalar, yanğınlar, müharibələr və digər böhranlı vəziyyətlərdə effektli davranış modeli yaratmağa can atan dövlətlərin səyləri buna yönəldilib. Təbii fəlakətlərin, pandemiyaların ən tez zamanda yenidən baş verəcəyi heç kəsdə şübhə doğurmur: mutasiyalar və ekoloji böhranlar bu olayları sürətləndirən faktorlara çevrilib.
KİV-lər pandemiyanı Üçüncü Dünya Müharibəsi kimi səciyyələndirdi
O yalnız müasir cəmiyyət üçün yeganə mümkün olan bu formatda, yəni silah istifadə etmədən baş verə bilərdi. Bu müharibə qlobal dəyişiklikləri başladan tətikçi oldu.
Hər şeyə qərar verən Big Data və süni intellektdir
2020-ci ilin pandemiyası zamanı böyük məlumatlar bazası formalaşdırıldı. Vətəndaşların A nöqtəsindən B nöqtəsinə qədər hərəkəti, vərdişləri və s. araşdırılırdı. Beləliklə, bütün baza özünütəcrid vəziyyətində olan 2,6 milyard insan haqda məlumatlar əsasında ağ vərəqdən yaradıldı. Toplanan məlumatlar sayəsində dövlətlər növbəti pandemiya baş verəcəyi halda insanların hərəkətlərinə nəzarət etmək imkanı əldə edirlər. Yeni ixtira davranışın avtomatik tənzimləyicisi, yaxud AİD (avtomatik idarəetmə düyməsi)-dir. 2020-ci ilin pandemiyası zamanı bəzi vətəndaşlar tövsiyyələrə əməl etmədən lazımsız hərəkətlərə yol verirdi. AİD sayəsində bu bir daha təkar olunmayacaq. Pandemiya zamanı toplanan məlumatlar bazası hər kəsin yaşadığı ünvanı, həmçinin icazə verilən radius daxilində ona lazım olan hərəkət koordinatlarını müəyyənləşdirdi. Əgər vətəndaş sms göndərib pul çıxarmaq üçün bankomata getməyə qərar verərsə, süni intellekt onun qərarının nə dərəcədə əsaslı olduğunu təhlil edəcək. Konkret halda vətəndaş online sifariş verə və sifarişin haqqını kartla ödəyə bilərdi, çünki bankomat ona nəğd pul verməkdən imtina edəcək. AİD-in işlənib hazırlanması yeni böhranlı vəziyyətlərin öhdəsindən daha yaxşı gəlmək imkanı verəcək.
AİD-ni ərsəyə gətirən şirkət öz məhsulunu amerikalı texnologiya tarixi doktoru Corc Daysonun sözləri ilə tərif edib: "Həyat və təkamül oyununda üç oyunçu iştirak edir: insanlar, təbiət və maşınlar. Mən qətiyyətlə təbiətin tərəfində dayanıram. Amma deyəsən təbiət maşınların tərəfindədir”
Dövlətlər qida sektoruna sərmayə yatırır
2020-ci ilin pandemiyası zamanı əksər dövlətlər taxıl ixracını məhdudlaşdırdı, bu da hər bir ölkənin daxilində ərzaq ehtiyatı bazaları yaratmağa ehtiyac olduğunu göstərdi. Bu üzdən dövlətlər və cəmiyyətlər texnoloji inkişafla yanaşı, aqrar sahənin inkişafına da xüsusi diqqət ayırır. Əksər ölkələrin yeni məqsədi hər hektara düşən məhsul sayını artırmaq və özünü maksimal ərzaq ehtiyatı ilə təmin etməkdir.
Apple və Samsung yalnız iki ildən sonra yeni məhsullar buraxacaqlarını açıqladı
2020-ci ilin pandemiyasından sonra insanlar qənaət rejiminə keçdilər. Texnoloji yeniliklərə tələbin azalması onların istehsalını məhdudlaşdırdı. Hər il yeni məhsulların buraxılması keçmişdə qaldı.
Təhsil online formata keçdi
Çoxları bunu proqnozlaşdırırdı, belə də oldu. Online formatda real xidmətlər təklif etməyi öyrənən şirkətlərin sürətli inkişafı baş verir. Online təhsil tələbələrin rəqabətə davamlılığını artırdı: Bakıda ola-ola İllinoys kollecində marketinqin əsaslarını öyrənmək adi hal aldı.
Təlim formatı ilə yanaşı abituryentlərin istəkləri də dəyişdi
2020-ci il böhranı zamanı gərəksiz olduğu isbatlanan humanitar peşələrin bir hissəsi tarixə gömüldü, nəticədə tarix, fəlsəfə və digər humanitar fakültələrə müraciət edənlərin sayı demək olar, üçdə bir dəfə azaldı. Aydın oldu ki, diplomat olmaq üçün beynəlxalq münasibətlər, yaxud şərqşünaslıq fakültələrini bitirmək vacib deyil. Həmçinin o da məlum oldu ki, yaxşı maliyyəçi və ya riyaziyyatçı kifayət qədər peşəkar diplomat ola bilər.
Kağız qəzet və jurnallar keçmişdə qaldı
Bar, restoran və teatrları reklam etməklə yaşayan bütün kiçik qəzetlər 2020-ci ildə bağlanmağa məcbur oldu. Tədricən hadisələrin inkişafı ilə ayaqlaşmağı bacarmayan bütün qəzet çap sənayesi keçmişdə qaldı, Əlbəttə, qəzet dərc etməyə davam edən bir neçə həvəskar var, amma onların buraxdığı məhsula olan tələbat jurnalistlərin və naşirlərin ailə üzvlərinin sayına bərabərdir.
Amma hamı online-da deyil
Biz hamımız əvvəlki tək fitness mərkəzlərinə getməyi online təlimlərdən daha üstün tuturuq və əlbəttə ki, özümüz üçün saç düzümü etməyi də öyrənməmişik (heç öyrənmək fikrimiz də yoxdur). Sərhədlər açıldıqdan sonra pandemiyanın dünyanı ağuşuna alan ikinci dalğasını xatırlayaraq, məzuniyyətlərimizi də ehtiyatla planlaşdırırıq və sadəcə yaşamağa davam edirik.
Biz çox şeyi dərk edib öyrəndik. 2020-ci il yenicə başlayan qlobal dəyişikliklərin dönüş nöqtəsi oldu. Dünyamız hər gün dəyişir və deyəsən biz buna alışmağa başlamışıq.