“Dostlarımın dəstəyi ilə başlatdığım yardım aksiyasına qısqanclıqla yanaşan psevdopatriotlar tərəfindən ünvanıma əsassız ittihamlar səsləndirilir”
Ölkəmizdə türkçülüyün fəal təbliğatçılarından biri olan, ictimai fəal Umuxanım Hüseynzadə bugünlərdə yenidən sosial şəbəkələrdə “qara piar”la üz-üzə qalıb. Belə ki, məsələ ilə bağlı Hurriyyet.org-a açıqlama verən Umuxanım Hüseynzadənin sözlərinə görə, onun Türkiyədə təhsil alan və koronavirusla əlaqədar tətbiq edilən karantin səbəbindən qardaş ölkədə çarəsiz durumda qalan Azərbaycan Respublikasının vətəndaşı olan tələbələrə təmənnasız yardım etməsi bəzi şəxslər tərəfindən qıcıqla qarşılanıb.
Məhz bu səbəbdən də əsassız ittihamlara, təzyiqlərə məruz qaldığını iddia edən həmsöhbətimiz artıq bir müddətdir ki, karantinlə əlaqədar Türkiyədə təhsil alan və ailələrinin yanına gəlməkdə çətinlik çəkən tələbələrimizin təminatı ilə bağlı könüllü olaraq, şəxsi təşşəbüsü ilə yardım aksiyası keçirdiyini qeyd etdi: “Nəzərinizə çatdırım ki, yardım aksiyasının gedişatı ilə əlaqədar daim paylaşımlar edir, vətəndaşlarımızı bununla bağlı məlumatlandırıdım. Onu da bildirim ki, bu aksiya çoxları tərəfindən rəğbətlə qarşılanıb və bir çox insanlar dəstəklərini ifadə ediblər. İmkanım daxilində hər kəsi koronavirus səbəbindən darda qalan, ailələrindən uzaq düşmüş maddi sıxıntılar keçirən tələbə övladlarımıza köməklik göstərməyə səsləyirdim. Hətta bu məqsədlə #TələbələrəDəstək haştaqı ilə Türkiyədə maddi və mənəvi çətinlikləri olan gənc balalarımız üçün hesab nömrəsi açıb onlara imkanlı şəxslərimizdən, iş adamlarımızdan, kömək edə biləcək el oğullarımızdan dəstək istədim. Bu işi apardığım müddət ərzində maksimum dərəcədə şəffaflığı təmin etməyə çalışdım və əminəm ki, buna nail ola bildim”.
Yardım üçün müraciət edən tələbələrin sayının gün-gündən artdığını deyən Umuxanım Hüseynzadə bildirdi ki, onun məqsədi dövlətin yardımına qədər Türkiyədəki tələbələrimizi ayaqda tutmaq olub: “Aksiya dövründə biz Türkiyənin müxtəlif bölglələrində təhsil alan tələbələrimizə yardım etmişik. Dostlarım sağ olsun, hansısa ağız açmışamsa, yardım əlini uzadıb. Mən bacardığımı etmişəm və bütün bu işlər zamanı tam şəffaflıq olub. Lakin mənim bu qədər zəhmət çəkməyimə, özümü oda-közə vurmağıma baxmayaraq, hazırda sosial şəbəkədə “qara piar”la üz-üzə qalmışam. Belə ki, dostlarımın dəstəyi ilə başlatdığım yardım aksiyasına qısqanclıqla yanaşan psevdopatriotlar tərəfindən ünvanıma əsassız ittihamlar səsləndirilir, “Bu xanım özü üçün dilənçilik edir”, deyə şər-böhtan xarakterli çıxışlar edilir. Bu zavallılar heç bir dəlil-sübut olmadan barəmdə olmazın fikirlər səsləndirirlər. Adam belələrinə nə ad verəcəyini belə, bilmir. Özləri heç bir təşəbbüs göstərmir, lakin şəffaf şəkildə yardım aksiyası keçirənlərə qara yaxmağa çalışırlar”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org