Mehriban Vəzir Azərbaycan xalqının taleyinə yandı!!!
Taleyimizi siyasət yazır... desəm, yanılmaram...
Gerçəkdən... dövrün işğal siyasəti millətimizin acı taleyini yazdı... hər birimiz bu milli faciədən nəsibimizi aldıq... Rusun ac qarnı, doymaz gözü, yırtıcı ayaqları, əxlaqsız şüuru dünyamızı alt-üst etdi, nəsilbənəsil ömrümüzü-günümüzü yedi...
Həm ömrü-günü, həm nəcib nəsli-sülaləsi, həm bu dünyası, həm o dünyası tar-mar olanlarımızdan biri də Xanqızı - Xurşudbanu bəyimdi...
Diriliyində taleyi ilə oynadılar, gün-güzəran vermədilər... ölülüyünü də rahat buraxmadılar... məzarını yerlə yeksan edib sümüklərini daşıdılar...
Bizə bu amansız qisməti rus işğal siyasəti yazdı...
Xurşudbanu Natəvan dünyaya sonuncu Xanqızı kimi gəlmiş ən baxtsız qadınlarımızdan biridir. Atası Mehdiqulu xanın ölümündən, Qarabağ xanlığının ləğvindən sonra... işğalçı rus Şuşanın bütün ixtiyarını ermənilərə vermişdi. Qalada ağalıq edən dünənki nökər erməni Madatov artıq general olmuşdu. Xanqızının, xanədanın taleyini cızırdı...
Xurşudbanu bəyimin izdivacını tam nəzarətə götürmüşdü. Çardan gələn göstərişə görə Xanqızı xanədandan olan, varislik haqqı olan kimsəyə ərə gedə bilməzdi. Yaxın qohumlarına-Cavanşirlərə ərə gedə bilməzdi. Qonşu xanların varislərinə ərə gedə bilməzdi.
Belə izdivaclardan doğulanların, əsli, nəcabəti, tayfası olanların yeni iddiaları doğula bilərdi...
İşğalçı bizi bu yerə kimi düşünürdü... və düşünür...
Bu səbəbdən Xanqızının Dərbənd türkü - kumık Xasay xanla evlənməsi "məsləhət görüldü". Evləndilər. Dünyaya iki övladları gəldi... Xasay xan Şuşa Qalasına sığmadı. Xurşudbanu Qalanı tərk etmədi... boşandılar... zabit Xasay xanın Şeyx Şamillə əlaqədə olduğu haqda bir erməni çuğulluq etdi, adamın üzünə dirəndi. Sözsüz ki rus fitvası idi... indiyə kimi bütün kirli işlərinə ermənini alət etmədimi? Erməni də hər cür alçaqlıq üçün yaradılmadımı?
Xasay xan Usmiyevi həbs edib sürgünə yolladılar. Adamı sürgündə öldürüb adını intihar qoydular... yalan, böhtan, hiylə, məkr, arxadan vurmaq, gecə qətlləri... rusun köhnə peşəsi deyilmi?
Xurşudbanu bəyimin sərvətini talan etdilər... Madatov Qarabağ atlarını - ünlü xan ilxılarını satmağa məcbur etdi... Rusiyaya daşıdı...
Xanqızının qara yazısı uzun söhbətdi... hər cür zülüm yaşadı... övlad itkisindən tutmuş övlad xəyanətinə kimi...
Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyaya mən...
...deyən incə ruhlu şair Natəvanı doğulduğuna peşman etdi rusun Qafqaz siyasəti...
Bu da axirət müsibəti...
...rus əxlaqının təzahürü olan erməni Xanqızının məzarından sümüklərini daşıyıb...
Qəbr evində belə rahatlıq vermədilər...
Öldü də... yenə qurtulmadı qarı düşmən cəngindən...
Ağla... ürəyim, ağla...
Mehriban Vəzir
Xudaferin.eu