Turkustan.info Qazaxıstanın birinci prezidenti, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin “Egemen Qazaqstan” qəzetində çıxan “Biz birlikdə güclüyük” adlı məqaləsini təqdim edir….
Müstəqilliyimizin ilk illərində, elimizin ən çətin və böhranlı vaxtlarında mən bütün çətin və çıxılmaz məsələləri, problemləri vətəndaşlarımızla müzakirə edir, fikirlərimi doğma xalqımla bölüşürdüm. Bu gün bütün dünyanın və dövlətlərin narahat olduğu bir vaxtda, millətimizin sağlamlığının təhlükə ilə üzləşdiyi bir zamanda hər kəsi səbrli və təmkinli olmağa çağırır və yurduma ağ diləklərlə ürək sözlərimi çatdırmaq istəyirəm.
Gözlənilmədən gələn yaman xəstəlik – koronovirus dərdi bütün insanlığa qənim kəsilib. Artıq dünyada 1,4 milyon insan bu virusa yoluxub, on minlərlə insanın ömrü qırılıb. İndi bütün dünya ölkələri müasir texnoloqiya və elmi biliklərdən yararlanaraq birgə əməkdaşlıq edir, bu ağır mərəzin dərmanını tapmaq üçün bütün səylərini birləşdirib, elmi axtarışlar aparırlar.
Dünya ölkələri içərisində pandemiyayla mübarizəyə ilk başlayan ölkələrdən biri də Qazaxıstan oldu. Qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkənin bütün əlaqədar orqanları xüsusi hazırlığa gətirildi. Xarici ölkələrdə virusun necə peyda olduğu, pandemiyanın necə yayıldığı öyrənildi. Son nəticə olaraq biz öz imkanlarımız daxilində mümkün qədər bu bəlanın qarşısına sədd çəkməyə çalışdıq, indi koronovirusun yayılma miqyasını gecə-gündüz nəzatrətdə saxlayırıq. Vəziyyətin stabilləməsi üçün hadisələri nisbətən nəzarətə götürə bilmişik və bu iş əzmlə davam etdirilir. İndi bizim əsas məqsədimiz ümumixalq gücümüzü birləşdirib, hər yerdə bir-birimizə əl tutmağı bacarmaqdır.
Müstəqilliyimizin ilk günlərindən ulu Abay atamızın müdrik kəlamı olan “Kimlə dost olsan, dostluq dostluq gətirər” fikrini hər zaman özümə yoldaş bilmişəm, mən dünyanın bütün dövlətləri ilə dostluq siyasəti yürüdüb, birgə inam və bərabər əməkdaşlığa üstünlük vermişəm. Azadlığımızın ilk illərində bizə yaxın və uzaq olan ölkələrlə sülh və dostluq əlaqələri yaratmağa, dövlətlərarası sərhədləri müəyyən edən bütün məsələləri qətiyyətlə həll etməyə, eyni zamanda beynəlxalq təşkilatlarla müxtəlif formada münasibətlər qurub əməkdaşlığımızı genişləndirməyə çalışmağımın da səbəbi bu olub.
Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirləri üzrə Təşkilatı qurub, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) tarixi sammitini, Astana İqtisadi Forumu və Beynəlxalq EXPO sərgisini Qazaxıstanda keçirməklə dünyanın bütün ölkələri ilə dostluq və etibaralı əlaqələr yaradıb, iqtisadi əməkdaşlığımızı dərinləşdirmişəm. Həyat özü bir daha sübut etdi ki, siyasi maraqlarımız naminə inteqrasiya və əməkdaşlıq üçün seçdiyimiz yol çox doğru yoldur.
Dünyanı təşvişə salan pandemiya özü ilə yeni iqtisadi böhran gətirib. Nəhəng müəssisələr öz işlərini dayandırıb, nəqliyyat əlaqələri kəsilib. Neftin qiyməti düşüb. Sərhədlər bağlanıb, alış-veriş dayanıb. Bütün bunlar əvvəllər baş verməyən, indi sonu görünməyən, ağıla gəlməyən tənəzzülə apara bilər, işsizliyin artmasına səbəb ola bilər.
Bizim Vətənimiz Qazaxıstan yeraltı və yerüstü sərvətləri, eləcə də neftlə zəngin olan ölkədir. Əgər siz xatırlayırsınızsa, ötən illərdə mən dəfələrlə qeyd etmişəm: “Biz neft və qazdan asılı ola bilmərik, bu asılılıqdan çıxmalıyıq”.
Ona görə də müstəqilliyimizin ilk illərində biz iqtisadiyyatımızın difersifikasiyası ilə məşğul olduq. Bu məqsədə çatmaq üçün “Qazaxıstan -2050” strategiyasıını yazdım. “İnnovasiya və Texnologiya sənayesinin inkişafı” proqramı çərçivəsində 1000 yeni müəssisə yaratdıq. Onun ardınca dünya bazaralarında rəqabətədavamlı məhsullar istehsal etdik və ölkəmizə yeni texnologiyalar gətirdik. Bu islahatlar ölkəmizdə üçüncü texnologiya inqilabına yol açdı.
Regionlarımızda əvvəli-sonu görünməyən yeni dəmiryolları və avtomobil yolları salındı.
Məqsədəuyğun və sistemli şəkildə aparılan islahatlar nəticəsində kənd təsərrüfatı böyük vüsət aldı: Qazaxıstan ət, süd və başqa ərzaq məhsulları ilə özünü təchiz etməklə bərabər, istehsal etdiyi ərzaq məhsulları ilə həm də dünyanın bir çox ölkələrinə taxıl eksport etməklə, dünyanın 6 ölkəsi arasında lider dövlətlərdən birinə çevrildi.
Bu islahatların həyata keçirilməsi üçün nə qədər güc və vəsait xərclədik, lakin zaman göstərdi ki, ölkəmizi gələcək təhlükələrdən qorumaq üçün bu islahatları aparmaqla zamanın sınağından və sarsıntılarından çıxdıq.
Bizim Konstitusiyamızın birinci bəndində yazılıb ki, “Qazaxıstan Respublikasının ən böyük xəzinəsi –insandır”. Ona görə də səhiyyə sahəsinin inkişafına böyük diqqət ayrılıb. “Sağlam Qazaxıstan” proqramını qəbul etməklə, biz ölkəmizdə yüzlərlə müasir xəstəxanalar tikib və poliklinikalar qurmuşuq. Paytaxtda ən yeni texnologiyalarla təchiz edilmiş, böyük elmi-tibbi mərkəzlər yaratmaqla, “Bolaşak” proqramı çərçivəsində dünyanın ən inkişaf etmiş ölkələrində təcrübə keçmiş mütəxəssislərimizi həmin mərkəzlərə cəlb etmişik. Bu uzaqgörən siyasətimizin nəticəsidir ki, indi bugünkü ağır və ekstremal şəraitdə, millətin sağlamlığı böyük təhlükə qarşısında olduğu bir vaxtda, bizim həkimlərimiz infeksiyalı və digər xəstəliklərin diaqnozunu təyin edib, müalicə və profilaktikasını yüksək peşəkarlıqla aparırlar.
Əlbəttə, çox qarışıq bir mənzərə yaranıb. Bu bəla bütün dünya ölkələrinin çiyinlərinə ağır yük qoyub. Bizim xalqımızın çətin və ağır zamanlardakı dözümü, iradəsi və inamı ilə bu ağır yükün altından çıxıb, bəlanı dəf edəcəyik. Bunun üçün bizə gərək olan – maliyyə, maddi resurslar, texnika, ərzaq ehtiyatı – kimi hər şeyimiz vardır. Buna görə də naraht olmağa heç bir əsas yoxdur.
Adətən yurd içində təlatümlər olanda özlərinin çirkin məqsədləri üçün istifadə edən, yalan məlumatlar yayaraq fəallaşmağa meyl göstərənlər də olur. Mən öz xalqımızı belə araqarışdıranlardan uzaq durmağa çağırırıam. Xalqının rifahı üçün çalışan əsl insan haqlı olduğunu göstərməyə çalışmır, əməlini mərhəmətli işlər görməklə göstərir. Qeybət yayıb, boş-boş danışmaqdansa özünü formalaşdırmaq və maarifçiliklə məşğul olmaq zamanıdır.
Bu gün apardığımız döyüşü xalqımızın böyük sərkərdəsi Baurcan Momışolunın sözlərini xatırladır: “Nizamsız el olmaz, nizamlı başı olan el qul olmaz”. Özünüz gördünüz ki, bu pandemiyadan qonşumuz Çin dövləti ciddi və dəmir kimi nizam-intizamla qurtuldu.
Hazırkı Qazaxıstan ötən əsrin 90-cı illərinin Qazaxıstanı ilə müqayisə oluna bilməz. Biz o ağır illərimizdə belə heç kimə əl açmamaq üçün, ölkəmizin gələcəyi naminə və yeni nəsil üçün, ötən illər ərzində Milli Fondumuzu yaratdıq və ölkənin qızıl -valyuta ehtiyatlarını artırdıq, hazırda 90 milyard ABŞ dolları ehtiyatımız var. Əgər bu ehtiyatımızdan səmərəli və qənaətlə istifadə edəriksə, başımızın üstünü alan tarixin dərsi və tarixin sınağından mətanətlə çıxa bilərik.
Elimizin prezidenti Qasım Comərd Kamaloğlu Tokayev xalqa müraciətində cəmiyyəti dövlətin atacağı addımlar və edəcəyi yardımlar barədə məlumatlandırararq qeyd etdi ki, cəmiyyətin sosial yardıma ehtiyacı olan qruplarına, sahibkarlara və vətəndaşlara, kənd təsərrüfatı sahəsində çalışan adamlara yardımlar olunacaq. Əgər Qazaxıstanın məqsədyönlü milli iqtisadiyyatı və fondları olmasaydı, bu tədbirlərin heç birini görə bilməzdik. Bəli, həmin ehtiyatlarımızı necə gəldi dağıtmağa çağırış edənlər var idi. Lakin bizim tərəfimizdən göstərilən möhkəm iradə həmin çağırışları rədd edə bildi.
İndi Hökümət və yerli icra orqanları rasional və qənaətlə bu işləri görməyə başlamalıdırlar. Hər bir nazirlik, hər bir vilayət, hər br şəhər rəhbərinin qarşısına sistemli şəkildə, nizam-intizamla, plana uyğun və qətiyyətli şəkildə mobil üsullarla bu işləri yoluna qoymaq tapşırılıb. Bu şərəfli işdə Nur Otan partiyasının üzvləri ilk sırada olmalıdırlar.
Dövlətimizin ən qiymətli mənəvi dəyəri insan ömrü olduğu üçün, hər bir adamın özünün, qohumlarının, ata-anası və övladları, nəvə -nəticələrinin sağlamlığını qorumaq, qayğısına qalmaq kimi böyük məsuliyyəti vardır. Çünki millətin sağlamlığı –dövlət təhlükəsizliyinin əsasını təşkil edir.
İnanıram ki, vətəndaşlarımız bu sınaq zamanında xalqımıza məxsus nəcib xüsusiyyətləri üstün bilib böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmağa çalışacaqlar.
İnsanın özünə inamı böyük qüvvədir. Bu inam xasiyyətimizə sərtlik, bədənimizə güc, ürəyimizə təpər verəcək. Biz indi qayğıya çox ehtiyacı olan yaşlı adamların, çoxuşaqlı anaların, aztəminatlı ailələrin, işləmək qabiliyyəti olmayanların yanında olmalıyıq. Bu bizim nəsildən nəsilə ötürülən mənəvi dəyərimizdir.
Bəli, indi insanlar yolayrıcında çaşıb qalıblar. Baş verən bu nadir hadisə indiki şəraitdə özü ilə problemlər gətirir, bu problemlər hər şeydən əvvəl geosiyasətin, iqtisadiyyatın, ictimai həyatın dəyişməsinə və yeni dövlətlərarası əməkdaşlıqların yaranmasına zəmint yaradır. Hind xalqının böyük humanist mütəfəkkiri İndira Qandi deyirdi: “Əgər dünyanı dəyişmək istəyirsənsə- birinci özündən başla”. Bu yaxınlarda dövlətlər bir-biri ilə olan sərhədləri bağlayaraq, sanksiya “müharibələri” tətbiqinə başlamışdılar, indi isə bir-birinə yardım əlini uzadırlar. Artıq belə münasibətlər qlobal dünyada baş verəcək köklü dəyişikliklərin başlanmasından xəbər verir.
Dünya tarixində çoxsaylı müharibələr olub, gərgin hadisələr və münaqişələr, onillərlə və hətta yüzillərlər davam edən müharibələr olub. Milyonlarla insanı dünyadan aparan epidemiyalar olub. Lakin insanlıq bunun hamısına qalib gəlib. Canımızın qəsdinə duran bu bəladan da qurtulacağıq. Dünyaya güc göstərən ölkələr bu ağır vəziyyətdən dərs almalıdırlar.
Öz dövründə Aytəkə babamız deyirdi: “Əgər vaxtında işini dürüst tutsan,elin muradı görəcək, ər muradı gələcək”. Necə də hikmətli sözlərdir. Bəli, bizə məhz indi bütün insanlığın yaradılışını dəyişə bilən , əngəl yaratmayan yeni siyasət gərəkdir.
Hər bir çətinlik insana ondan çıxış yolu axtarmaq üçün fürsət verir, bu zaman yeni fikirlərin oyanır, iş üsulunu yenidən təkmilləşdirmək haqqında düşünürsən. Bu da elm və texnologiyanın sayəsində formalaşaraq yeni sağlam həyat tərzi yaradır. Artıq biz kreativ əmək münasibətlərinin yarandığının, hətta yeni formalaşan peşələrin şahidiyik. İndi insanlar kabinetlərindən ayrılıb işlərini bacardıqları qədər tək odalarından idarə edirlər. Bütün bunlar bir günün hazırlığı deyil, demək ki, belə münasibətlərin yaranması üçün də əvvəlcədən hərtərəfli tədbirlər alınıb.
Çətinliklər ruhu möhkəm, özünə inamı olan insanda inam yaradır. Ona görə də bu gün biz hər cür ruhdan düşməni, həyəcanı, passivliyi kənara atıb, olduğumuz yerdə bütün dünya ilə birlikdə özümüzü möhkəmləndirib , böhrandan çıxış yoilu axtarmalıyıq.
Müdrik Töle bi deyirdi: “Birlik olmayan yerdə dirilik yoxdur”. Elə bir zirvə yoxdur ki, onu birliyin kamalı və əzmi ilə fəth etməyəsən. Bizim üçün ata-babalrımızın əsrlər boyu qoyub getdikləri, arzuladıqları məqsədə- elmizin azadlığına biz 30 il bundan əvvəl yetişdik. Qazaxıstan bizim yüzlərlə millətlə birlkdə sülh, dostluq və həmrəylik şəraitində birgə yaşadığımız ümumi evimizidir. Müxtəlifliyimiz – rəqabət və qlobal dünya şərtləri qarşısında dayana bilməyimizdir. Əldə etdiyimiz nəaliyyətlərin hamısında müstəqillik illərində qazandığımız xalqımızın bilriyidir. Qoy Allah bizi birliyimizdən və diriliyimizdən ayırmasın.
İlk növbədə mən üzümü yaşlılara və ziyalılara tutaraq deyirəm: xalqı birliyə, mərhəmətə, xeyriyyə işləri görməyə, sağlam həyat keçirməyə çağırın. “Xoşbəxtliyin əzəli həmrəylikdir” kəlamını unutmayın. Gənclərimizi zəhmətə, əməyə, təhsilə sövq edin. Bu bizim gənc nəslin qarşısındakı ümdə borcumuzdur.
Gənc nəsilə isə demək istəyirəm ki: müstəqillik illərində dünyaya gələnlər indi 30 yaşa dolublar. Siz cəmiyyətimizin ən energili hissəsisiniz. Sizdən əvvəlki nəsil sizin üçün hər şey etdi, indi öz gücünüzü və qabiliyyətinizi göstərmək sizin növbənizdir. Çalışın yaxşı işlər görün. Yamanlıq, pis vərdişlərdən uzaq durun. Vətəninizə layiqli övlad olun, böyüklərə hörmət edin, bir-birinizə dost olun, kiçiklərə qayğı göstərin. Ulu Abayın bu sözünü heç vaxt yadınızdan çıxarmayın: “Birini qazax, birini dost bilməsən – bütün işlərin boşa gedər”.
Üzümü sahibkarlara tuturam: Siz müstəqilliyimizə söykənərək öz işlərinizi qurdunuz, yaratdınız, indi ona görə ayaq üstə dayana bilirsiniz. İndi isə özünüzə “Mən öz ölkəm üçün nə etmişəm” sualını verməyin vaxtı gəlib.
Mənim müraciətimdən sonra sahibkarlar öz soydaşlarına maddi və pul yardımı edirlər. İnanıram ki, bu xeyirxah əməllər gələcəkdə də böyülk vüsət alacaq.
Uğur və xeyirxahlıq o məkana gəlir ki, orada nəsillərə və ənənələrə hörmət var. Bu müqəddəs amal hər bir Qazaxıstan vərəndaşının könlündə və qəlbində olmalıdır.
Mənim taleyimə çox ağır günlərdə heç zaman namusunu satmayan, birliyindən dönməyən, qolları və qucağı açıq, geniş qəlbli xalqa rəhbər olmaq kimi xoşbəxtlik yazıldı. Ona görə də bu ağır şəraitdə özümün müdrik və səxavətli xalqıma minnətdarlığımı bildirirəm. Biz müstəqilliyimizin ilk illərində çox böhranlar və çətinliklər gördük. Bütün bunlar haqqında mən dəfələrlə açıq və aydın bəhs etmişəm. Siz mənə böyük etimad göstərdiniz, bu da mənə işləməyə güc və qüvvət verdi. Ona görə də sizə bir daha minnətdaram!
Millətin sağlamlığı və məmləkətin təhkükəsizliyi bir-birindən ayrılmaz, əkiz anlayışlardır. Dövlət bütün çətinliklərin dəf olunması üçün üzərinə düşən hər bir işin öhdəsindən gəlir. Vətənimizin bir vərəndaşı da , bir adamı da dəstəksiz, qayğısız qalmayacaq.
Biz bir elik, bir yurduq. Mən heç vaxt xalqımdan ayrı olmadım, bu yolda da sizinlə BİRGƏyəm!
Biz birgəyik! Çətinliklər qarşısında belimiz əyilməyəcək, birliyimizi və həmrəyliyimiz bir xalq kimi qoruyacağıq. Yalnız belə olduqda müstəqilliyimizi saxlaya və “Əbədi el”in layiqli övladı ola bilərik!
Qazax türkcəsində çevirdi: Aida Eyvazlı