hemle

Xədicə Əfzəl Vəziri - Qırmızı şəfəqin çiçəyi -

Tarix:18-04-2020, 16:50
Baxış Sayı:378

XX əsrin birinci yarısında İranda inqilabların, müharibələrin tüğyan etdiyi, milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə qadınlar öz taleləri haqqında düşünməyə başlamış, əsarətdən xilas olmaq, müstəqil, azad yaşamaq, tərəqqi etmək, yeni cəmiyyət yaratmaq uğrunda mübarizəyə başlamışdılar. Belə qadınlardan biri də Xədicə Əfzəl Vəziri idi. Öncə bu xanımın soy-kökünə diqqət yetirək.

Onun ulu babası Mehrəli bəy Seyid Məhəmməd ağa oğlu Bərdənin Zümürxaç kəndindən olub. Savadlı, sayılan şəxslərdən imiş. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir onu kiçik qızı Gövhərbəyim ağaya lələ təyin etmişdi. Əmisi Mirzə Əliməhəmməd ağa Sofuoğlu da xanın vəziri idi. Söz uzaq düşməsin, Lələ Mehrəli bəy 1822-ci ildə Mehdiqulu xanla bərabər İrana qaçır. Şahzadə Abbas mirzə ona xan ünvanı verib, mühacirlərdən ibarət atlı qoşuna sərkərdə təyin edir. Qərəz, Mehrəli bəyin Lütfəli bəy, Lütfəli bəyin isə Musa xan adlı oğlu vardı.

Musa xanın qızı Xədicə xanım 1891-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini ailə şəraitində almışdı. Sonra anası Bibixanım Astrabadinin açdığı qızlar məktəbində oxumuşdu. Sonra bu məktəbdə dərs deməklə cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi оlmuşdur.

Xədicə Əfzəl Vəziri qərb və şərq dillərini bilən, poeziyanı çox sevən, yüksək mədəniyyətə malik bir xanım idi. Gənclik dövründə anası və digər uluları kimi özünü şairlikdə sınamışdı. Sonra yazıçılığa başlamışdı. Yazıçılıq onun əqidəsi, arzusu, bədii fəaliyyəti üçün geniş meydan oldu.

Xədicə Əfzəl Vəziri məhsuldar yazıçı idi. O, şeir və nəsr formalarından eyni məharətlə istifadə etməklə bir neçə kitab qələmə almışdı. Bu kitablar "Şükufə" (Çiçək), ‘"Aləm-i Nisvan" (Qadınlar aləmi), "Şəfəq-i Sürx" (Qırmızı şəfəq), "İran-i Nəv" (Yeni İran) adlanırlar. O, məhsuldar yazıçı olmaqla yanaşı bir çox qadın təşkilatlarında təmsil olunurdu. Yazıçı kimi ən incə yeri qadın azadlığı mövzusu idi.

Xədicə Əfzəl Vəzirinin yaradıcılığında qadın problemi, ailədə və cəmiyyətdə qadına münasibət, qadının yeri və rolu məsələsi mühüm yer tutur. Yazıçının elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunulmasın və bu məsələyə şair öz münasibətini bildirməsin. Əsərlərində İran qadınların cəmiyyətdə və məişətdə vəziyyəti məsələsiylə yanaşı, uzaq keçmişdə Şərq qadınlarının ağır həyatını da təsvir edir. Lakin istər müasir, istərsə keçmişdə yaşamış qadınların təsvirində, Vəzirinin üsyankar, barışmaz, romantik ruhu özünü göstərir, onun qadına münasibəti, qadın məsələsinin həlli ilə bağlı fikir və düşüncələri əks olunur.
Xədicə Əfzəl Vəziri - Qırmızı şəfəqin çiçəyi -

Xədicə Əfzəl Vəziri haqlı olaraq qadın azadlığının və ümumiyyətlə əsl azadlığın, hər şeydən əvvəl, beyinlərdə, düşüncələrdə, şüurlarda qələbə çalmasının zəruriliyini vurğulayır və İran qadınlarının azadlığın bu yüksək zirvəsini fəth etməsini arzulayırdı.

Xədicə Əfzəl Vəziri jurnalist idi. Çoxsahəli bir yaradıcılıq yolu keçən, qadın haqlarından yazan Xədicə Əfzəl sənətinin qaynağı xalq həyatı və tarixi idi. Xalq üçün, ictimai həyat üçün çox ciddi əhəmiyyəti olan yaradıcılıq yolu keçən bu qadının bütün yaradıcılığı küll halında götürülsə, bu yaradıcılıqda XX əsrin 20-ci illərindən başlamış İslam inqilabına qədərki İran tarixinin ayrı-ayrı dövrlərinin əks olunduğunu görmək mümkündür. O, İran torpağında baş verən hadisələrə sadəcə olaraq baxmır, onu görür, ümumiləşdirir, odur ki, tarixin bədii salnaməsi olan əsərlərini yazıb ortaya qoya bilirdi. Əsərlərinin üzərindən illər keçsə də, bu əsərlər yenə də zamanın aynasına, tarixin bədii salnaməsinə çevrilir və zamanın səsinə səs verir.

Xədicə Əfzəl Vəziri yazılarında zamanın siyasi mövqeyinə uyğun olaraq qadının azad olması üçün birinci amil kimi çadranın atılmasını əsas götürürdü. Üzüaçıq gəzməyi əxlaqsızlıq hesab edən ruhanilərə müraciət edən jurnalist yazırdı: "Sən şəhvət dolu gözlərini bağla, qadına öz anan kimi bax, onda sənə qəribə heç nə gəlməyəcək".

Xədicə Əfzəl Vəziri bir məqaləsində hökumətin çadra haqqındakı uyğulamalarını bu şəkildə tənqid etməkdəydi: "Polis həddən artıq bir ciddiyətlə qızların məktəbə çarşabsız girməsini əngəlləyir. Baş Təhsil İdarəsi bu barədə onlardan geri qalmır. Elə ki, yeddi, ya da səkkiz yaşında bir qız uşağı məktəbə çarşabsız getsə, məktəb müdirəsi Baş Təhsil İdarəsinin əmriylə onu məktəbdən bayıra atacaqdır… İnsanlar seçimlərində özgür, azad buraxılmalıdır; "bi-çadori" əmri də verməyin, çarşablarını çıxaran qadınlara əngəl də olmayın… hökumət yalnızca nizama sahib çıxmaq və qadınları kişilərin zorakılıqlarından qorumaqla məşğul olmalıdır" (Nəcmabadi, A. Dürrət-əl-Mə’ali”, Encyclopædia Iranica VII/5, 2011, s. 520-521).

Xədicə Əfzəl Vəziri yazılarında tez-tez təkrarlayırdı: "Əlbəttə, çarşabı geyinib geyinməməkdə azad olmaq istəyərdim, bizi buna məcbur edirlər, bu mənim şəxsi seçimim deyil. Bu mənə istədiyim işi görməyə mane olur, istənilən halda bu geyimə insanın şəxsi istəyi olmalıdır."

Onun dövründə İranda fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən bu zümrənin sosial həyatdan kənarda qalması onların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı. Xədicə Əfzəl Vəziri bir jurnalist kimi bu problemləri qaldırmaq, xalqa çatdırmaq yolunda mühüm addımlar atmışdı.

Xədicə Əfzəl Vəzirinin qəzetlərdə dərc etdirdiyi məqalələrində qadınların taleyini, cəhalət, zülmət əsarətindən çıxmaq yolunu yalnız maarif və təhsilə yiyələnməkdə görürdü. Bildirirdi ki, maarif qadınlara öz hüquqlarını anlamağa, haqlarını tələb etməyə kömək edəcək.

Xədicə Əfzəl Vəziri insan haqları hüquqçusu idi. İranda qadınların çadra və çarşab örtüyünə qarşı ilk səsini çıxaranlardan olmuşdu. Başqa bir feministlə, Sədiqə Dövlətabadi ilə birləşib bürüncəklərə qarşı çıxmışdı. Onlar təklif edirlər ki, uzunboy donlarla kifayətlənsinlər. Qadın fəallarının aksiyasına birbaşa olaraq xaricdə yaşayan iranlılar dəstək verir və onların apardığı təbliğat kampaniyasına qatılan qadınlar baş örtüklərini çıxararaq etirazlarını nümayiş etdirirlər. İranlı tədqiqatçı A. Nəcmabadi bu qadınların fəaliyyətindən öz kitablarında bəhs etmişdir.

O, qadınları maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışırdı. X. Vəzirinin bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan tədric edən problemlərə həsr olunurdu.

Qadın azadlığını milli tərəqqinin əlamətlərindən biri hesab edən Xədicə Əfzəl Vəziri müsəlman aləmində dəbdə olan siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab edirdi. Bu cür fikirlərinə görə ruhanilər onu təqib edir, ölümlə hədələyirdilər.

Xədicə Əfzəl Vəziri qadının şəxsiyyət azadlığı problemini islam ideologiyasının, feodal-patriarxal mühitin tənqidi ilə bağlayır, qadın ləyaqətini ucaltmaq üçün o zamanın mürəkkəb ictimai ideoloji şəraitində cəsarətlə mübarizə aparırdı.

Xədicə Əfzəl Vəziri cəmiyyətin tərəqqisi, inkişafı, müəyyən məqsədlərə çatması üçün qadınlarla kişilər arasında hüquq bərabərliyinin olmasını zəruri sayırdı.

Şərq qadınının azadlığı uğrunda onun apardığı mübarizəyə dövrünün açıq fikirli, mütərəqqi ziyalıları yüksək qiymət verirdilər.

Şah məmurları bir neçə dəfə onun fəaliyyətini dayandırmağa cəhd etmişdilər. Xədicə Əfzəl Vəziri məmurların təqiblərindən və fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilmişdi.

Xədicə Əfzəl Vəzirinin qadın problemlərinin həlli uğrunda göstərdiyi misilsiz fəaliyyətin mükafatı tarixdə öz yerini tapmasıdır. Onun adı bu gün xatırlanır.

Xədicə Əfzəl Vəziri 1981-ci ildə vəfat edib.

Xədicə xanım Vəziri dayısı oğlu Məhəmmədbağır xan Məllahla ailə qurmuşdu. Əmir Huşəng xan, Hüseynəli xan, Xosrov xan, Teymur xan adlı oğlanları, Məhliqa xanım, Mehrangiz xanım qızları vardı.

Xədicə Əfzəl Vəziri demək olar ki, Azərbaycanda tədqiq olunmamış şəxsiyyətlərdəndir. İnanırıq ki, yeni tədqiqatçılar bu irsi araşdırmaqla bir Azərbaycanlı qadının İran mətbuatı tarixində göstərdiyi çaba-çalışmaları incələyəcək, açılmamış səhifələrini, tarixin kölgədə qalan fakt və hadisələrini aydınlığa çıxaracaqlar.

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı