hemle

Bakı avtobusunda Çin hökumətinə qarşı üsyan

Tarix:21-04-2020, 22:56
Baxış Sayı:565

NATO təyyarələrinin Uhanı bombalayacağını indidən demirəm, amma atom bombasını başının altına qoymuş Çin koronavirusun qurbanı olmaqdan asanlıqla qurtulmayacaq...

Uhan virusu sıfır nöqtəsindən çıxıb Bakıya tərəf də “üz tutanda” paytaxt avtobuslarının birində baş vermiş qısa bir hadisənin videosu yayılmışdı. Sərnişin avtobusunda bir qadın asiyalını salondan düşürməyə çalışır, ona “siz yaydınız xəstəliyi” və sairə sözlərlə tənə edirdi. Hələ onu da “ev dustağı” edəcək 65 yaş yasağı gəlməmişdi, hələ Bakıda karantin rejiminin tətbiq oluna biləcəyi də kiminsə ağlına gəlmirdi, hələ uzaq ABŞ-da da prezident Donald Tramp gələn təhlükəni ciddiyə almırdı, italiyalılar da üzüm şərabından içib həyatlarının tezliklə zəhərə dönəcəyini yuxularında belə görmürdülər. Bakıda isə bir qadın artıq nəhəng Çinə öz üsyan bayrağını qaldırmışdı...
Azərbaycan xalqının qocalı-cavanlı başqa millətlərə həmişə hörmətlə yanaşdıqlarını qeyd etmək artıqdır, amma bu dəfə hədəf bir çinli deyildi, prinsipcə, qadın dünyanı gözləyən fəlakətə qarşı çırpınırmış, əsas hədəfi isə milyard yarımlıq Çin hökuməti imiş. O hökumət ki, koronavirusun ciddi epidemiyaya çevrilə biləcəyinə dair ciddi faktlara rəğmən, səssiz qalıb və virus bu müddətdə daha çox yayılıb. O hökuməti ki, ifşa olunduqlarını görüb bu günlərdə Uhanda koronavirusdan daha 1290 insan öldüyünü etiraf etdilər. XXI əsrdə 1290 adamın ölümünü, həm də hamı bir-birinin ölüsünü-dirisini saydığı bir pandemiya günlərində gizlətmək nə demək? Sən demə, Çin hökuməti Uhanda ölənləri yaxşı saya bilməyib. Ay sizi, saya bilməyənlərə bax də...Bu da yəqin ki, yalan rəqəmdir, 10 milyondan çox əhalisi olan Uhanda yeni hesablamadan sonra da ölü sayı 4 minə çatmadı. Başa düşmək olar, əhali çoxdur, amma Çin kimi yarımqapalı rejimli ölkədə bir adamın belə hesabı aparılır, amma 1290 adamın ölməsi “yaddan çıxıbmış”.

Bu, Çinin mahiyyətcə necə bir dövlət olduğuna əslində daha bir sübutdur. SSRİ-nin 70 il davam edən bolşevik-kommunist rejimi də insanı adam yerinə saymırdı, amma kimin nə iş gördüyünü güdürdü. O səbəbdən insanları ən müxtəlif bəhanələrlə həbslərdə çürüdürdülər, məhkəməsiz güllələyirdilər, meyitlərini dənizə atırdılar, baş vermiş texnogen fəlakətlərin miqyasını gizlədirdilər. Yalan üzərində qurulmuş o ölkə çökdü. Çin bir az fərqli yolla getdi, iqtisadiyyatını liberallaşdırdı, acgöz kapitalistlərlə alver etdi və ölkəsini gücləndirdi. Amma adamlarına heç adam kimi yenə baxmadı. Texnika, ordu, kosmosa raket göndərmək başqalarının gözünə böyük görünmək üçün lazımdır, Çin isə adamları ilə böyük ölkə ola bilmədi.

Son günlər ABŞ, Almaniya, Avstraliya açıq mətnlə Çini koronavirusla bağlı həqiqəti gizlətməkdə ittiham edirlər. Bunu çoxsaylı ölüm faktlarının fakturasını Çin hökumətinin ayağına yazmaq cəhdi kimi də qiymətləndirənlər var ki, haqsız da sayılmazlar. Şübhə etməyin ki, çox tezliklə Çinə qarşı ittihamlara bu virusdan əziyyət çəkən, böyük insan itkiləri verən digər dövlətlər də qoşulacaq.

Ağıllı adamlar deyir ki, Çin olmasa, dünya ölkələrinin əsasən də kasıb dolanan qismi batar və sairə. Bunu necə hesabladıqlarını yəqin iqtisadçılar bilər, kim də nə itirəcək, onu görəcəyik, amma Çin bu koranavirus müharibəsində adamlarının ölüm sayına görə az itki ilə çıxa bilər, fəqət sonrakı itkiləri çox ağır olacaq. Bu hələ jurnaldır. Çin bunun hesabını təkcə itirilmiş iqtisadi itkilərlə verməyəcək həm də...

İndi guya Çin karantin rejimini yumşaldıb, sanki virus xaricdən bura gəlibmiş kimi, əcnəbiləri test etmək kimi komediyalar göstərməyə başlayıblar. Kommunistlərin hələ də qafaları dəyişməyib. SSRİ də sərhədlərini möhkəm-möhkəm bağlayıb “kapitalizm virusu”nun ölkəyə girməsinə qarşı dururdu. Halbuki bütün dünyaya çox pis “virusu” kommunist rejimi yaymışdı, ta hələ də bunun ağrısını çəkən Kubaya kimi gedib çıxmışdı bu virus. İndi Çin də eyni metodları işlədir: virusu özləri Allah bilir, necə və hansı məqsədlə yayıblar, amma sanki mələk donuna girirlər. Bu nə SARS-dır, nə başqa bir mərəz. Bu, bütün dünyaya vurulmuş elə bir zərbədir ki, bunun məsuliyyətinin altından çıxmaq çətin olacaq.
Hələ nə qədər ölkələr bunun təsirindən silkələnəcək, inqilablar olacaq, hakimiyyətlər dəyişəcək. Gözlənilir ki, Çinin bu virusla bağlı olan kələkləri bir-bir üzə çıxacaq, bu ölkəyə qarşı ciddi beynəlxalq sanksiyalar işə düşəcək. İnsan haqları Çinin daha həssas nöqtəsi olduğu üçün bu məsələ yenidən daha ciddi gündəmə gələcək. Dünya başından bu bəlanı atdıqdan sonra Çin sıxışdırılaraq ya İranın yanına, ya da onun gününə salınmağa doğru gedəcək. Çinə qarşı artıq böyük transmilli şirkətlərin məhkəmə iddiası hazırladığı bildirilir. Hətta sadə insanların qruplar şəklində də mexanizmi üzərində düşünülür. Bunun perspektivi olmasa belə, bu sırada şəxsən mən də olmaq istərdim...

Koronavirus qlobal iqtisadiyyatı da ciddi yıpratdığı üçün hərə “öz qınına” çəkilməyi, mümkün qədər iqtisadi asılılıqları aradan qaldırmağı düşünəcək. Bu isə dünyaya xəstəliyini də sırımış Çinin iqtisadiyyatını xeyli geri salacaq. Mən NATO təyyarələrinin Uhanı bombalayacağını indidən demirəm, amma atom bombasını başının altına qoymuş Çin koronovirusun qurbanı olmaqdan asanlıqla qurtulmayacaq. Dünya da, o azərbaycanlı qarı nənə də Çin hökumətini bağışlamayacaq, avtobusdakı yazıq çinlinin nə günahı var ki....

Nazim SABİROĞLU

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış