hemle

KÖMƏK EDİN, CƏNAB PREZİDENT!

Tarix:16-12-2021, 16:23
Baxış Sayı:255

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova


Möhtərəm Prezident!

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 13A ünvanda yaşayan, 1979-cu il təvəllüdlü vətəndaş Əhmədova Zülfiyyə Məhəmmədəli qızı “Pressinfo.az” saytının redaksiyasına müraciət edərək, tanışı Tağıyev Ruslan Tağı oğlu tərəfindən aldanıldığını, iş qurmaq adı ilə külli miqdarda Üümumilikdə 120-150 min manat civarında) pulunun ələ keçirildiyini və həmin şəxs tərəfindən hədələrə məruz qaldığını bildirmişdir. Z.Əhmədovanın bu barədə Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə aidiyyəti üzrə göndərildiyi Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsində baxılmışdır. BŞBPİ-dən şikayətçiyə göndərilən 23.09.2021-ci il tarixli 043562722-3221 saylı cavab məktubunda bildirilir ki, müraciəti ilə bağlı toplanmış material müvafiq qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir.
Lakin vəd olunduğuna baxmayaraq, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsi görülmüş işlərin nəticəsi barədə hələ ki şikayətçiyə əlavə məlumat verməmişdir.

Z.Əhmədova tərəfimizdən redaksiyaya dəvət olunmuş, ondan müsahibə alınaraq iş üzrə əlavə təfərrüatlar öyrənilmişdir. Vət. Əhmədova ilk növbədə B.BPİ-indən ona göndərilmiş məktubda ona zərər yetirən şəxsin adının düzgün yazılmadığını, “Tağıyev Ruslan Tağı oğlu” deyil, “Hacıyev Rövşən Oqtay oğlu” kimi təqdim olunduğunu bildirmiş və bu yanlışlığın onda ümumiyyətlə təhqiqatın gedişinə şübhə oyatdığını demişdir. Təxmin edir ki, cavab məktubunun mətni formal olaraq tərtib edildiyindən, tərtibçi söhbətin kimdən getdiyinin belə fərqinə varmamışdır.

Yetkinlik yaşına çatmamış üç oğlu ilə kirayədə yaşadığını bildirən Z.Əhmədova məlumat vermişdir ki, qardaşlarının göndərdikləri maddi köməklik hesabına yaşayıb. Ruslanla sosial şəbəkə vasitəsilə tanış olub dostlaşmış, sonradan tədricən bu dostluqları sevgiyə çevrilmişdir. Ruslan ailəli olsa da, həyat yoldaşının xəstə olduğunu, yaxınlarından heç kimin onun Zülfiyyə ilə münasibətlərinin əleyhinə olmadığını demiş və Zülfiyyəni aparıb öz ata-anası ilə tanış etmişdir. Ruslan hətta onun şəxsində özünə həyatda arxa-dayaq tapdığını düşünən Zülfiyyəyə onunla şəriət qaydasında kəbin kəsdirdiyini desə də, sonradan bu, yalan çıxmışdır. Bir müddət vətəndaş nikahı ilə yaşadıqları dövrdə Ruslan ayrı-ayrı vaxtlarda müxtəlif adlarla (fərdi ev tikmək məqsədilə torpaq sahəsi almaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə biznes qurmaq və s.) bəlli məbləğlərdə pul almış, lakin həmin pulları təyinatı üzrə xərcləmək əvəzinə özünə bahalı maşın və s. almışdır. Ruslana pul vermək üçün torpaq satan, qızıl zinət əşyalarını girov qoyub itirən Zülfiyyəyə sonradan məlum olmuşdur ki, Ruslan qızları, qadınları aldadıb alçaltmağı, pul və əmlaklarını mənimsəməyi özünə həyat tərzi seçmişdir. Zülfiyyə hər şeyi başa düşüb ondan verdiyi pulları geri istəyəndə Ruslanın da əsl siması açılmış və o, Zülfiyyəni hədələməyə başlamışdır. Kriminal aləmin mənsubları ilə dostluq etdiyini deyən Ruslan Zülfiyyəni qorxutmuşdur ki, onun Moskvada yaşayan qardaşını, Türkiyədə təhsil alan oğlunu adlarını çəkdiyi hansısa “Dato”, “Roma” ləğəbləri ilə tanınan “avtoritetlərə” öldürtdürəcək. Zülfiyyə məcbur olub oğlunun təhsilini yarımçıq qoydurub Türkiyədən Bakıya gətirtdirmişdir.
Zülfiyyənin əlində Ruslanın onu hədələyərək başını kəsib “qoltuğuna verəcəyinə” and içməsini, ondan istifadə edərək aldatdığını etiraf etməsini təsdiqləyən telefon danışıqlarının səs yazıları, habelə Ruslanın valideynlərinin oğullarının borcunun bir qismini ödəyəcəklərini vəd etdiklərinin sübutu kimi xidmət edən audio-qeydlər vardır. Sonradan onların da yalan vəd etdikləri ortaya çıxmışdır. Belə ki, Ruslanın anası Ruslanın əslində özü üçün (faktiki özünə məxsus olan digər evin yanında) inşa etməyə başladığı evi guya Zülfiyyə üçün tikməkdə olduğunu demiş, ev tikilib qurtarınca səbr etməsini, tikilib qurtarandan sonra yiyə durmasını (“ya yaşayarsan, ya da satarsan”) deyərək vaxt udmağa çalışmışdır. Atası kərbəlayi Tağı isə Zülfiyyəni onun oğlunu şantaj etməkdə ittiham etmiş və demişdir: “Sən bilirsən ki, mən vaxtilə Xaləddin İsgəndərovla (Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı) və Prezident Aparatından kimlərlə kəllə-kəlləyə gəlmişəm, mən vermək istəməsəm, heç kəs məndən heç nə ala bilməz!” – demişdir.

Z.Əhmədova hazırki maddi durumunun ağır olduğunu, onlara kömək edən qardaşlarından birinin vəfat etdiyini, yeniyetmə oğullarının dərsi buraxaraq qeyri-leqal işləmək məcburiyyətində qaldıqlarını bildirir və hüquq-mühafizə orqanlarından onu və uşaqlarını Ruslanın real təhlükə vəd edən hədəsindən qorumağı, pullarının alınaraq ona qaytarılmasında köməklik göstərilməsini, ən nəhayət, Ruslanın məsuliyyətə cəlb olunmasını xahiş edir.
Əməllərində cinayət tərkibinin olmasını təsdiqləyən yetərincə dəlil-sübut olduğu üçün Ruslan Tağıyev AR Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməlidir (Aldatma yolu ilə başqasının külli miqdarda pulunu, əmlakını mənimsəmə, real təhlükə vəd edən hədə-qorxu gəlmə və s.). Ancaq R.Tağıyevin ən böyük cinayəti onun günahıdır – Azərbaycan qadınlarının, qız-gəlinlərinin, gələcək əsgərlərin analarının hissləri, heysiyyatı ilə oynamağı, onlardan öz cılız məqsədlərinə nail olmaq üçün bir oyuncaq kimi istifadə etməsidir. Bu gün dövlət öz qanunlarına uyğun surətdə Zülfiyyənin haqqını-hüququnu qoruya bilməzsə, sabah onun üç oğlunun əlinə silah verib necə Ana dediyimiz Vətəni qorumağa göndərəcək? – cavab verilməsi gərəkən ən böyük sual bax budur! Axı Ruslan kimilər cilovlanmasa, hamının anası, bacısı, qızı, gəlini onun kimilərin qurbanına çevrilə bilər. Öyrənmişik (kişilərimiz öyrəniblər) ki, elə arzuolunmaz hal baş verəndə qadını günahlandıraq, “papağımızı yerə soxduğuna görə” qisası da məhz qadından alaq. Hətta Zülfiyyə kimiləri də qınayaq ki, “bəs öz bəlasıdır, çəksin”. Hətta onu yüngülməcaz hesab edənlər də tapılar aramızda. Daha deyən olmayacaq ki, Zülfiyyə əgər yüngüləxlaq qadın idisə, niyə Ruslanın ata-anası onunla ailəvi dostluq edirdilər, pulu var idi ona görəmi?

Möhtərəm cənab Prezident!

İnanırıq ki, düşməni işğal etdiyi torpaqlarımızdan “iti qovan kimi” qovan qalib igidlərin yaşadığı bu ölkədə Ruslanla, onun atası ilə kəllə-kəlləyə gələcək kişilər tapılacaq. Odur ki, xahiş edirik, KİV-in səlahiyyətləri xaricində olan bu məsələnin obyektiv araşdırılması və lazımi ölçü götürülməsini nəzarətə götürəsiniz. Tərəfimizdən yazdıqlarımızın sübutu kimi xidmət edəcək faktları hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim etməyə hazırıq.

Hörmətlə,
Baş redaktor: Nüşabə Əhmədova

Digər xəbərlər
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi
09:24 Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
09:20 Namizədlərin irəli sürülməsi prosesi başlayır
09:18 Rusiya qüvvələri bu istiqamətdə müdafiə xəttini yardı - Hədəf Xarkovdur
09:09 Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama