“Bir neçə il bundan əvvəl cənab Prezident kino sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni şəhərdə hündürmərtəbəli binada 3 otaqlı mənzillə təmin etdi. Həmin evi təmir etdirmək üçün imkanım yox idi. Maraqlandım və soruşdum ki, dövlətin mənə hədiyyə etdiyi bu evi sata bilərəm? Mənə bildirdilər ki, bu evi satmağa sənə qanun icazə verir. Ona görə də şəhərdəki evi satıb, onun puluna Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivindən bağ evi aldım. Bir növ Prezidentin mənə verdiyi evlə bu evi dəyişdirdim. Artıq iki ildir ki, bu evdə yaşayırıq, yollarımız bərbad gündədir, evin sənədi yoxdur, hamımız ”havada" qalmışıq". Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış sənətkar Ənvər Həsənov deyib. O, daha sonra əlavə edib: “O vaxt evi alanda notariusda bizə söz verdilər ki, gəlib evi qeydiyyata salacaqlar. Amma nə gələn var, nə də gedən. Qonşularım da bu problemlərdən əziyyət çəkirlər. Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər, deyirlər ki, gəlib problemi həll edəcəyik. İnanın Allaha, yağış yağanda bu yollarla hərəkət etmək mümkünsüzdür, avtomobillərimiz sıradan çıxır. Cənab Prezident 2019-cu ildə tapşırıq verib ki, bütün sənədsiz evlər sənədləşdirilsin, əhaliyə köməklik edilsin! Budur bizə köməkləri?! Maraqlanmışıq, evin sənədi üçün 10 mindən 16 minə yaxın pul istəyirlər. Əgər cənab Prezidentin belə göstərişi varsa, niyə insanlar pul ödəməlidir? Dövlətimiz insanlar üçün hər şey edir, problemlərinin həllinə çalışır, amma sırf bunun üçün ayrılan məmurlar niyə öz işlərini layiqincə yerinə yetirmirlər? Mən bu işlə birbaşa əlaqəsi olan səlahiyyətli qurumların rəhbərlərini yaşadığımız küçəyə dəvət edirəm. Gəlib problemlərimizlə yerində maraqlansınlar, bu, onların vəzifə borcudur. Əgər sadaladığım problemlər həlli yolunu tapmasa, məcbur olub cənab Prezidentə müraciət edəcəyəm”, - deyə sənətkar bildirib.
Bəs xalq artistinin bu müraciətindən sonra aidiyyəti qurumlardan məsələyə reaksiya verildimi? Aktyor rüşvət istənilməsi ilə bağlı hansı addımlar atmağı düşünür? Dia.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat” xalq artisti Ənvər Həsənovun mövqeyini öyrənməyə çalışıb. Tanınmış sənətkar mətbuata verdiyi açıqlamasına heç bir reaksiya verilmədiyini dedi: “Hökumətdən heç bir cavab, reaksiya yoxdur. Həmin mətbuatda gedən narazılığımı da dostlarım mənim adımdan dərc ediblər. Sənətimə verdikləri dəyərə görə onlara çox minnətdaram. Prezidentimizə və Mehriban xanıma çox təşəkkür edirəm ki, mənə ev verildi. Lakin ev yuxarı mərtəbədə yerləşdiyindən elə ilk gün başım gicəlləndi, yıxıldım, çünki yüksək təzyiqim var. Mənə dedilər ki, ”bu evi Prezident sənə verib, amma istəsən onu dəyişdirə, sata bilərsən". Beləliklə, məni apardılar “maklerlər”in yanına və onların köməkliyi ilə Şüvəlanda ev tapdım. Doğrudur, evin otaqları yaxşıdır, səliqəlidir. Amma artıq 2 il 7 aydır ki, nə mən, nə də qonşularım evimizi sənədləşdirə bilmirik".
Xalq artisti rüşvət açıqlamasına bu cür aydınlıq gətirdi:
“Qonşularım dedilər ki, evi özəlləşdirmək üçün pul vermək lazımdır. Amma şəxsən məndən rüşvət istəməyiblər. Axı mənim hörmətim, izzətim var, kim məndən rüşvət istəyər? Bir də ki, təkcə problem evin sənədləşdirilməsi ilə bağlı deyil ki... Küçələrə asfalt çəkilməyib, yollar bərbad vəziyyətdədir, zibil qutuları yoxdur. Təsəvvür edin, 2-3 gündən bir zibilləri maşına yığıb, 1-2 kilometr yol gedib, zibil qutularına atıb, yenidən qayıdıram. Axı insanların çoxunun maşını yoxdur, onlar bəs nə etsin?”
Xalq artisti maddi vəziyyətinin çox ağır olduğunu da dilə gətirdi: “Kommunal xərclər məni elə bir günə qoyub, Allah göstərməsin. Heç nəyi çatdıra bilmirəm... İllər öncə sənədlərimi hazırlamışdım ki, mənə Prezident təqaüdü verilsin. Şeyx Əbdül dedi ki, gəl gedək bu barədə müraciət edək. Dedim ki, hələ getmək istəmirəm, qoy müharibə bitsin, hər şey qaydasına düşsün, bir ildən sonra müraciət edərəm. Daha sonra mənim adımdan məktub da yazdılar, xahiş də etdilər, amma bir cavab yoxdur. Amma Şeyx Əbdülə afərin, o, vaxtında müraciət etdi və aldı da”.
50-yə yaxın filmdə aktyor və rejissor kimi xalqın sevgisini qazanmış Ənvər Həsənov “Yaradıcılıqdan tamamilə uzaqlaşmısız” sualımıza isə bu cür cavab verdi:
“Uzaqlaşmamışam. Amma mənim bütün tərəf müqabillərim artıq dünyasını dəyişib, yanımda deyillər. Tez-tez filmlərim göstərilir, haqqımda verilişlər gedir... Sözün doğrusu, mən Azərbaycan telekanallarına yalnız axşamlar, xəbərlər üçün baxıram. Məni düzgün başa düşün, indi kimisi saqqallı çıxıb kimisə yamsılayır, kimisi arvad paltarı geyinir və sairə. Mən bunları götürə bilmirəm, çünki o tərbiyədə deyiləm, sənətə gələndə məni belə öyrətməyiblər. Doğrudur, artıq mənə sifarişlər gəlir, rejissor kimi müraciət ediblər. Bildirmişəm ki, əvvəlcə mənə ssenarini təqdim etsinlər, baxım görüm tutduğum mövqeyə, yaşadığım dövrə uyğun gələrsə, onda çalışaram işləyim. Yoxsa ki, mümkün deyil...”