hemle

Kəndlinin əlindən dartıb aldıqlarının üstünə "dədəsinin" də qiymətini qoyurlar - "Daha bunun harası yarmarka oldu?!"

Tarix:18-03-2022, 08:59
Baxış Sayı:186

Paytaxtda və bölgələrdə bayramqabağı yarmarka ənənəsinə yenə “sadiq” qalındı. Sadiq sözünü ona görə dırnaq arasına aldıq ki, bu ifadənin bütün mənalarda, hərtərəfli təsdiqini tapdığı aydın olsun; təkcə, yarmarka ənənəsi davam etmir, yarmarkalarda qiymətlərin bazar və market qiymətlərindən fərqlənmədiyi, yarmarkalarda yenə də kəndlinin əlindən dartıb aldıqları məhsulun üzərinə “dədəsinin” qiymətini qoyan alverçilərin meydan sulaması ənənəsi də pozulmayıb. Pozulana da oxşamır. Ənənələrə sadiqlik belə olur. Yarmarkaların alverçilərin, monopolistlərin məkanı olması gerçəyi illərdir dəyişmir. Yeni il, Novruz, Ramazan bayramları öncəsi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur, lakin əhali həmişə narazı qalır. Səbəb, əlbəttə ki, qiymətlərin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatmaz olmasıdır.

Problem AzTV-nin "Çıxışa doğru" verilişində ekspertlərlə müzakirəyə çıxarılıb. Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı qeyd edib ki, yarmarkaları alverçilər zəbt edib, kəndlilər və kiçik fermerlər ora buraxılmır. Ekspertin fikirlərinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəşad Kərimov etiraz edib. Bildirib ki, bu, ola bilməz, “biz kim müraciət eləsə onun üçün hər cür şərait yaradırıq, özü də pulsuz”. Verilişin gedişində studiyaya 4 nəfər zəng edərək bildiriblər ki, bəli, yarmarkalara adi kəndlilər buraxılmır, əksəriyyəti alverçilərdir. E.Bayramlı da yarmarkaya buraxılmayan 10-la belə şəxs tanıdığını deyib. Sosioloq daha sonra sosial şəbəkə üzərindən paylaşım edərək yarmarkaya getmək istəyən kəndlilərə müraciət edib:

“Dostlardan xahiş edirəm ki, kimin kəndlərdə belə dostu, tanışı, qohumu varsa, xəbər eləsin, mən təminat verirəm, yarmarkaya tam pulsuz buraxılmağına, üstəlik lazımi avadanlıqlar və ləvazimatlarla pulsuz təmin olunmasına”. E.Bayramlı konkret misal çəkərək qeyd edib ki, kələm yarmarkada 1 manat 20 qəpikdir, amma yerində kəndlidən 30 qəpiyə alınır. Kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər. Lakin alverçilər buna imkan vermir. Sosial şəbəkədə məsələyə münasibət bildirənlər “Bal yarmarkası” barədə də eyni narazılıqlar olduğunu deyiblər: “Bakıda bal yarmarkasında gündəlik iştirak üçün səhv etmirəmsə, 160 manat tələb edirdilər. Yarmarkada da satılan balların yarıdan çoxu saxta ballar olub. Orada iştirak edənlər imkan vermir ki, fermerlər gətirib təmiz bal satsın. Bazarda bu gün balın qiyməti 20-30 manat arasında dəyişir. Amma bəzi alverçilərin ucbatından tək-tük adamlar satışa əsl bal çıxara bilir. Bal yarmarkasında bir adamın iştirakı üçün o qədər xərclər tələb olunur ki, heç kim bununla razılaşmır. Yarmarka təşkil edənlər də saxta balların satışında maraqlıdır. Ona görə ki alverçi, yəni saxta bal satan iştirak etmək üçün tələb olunan pulu verir. Amma əsl bal satan adam rüşvət verib o sırada dayanmır. Yarmarkalarda da vəziyyət belədir. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar və bəzi qurumlar qazanır”. Dia.az-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov "Şərq"ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

- Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz. Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Bilirsiz, çalışırlar, görüntü yaratsınlar ki, bayram ərəfəsində yarmarkalar təşkil olunur. Eşidiblər ki, yarmarka olmalıdır, təşkil edirlər. Amma yarmarkanın mahiyyətini bilmirlər. Yarmarkanın əsl mahiyyəti kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma yarmarka mahiyyəti qalır kənarda. Bazardan bir fərqi olmur. Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz deyil, əhali də narazıdır. Çünki ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur. Ucuz məhsullar ola bilər, amma onlar da keyfiyyətsizdir. Keyfiyyətsiz məhsulu vətəndaş niyə almalıdır? Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinin kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir. Yarmarkada bazardakı alverçilər məhsul satacaqsa, daha bunun harası yarmarka oldu?!

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı