“Koronavirus dünyanın bəlasına çevrilib və bütün ölkələrin, öz vətəndaşları qarşısında başlıca məsuliyyəti bu problemlə mübarizəyə mümkün qədər hazır olmaqdır. Ukrayna hökuməti də, Avropanın digər ölkələrində olduğu kimi, virusun ölkəyə yayılmaması üçün əlindən gələni edir”.
"Qafqazinfo" bildirir ki, bunu virtualaz.org-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko deyib.
Ukraynalı deputat Azərbaycanın COVID-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib.
"Biz hamımız Azərbaycanın bu istiqamətdəki hərəkətlərini yaxından izləyirik. Ölkənizin hakimiyyət orqanları tərəfindən görülən hər şey xüsusi diqqətə layiqdir. Əsas da karantin tədbirlərinin tətbiqi və orta-kiçik sahibkarlığa dəstək. Ukrayna koronavirusa qarşı mübarizədə dost və qonşuların təcrübəsini yüksək qiymətləndirir və bunun ən yaxşılarından, o cümlədən Azərbaycanda həyata keçirilən tədbirlərdən istifadə edir",- deyə L.Marçenko vurğulayıb.
Deputatın sözlərinə görə, digər ölkələrlə müqayisədə Ukraynada, bir sıra tədbirlərin görülməsi nəticəsində vəziyyətin dəhşətli ssenari üzrə getməsinə imkan verilməyib. İndiyədək ölkədə 4662 yoluxma hadisəsi, 125 ölüm (18 may tarixinə-red.) təsdiqlənib.
Ancaq o, koronavirus pandemiyasının ən azı bir il davam edəcəyini ehtimal edir və dünyanın yeni infeksiyadan tezliklə xilas olacağını gözləmir.
"Özünüz mühakimə edin, indi bütün dünya, o cümlədən Ukrayna da, vaksinin yaradılması üzərində işləyir, lakin ən nikbin proqnozlara görə, o, bir ildən tez yaradılmayacaq",- deyə deputat öz proqnozunu əsaslandırıb.
“Ukraynadakı xəstələr arasında azərbaycanlıların olub-olmadığı, əgər varsa neçə nəfərdilər” barədə suala cavabında L.Marçenko bildirib ki, onda ölkədə yaşayanların milli mənsubiyyətləri ilə bağlı statistika yoxdur. O həmçinin qeyd edib ki, çətin ki, belə bir statistika ümumiyyətlə mövcud olsun: “Amma Ukraynadakı Azərbaycan diasporunun gördüyü işləri yalnız alqışlamaq olar”.
“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun koronavirusla mübarizə və epidemiya şəraitində yaşayan həmvətənlərinə kömək məqsədilə yaradılan qərargahın fəaliyyətini qiymətləndirməmək olmaz. Bundan əlavə, bu təşkilat təkcə Ukraynada yaşayan azərbaycanlılara deyil, hər kəsə dəstək verir",-deyə Ali Radanın deputatı əlavə edib.