hemle

Prezidentin İtaliya səfəri: “Böyük yeddilik” üzvü ilə münasibətlərdə unikal məqamlar – TƏHLİL

Tarix:1-09-2022, 13:54
Baxış Sayı:152

Dövlət başçısı İlham Əliyev Brüsseldə keçirilən üçtərəfli görüşün ardından İtaliya Respublikasına işgüzar səfərə yollanıb.

Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında təşkil olunub və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.

Dövlət başçısının İtaliya səfərində məqsəd Prezident İ. Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyən edilməsidir.

Azərbaycan liderinin səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və İtaliya hökumətinin prezidenti (baş nazir) Mario Draqi ilə geniş tərkibdə görüşlər keçirməsi gözlənilir.

Azərbaycan-İtaliya münasibətlərinə qısa nəzər

Azərbaycan və İtaliya arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Ölkələrimiz arasındakı münasibətlərdə həmçinin bir sıra unikal göstərici və parametrlər öz əksini tapır. İtaliyanı Avropa İttifaqına üzv ölkələr arasında ölkəmizin bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşı kimi xarakterizə etmək mümkündür. Bu ölkə həmçinin rəsmi Bakının Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə, möhkəmlənməsinə fəal şəkildə dəstək verir.

Azərbaycan-İtaliya münasibətlərində yüksələn xətt

İtaliyada bir müddət əvvəl daxili siyasi böhran yaşanıb. Belə ki, ölkənin baş naziri Mario Draqi istefasını elan edib və hökumət vaxtından əvvəl səlahiyyətlərini təhvil verib, sentyabrın 25-nə planlaşdırılan seçkilərə qədər isə məhdud çərçivədə fəaliyyətə davam edir. Ölkənin daxili siyasət ənənələrinə əsasən müvafiq dövrlərdə bir qayda olaraq xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir.

Qeyd edilən məqamlar fonunda Azərbaycan liderinin İtaliyaya səfəri müstəsna əhəmiyyət daşıyır. Bu, həm də İtaliya dövlətinin Azərbaycan Prezidenti və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin birbaşa nümayişi kimi qəbul olunmalıdır. Eyni zamanda sözügedən məqam İtaliya dövlətinin xarici siyasətində Azərbaycanla əməkdaşlığın mühüm istiqamətlərdən birini təşkil etdiyini göstərir.

Elə ölkəmiz üçün də İtaliya münasibətlər strateji tərəfdaşlıq baxımından böyük önəmə sahibdir. 1-2 sentyabr tarixlərində həyata keçirilən səfər sayca yeddincidir. Buna qədər isə dövlətlərarası münasibətlərdə daşıdığı önəm baxımından 2020-ci ilin 19-21 fevral tarixlərindəki səfəri qeyd edə bilərik.

Sözügedən səfər zamanı iki dövlət arasında siyasi, müdafiə, energetika, nəqliyyat və s. kimi sahələr də daxil olmaqla ümumilikdə 28 sənəd imzalanıb. Sözsüz ki, həmin sənədlər arasında ən əhəmiyyətlisi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Sənəd dövlət başçısı İlham Əliyev və İtaliyanın həmin dövrdə baş naziri olmuş Cüzeppe Konte tərəfindən imzalanıb ki, bu da sənədin siyasi yükünün və əhəmiyyətinin aşkar göstərici olaraq qəbul edilməlidir.

Məhz qeyd edilən sənədlə Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə - daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar.

Bundan əlavə XİN rəhbərlərinin sədrliyində Azərbaycan-İtaliya Strateji Dialoqunun əsası qoyulub. Cari ilin aprelində İtaliya XİN rəhbəri Luici di Mayonun paytaxtımıza səfəri zamanı Strateji Dialoqun ilk iclası baş tutub, protokol imzalanıb. Bu, protokol ölkələrimiz arasında çoxölçülü strateji münasibətlərin gücləndirilməsi üçün yeni institusional mexanizmin əsasını qoyub.

Münasibətlərdə unikal məqamlar

Yuxarıda qeyd olunan birgə bəyannamə barədə danışarkən vurğulanmalı daha bir məqam vardır. Belə ki, bəyannamə ölkəmizin “Böyük yeddilik” ölkələri ilə bu cür adda və ruhda imzaladığı ilk sənəd kimi tarixi əhəmiyyətə sahibdir.

Bununla yanaşı iqtisadi planda əldə olunmuş nailiyyətlərə də toxunmaq gərəkdir. Belə ki, Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşı olan İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2021-ci ildə pandemiyadan əvvəlki nəticələrə (9 milyard dollar) çata bilib, cari ilin ilk səkkiz ayında isə bu göstərici 11 milyard dolları keçib.

Eyni qaydada Azərbaycan da İtaliya dövlətinin Cənubi Qafqazda ən iri ticarət tərəfdaşıdır. İtaliyanın regionla apardığı ticarətin 90 faizindən artıq hissəsi məhz Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlıq

Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir. O cümlədən İtaliya üçün də bu planda Bakı ilə strateji tərəfdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Belə ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.

Əməkdaşlığın geniş spektri

İtaliya Azərbaycan əlaqələrindən bəhs edərkən çox geniş spektr üzrə qarşılıqlı marağa əsaslanan və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə söykənən münasibətləri vurğulamaq gərəkdir. Belə ki, hazırda ölkəmizdə sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.

Xüsusilə vurğulamaq lazımdır ki, İtaliya 2022-ci ilin göstəricilərinə görə dünyanın 8-ci böyük iqtisadiyyatına sahibdir və “Böyük Yeddilik” ölkəsidir. Bu ölkənin şirkətləri müdafiə və yüngül sənaye, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti və digər sahələrdə dünyada aparıcı yerləri tutur. Bu cəhətlər İtaliya ilə münasibətlərdə Azərbaycan üçün böyük doğurur ki, bunu da Azərbaycan Prezidentinin İtaliyaya 2020-ci ilin fevralında baş tutmuş səfərində aydın şəkildə görmək mümkündür. Həmin vaxt Azərbaycan lideri aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşüb, hər iki tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib.

Həmçinin dövlətlərimiz arasında mədəni sahədə də əlaqələr olduqca yüksək səviyyədədir. Xüsusən Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib.

Bununla yanaşı 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması mədəni əlaqələrin inkişafının əsas göstəricilərindən birinə çevrilib.

Təhsil

Dövlətlərimiz arasında təhsil sahəsində əməkdaşlıq 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb. Prezident S.Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb.

İmzalanan bir çox sənədlər Azərbaycan və İtaliyanın universitetləri arasında əməkdaşlığı genişləndirib, həmçinin tələbə və akademik mübadilələri ehtiva edən proqramların icrası prosesini asanlaşdırıb.

İtaliya və Avropa üçün mühüm önəm daşıyan çıxış

İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur, dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşır.

Beyin mərkəzi İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

Sayca 48-ci olan budəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

Əminliklə qeyd etmək olar ki, dövlət başçısının gözlənilən çıxışı istər İtaliya, istərsə də ümumilikdə Avropa üçün mühüm maraq doğurur. Belə ki, dünyada hazırda cərəyan edən hadisələr fonunda enerji təhlükəsizliyi məsələləri ön plana çıxır və sözsüz ki, Azərbaycan bu mənada Avropa üçün mühüm önəmə sahibdir. Üstəlik, geosiyasi proseslərin axarı bu diqqət və önəmin getdikcə artacağından xəbər verir.

Digər xəbərlər
13:52 İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür - COP29 PLANI
12:18 CHP bələdiyyə sədri saxlanıldı: Türkiyədə nə baş verir?
11:47 Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
11:45 Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
11:44 Bayden Gürcüstanla bağlı bəyanat yaydı: Tələb etdi ki...
11:42 Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
09:28 Ən kalorili meyvə və giləmeyvələrin adı açıqlandı
09:26 Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir