Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, Dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
DİN-in və onun təşkilati strukturu olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və xidmətlərini cənab Prezidentin hər zaman yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan xidməti vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət Ali Baş Komandanın yüksək diqqət və qayğısına sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilmiş ərazilərdə nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.