Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin qurultay zamanı jurnalistin sualına kobud formada cavab verməsi müzakirələrə səbəb olub. Bundan başqa, yazıçının jurnalistlə söhbətində Azərbaycan dilində səlist danışa bilməməsi də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Bakupost.az-a açıqlama verən Mətbuat Şurasının sədri Rəşad Məcid də məsələyə münasibət bildirib.
Qurum rəhbəri bildirib ki, jurnalist sualı ittiham kimi verəndə, elə də cavab almalı idi:
“Sakit vaxt olan kimi orada xırda mikrofonu yazıçının, alimin ağzına soxan jurnalistlərə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri açıqlamasında bildirib.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə hesab edir ki, Çingiz Abdullayevin təmsil etdiyi qurumun mövcud normalara zidd olaraq açıqlamadığı bir məsələni sorğulayan jurnalistə qarşı sərgilədiyi münasibət heç bir halda doğru yanaşma deyil:
“Bunu hörmətli Xalq yazıçımıza yaraşdırmadım. Maraqlıdır ki, jurnalistin Xalq yazıçısı Çingiz Abdullayevdən sorğuladığı məsələ qanunvericiliyə görə açıq informasiyadır. Sözügedən vəsait ictimai olduğundan onunla bağlı informasiyalar da , kiminsə sorğulamasından asılı olmayaraq məcburən açıqlanmalıdır, əlçatan olmalı, internet resursda yerləşdirilməlidir. Normalda necə olmalıydı? Düşünürəm ki, qurumda məsul vəzifə daşıyan Çingiz Abdullayev jurnalistin öncədən bu tip açıq informasiyaları əldə edə bilmədiyinə münasibət sərgiləməli, üzrxahlıq etməli , bu tip açıq informasiyaların mənbəyini qeyd etməklə vəsaitdən istifadə ilə bağlı məlumatlarını bölüşə bilərdi”.
Qeyd edək ki, AYB-nin qurultayının keçirilməsi üçün 203 min manat pul ayrılıb. Jurnalist isə qurultaydan sonra pulun hesabatı ilə bağlı Çingiz Abdullayevə sual ünvanlayıb. Xalq yazıçısı isə suala sulla cavab verib: “Utanıb ölmürsən?”
Bakupost.az