Qazaxıstan administrasiyasının ölkənin qərbində başlayan və bütün ölkəyə yayılaraq nəzarətdən çıxan nümayişləri yatırmaq üçün xarici qüvvələri - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəyə çağırması xüsusilə Türk dövlətlərində ciddi müzakirələrə səbəb olub. Hesab edilir ki, Türk Şurasına - Türk Dövlətləri Təşkilatına üzv ölkələr Qazaxıstanda yaşananlardan nəticə çıxarıb, dərhal ortaq hərbi qüvvələrin yaradılması üçün hərəkətə keçməlidir.
Təqaüddə olan Türkiyə generalı Yücel Karauz bildirir ki, təşkilata üzv ölkələr bununla bağlı dərhal addımlar atmalıdır: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri təcili toplaşmalıdır. Önümüzdəki aylarda keçiriləcək ilk iclasda ortaq hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tənzimləmələr aparılmalı və addımlar atılmalıdır”.
Türk dünyası üçün ortaq hərbi qüvvələrin siyasi və iqtisadi məsələlər qədər əhəmiyyətli olduğunu deyən Karauz “Qlobal proseslər belə bir qüvvənin yaradılmasını zəruri edir. Geciksək, bundan çox böyük zərər görə bilərik. Qazaxıstanda baş verənlər və bəlkə də daha pis şeylər digər qardaş coğrafiyalarda da baş verə bilər”, - deyə bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) - 3 oktyabrda Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 14 sentyabr 2019-cu ildə Türk Şurasına üzv olub. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını alıb. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir. 12 noyabr 2021 tarixində Türk Şurası adını və statusunu dəyişərək, Türk Dövlətləri Təşkilatı oldu. Lakin şura statusundan təşkilat statusuna keçid olsa da, bu bir hərbi blok deyil. Qloballaşmaqla yanaşı həm də müasir dünyada əsas məsələlərdən biri dövlət təhlükəsizliyidir. Belə bir əməkdaşlıq formatı varsa, niyə də Türkdilli Dövlətlərin öz hərbi bloku olmasın?
hemlemedia.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev nikbin danışdı: “Qazaxıstanda hadisələr baş verəndən sonra belə bir sual ortaya çıxdı ki, nəyə görə Türk Şurası, Türk Dövlətləri Təşkilatı öz hərbi birliyini, NATO-sunu yaratmır. Bununla bağlı bizim ölkəmizdə də istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində belə gəlişmələr çox oldu. İttihamlar da səsləndi ki, Türkiyə nəyə görə dərhal Qazaxıstana müdaxilə etmədi, Türk Dövlətləri Təşkilatı niyə susqun mövqe sərgilədi, niyə hərbi birliklərini göndərmədi? Amma hər şeydən əvvəl ilk növbədə, reallıqlara baxmaq lazımdır. Reallıqda Türkiyənin o imkanları var idimi? Yaxud Türk Dövlətləri Təşkilatının dərhal Qazaxıstana hərbi birliklər göndərmək hüquqları var idimi? İndiyə qədər hansı belə təcrübə olub? Ona görə də düşünürəm ki, bu məsələləri dərin təhlil edib, qiymət vermək lazımdır. Qazaxıstanda baş verən hadisələrin özü dərin təhlil olunmalıdır. Sual ortaya çıxır ki, necə oldu Rusiya qoşunları ora girə bildi, amma Türkiyə qoşunları yox? Unutmaq olmaz ki, Qazaxıstan KTMT üzvüdür. Rusiya belə dövlətdir, ya hadisəni özü törədir, ora öz qoşunlarını yeridir, ya da baş verən hadisələrdən dərhal istifadə edir. Uzun müddətdir ki, Rusiya bu bölgədədir və bölgədə də baş verən hadisələrdən bəhrələnməyi bacarır. İndiki halda reallıq bundan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı yeni formalaşır. Nəzərdə tutulub ki, müəyyən dövrdən sonra bu təşkilatın hərbi qanadı da qurulsun. Bu istiqamətdə də işlər gedir. İlk olaraq, Azərbaycanla Türkiyə arasında strateji ortaqlıq müqaviləsi imzalandı, hərbi müttəfiqlik mövcuddur. Birgə hərbi təlimlər həyata keçirilir. Nəhayət, Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanla Türkiyə arasında olan münasibətlərlə nəzərdə tutulub ki, gələcəkdə bu münasibətlər türk dövlətləri arasındakı əlaqələrə sirayət etsin. Reallıq odur ki, yeni dünya düzəni qurulur. Bu düzənin qurulması üçün də Şərqlə Qərb arasında bir mübarizə gedir. Burada da görünən odur ki, daha qaba, cəld tərpənən, öz qoşunlarını yeritmək üçün fürsət gözləyən bir Rusiya var. Qazaxıstanda məhz Kreml bu fürsətdən istifadə etdi. Heç kəs düşünməsin ki, rus qoşunları Qazaxıstandan çıxmayacaq, mütləq çıxacaq. Orta Asiya respublikaları yaxşı bilir ki, onların gələcək təminatları, inkişafları Türk Dövlətləri Təşkilatının tərkibində olmalarından keçir. İndiyə qədər baş verənlər bunu sübut edib. Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bundan əlavə, Türkiyə prezidenti Qazaxıstan prezidentinə telefon açıb. Yəni proseslər gedir, sadəcə, hər şeyin zamana ehtiyacı var”.
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli zaman itirmədən bu təklifin gerçəkləşdirilməsinin vacib məqamlarına toxundu: “Hər bir birliyin daha ciddi anlama gəlməsi, daha real güc olması üçün onun hərbi müttəfiqliyi olmalıdır. Baxın, Avropa Birliyi siyasi, iqtisadi bir birlikdir, amma onun hərbi bir ittifaqlığı yoxdur. Ona görə də Almaniya və Fransa çalışır ki, bir Avropa ordusu qurulsun. Bununla NATO-ya bir alternativ yaratmaq istəyirlər. Təbii ki, ABŞ da bunun əleyhinədir. Qazaxıstandakı son olaylar onu göstərdi ki, KTMT Türk Dövlətləri Təşkilatından daha real gücə və təsir imkanlarına sahibdir. Düzdür, Türk Dövlətləri Birliyi təzə qurulub. Sizin mövzuda irəli sürülən təklif çox gözəl bir təklifdir. Gələcəkdə Azərbaycan və Türkiyə arasında hökmən hərbi-siyasi ittifaq qurulmalıdır. Qazaxıstandakı son olaylar onu göstərdi ki, siyasi-hərbi ittifaq rəsmi şəkildə elan olunmalıdır. Bu çox vacib və zəruri bir amildir. Burada Azərbaycan-Türkiyə hərbi və siyasi ittifaqı bir başlanğıc ola bilər. Sonradan digər türk dövlətlərinə də yayıla bilər. Nəticədə də tam bütün istəklərimizə cavab verən bir türk birliyi sonunda görə bilərik. Burada da tələsmək lazımdır. Çünki, əks halda Türk Dövlətləri Birliyi real bir qüvvə kimi deyil, kağız üzərində qalacaq”.
QAT sədri Akif Nağı Türk Birliyinə hansısa bir adı qoyub düşmənləri qıcıqlandırmağın əleyhinədir: “Maraqlı və aktual məsələdir. Bu günə qədər dünyada iki güc mərkəzi-SSRİ (onu əvəz edən Rusiya) və ABŞ mövcud olub. İstənilən ölkənin taleyini bunlar həll edib. İstədikləri vaxt istənilən ad altında bu və ya digər ölkəyə müdaxilə edib, öz aləmlərində ”qayda-qanunu" bərpa ediblər. Qazaxıstana müdaxilə də bu qəbildən oldu. Belə bir şəraitdə yeni güc mərkəzlərinin yaranmasına, güc mərkəzinə daxil olan ölkələrin öz problemlərini özlərinin həll etməsinə, daha dəqiqi, ədalətli həll etməsinə ehtiyac yaranıb. Məncə, Türk Dövlətləri Təşkilatı da belə bir ehtiyacdan yaranıb. Bəziləri Qazaxıstan hadisələrindən sonra bu birliyə bir qədər şübhə ilə yanaşmağa başladılar. Tamamilə yanlış mövqedir. Bu birlik yeni və həyata qabil qüvvə kimi ortaya çıxdı. Bunu Rusiya da gördü və tələsik Qazaxıstana girməyə məcbur oldu. Kreml və şəxsən Putin çox tezliklə bunun bədəlini ödəyəcək. Türk Dövlətləri Təşkilatı yaxın vaxtlarda ciddi hərbi gücə çevriləcək. Əminəm ki, bu birlik məhz bu məqsədlə yaranmışdı. Türk Şurasının xarici işlər nazirlərinin toplantısı da buna işarədir. Bu birliyin adını hərbi blok qoyub əlavə qıcıq yaratmağa ehtiyac yoxdur. Onsuz da az sonra Türk Dövlətləri Təşkilatı iqtisadi, siyasi məsələlərin əlaqələndirilməsi ilə yanaşı, həm də hərbi blok kimi fəaliyyət göstərəcəkdir. Əsas olan hansısa adı qoymaq yox, hədəfə yönəlik fəaliyyətdir".