Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.
Dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yeni inşa olunan tunel barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir.
Məlumat verildi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir.
Məlumat verildi ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.
Qeyd edildi ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda T1 tunelinin giriş portalının tikintisi həyata keçirilir. T2 tuneli 354,4 metr uzunluğunda olmaqla inşa edilir. Bu tuneldə giriş istiqaməti üzrə 115,8 metr qazma işləri aparılıb. T5 tuneli 448,7 metr uzunluğundadır. Tuneldə çıxış istiqaməti üzrə 331 metr qazma işləri görülüb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri aparılıb. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.
Bildirildi ki, layihədə nəzərdə tutulan digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.
Diqqətə çatdırıldı ki, Kəlbəcər-Laçın avtomobil yolunun oxu boyu torpaq yatağı üçün təməlin hazırlanması, qazmalarda yamacların formaya salınması və 12 düzbucaqlı və 4 ədəd 1500 millimetrlik dairəvi boruda inşa işləri davam etdirilir.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcələrinə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur.
Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Bu səbəbdən yeni yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın hava limanına qədər rahat gediş-gəlişi təmin edəcək.