hemle

Bakıda təhlükəsizlik kamerası qarşısında qətl – VİDEO

Tarix:24-11-2021, 22:23
Baxış Sayı:318

2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında cinayət hadisəsi baş verib. Hadisə yerində üzərində xəsarətlərlə 50-55 yaşlarında kişi meyiti və yanında bir ədəd bıçaq aşkar edilib. Ayın 25-də Murad Tağıyev (1997-ci il təv.) şübhəli şəxs qismində saxlanılıb, tibbi müayinə göstərib ki, o hadisə vaxtı sərxoş olmayıb.

Baku TV xəbər verir ki, məhkəmə-tibbi ekspertizasının (MTE) rəyinə görə, Hamlet Novruzovun ölümünə - ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar kəskin qanitirmə səbəb olub. Qanında məhkəmə-kimya tədqiqatı nəticəsində 1% etil spirtli aşkar edilib.

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsinə görə, Murad Tağıyev məhkum olunmayıb.

Hamlet Novruzov Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2007-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 6 ay, Sumqayıt şəhər Məhkəməsinin 2007-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə 2 il 6 ay, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

İstintaqla müəyyən edilib ki, oktyabrın 24-ü saat 23 radələrində Murad Tağıyev yaşadığı evə gedərkən N.Tusi küçəsi, 28 ünvanında yerləşən kafenin qarşısında, əvvəllər tanımadığı Qəribağa Feyziyev ilə Sərfinaz Çərkəzzadənin qucaqlaşaraq öpüşdüklərini görüb. Sərxoş şəxslərə yaxınlaşıb, ictimai yerdə öpüşmələrinə iradını bildirdikdə aralarında sözlü mübahisə başlayıb. Sonuncularla birlikdə spirtli içki qəbul edən və əlində mətbəx bıçağı olan Hamlet Novruzov yaxınlıqda dayanan Bahadır Eyvazov və Murad Məmmədliyə qışqıraraq onların üzərlərinə gedib. Murad əl çantasından xüsusi təyinatlı ov bıçağını götürüb Hamletin arxasınca qaçaraq yolun kənarında onun döş qəfəsinə bir zərbə endirib. Bu hərəkəti ilə o, Hamlet Novruzovu qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən Murad Tağıyev bildirib ki, oktyabrın 11-də idarə etdiyi “BMW” markalı avtomobillə yol nəqliyyat hadisəsi törədib. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün polis əməkdaşları onu və toqquşduğu nəqliyyat vasitəsini sahibini Xətai rayon Yol Polis Şöbəsinə dəvət ediblər. Onun maşını da şöbəsinin həyətinə aparılıb. Ayın 24-ü saat 14 radələrində ora gedərək avtomobilində olan ətirləri, ayaqqabı təmizləyəni, güzgüdən asılmış təsbehi, suvenir kimi aldığı bıçağı çantasına yığıb.

Əşyalarını götürdükdən sonra “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən kompüter akademiyasına yollanıb. Saat 22 radələrində dərsdən çıxaraq taksi ilə yaşadığı evə gedib. N.Tusi küçəsi, 28 ünvanında yerləşən aptek və mağazaların qarşısına çatdıqda taksidən düşüb. Orada siqaret çəkərkən, təhlükəsizlik kamerasının altında tanımadığı kişi ilə qadının qucaqlaşıb, öpüşdüyünü görüb. Ərazidən çoxlu sayda adam keçdiyindən onlara yaxınlaşıb, iradını bildirdikdə həmin kişi onunla razılaşıb. Lakin qadın qışqıraraq ona işi ilə məşğul olmasını və hansı ixtiyarla onların işinə qarışdığını deyib. Kişi ilə qadının sərxoş olduqlarını başa düşdükdən sonra oradan uzaqlaşmaq istəyib.

Qadının qışqırıq səsi ərazidə olan insanların diqqətini cəlb edib. Yaşlı bir kişinin, əlində uzun bıçaqla onun olduğu yerə qışqıra-qışqıra qaçmasını görüb. Həmin şəxs Hamlet Novruzov idi. O, sanki bir anın içində peydə olub və bıçaqla ətrafdakı adamlara hücum etməyə başlayıb. Sonradan bilib ki, Hamlet bu söz-söhbəti eşidib və tanışlarına irad bildirən şəxsləri cəzalandırmaq istəyib. Əlində bıçaqla ərazidə olan, onun uşaqlıqdan tanıdığı Bahadur və Muradın arxasınca qaçıb və sonunculara zərbələr endirməyə çalışıb. Bunu görüb, çantasından bıçaq götürüb və hərəkətlərinin qarşısını almaq üçün Hamletə tərəf qaçıb. Onun fikrincə, Novruzov tanışlarına çata bilsəydi, mütləq onları öldürərdi.

Üzbəüz dayananda onu vuracağını düşünüb cəld əlindəki bıçaqla Hamletə zərbə endirib. Oradan uzaqlaşanda ona xəsarət yetirdiyini bilməyib, çünki Novruzov yerə yıxılmayıb, sərbəst yeriyərək yolu keçib. Bundan sonra yaxınlığındakı uşaq bağçasının yanına gedərək bıçağı damın üstünə atıb. Arxalarınca gələn hadisə şahidləri ona bildiriblər ki, vurduğu zərbə Hamletin ürəyinə dəyib. O, polisdə işləyən tanışına zəng edərək təslim olmaq istədiyini bildib. Həmin şəxs gəlib onu polis idarəsinə aparıb.

Murad Tağıyev əlavə edib ki, Hamlet Novruzovu öldürmək niyyəti olmayıb. Yalnız qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə ona bir zərbə vurub. Əgər kəsici alətin dəydiyini həmin an bilsəydi, ona kömək edərdi.

Zərərçəkmiş şəxsin hüquqi varisi Söhbət Novruzov ifadəsində göstərib ki, mərhum onun doğma qardaşı olub. 90-cı illərdə Hamlet Novruzov Sabunçu rayonunda həbs edilib, bundan sonra həyat yoldaşı ondan rəsmi qaydada boşanıb və öz övladlarına da baxmaqdan imtina edib. Həmin vaxtdan uşaqlarını onun atası Nurəddin himayəsinə götürərərək saxlayıb. Hamlet ümumilikdə 15 ilə yaxın müddət ərzində məhkumluq həyatı yaşayıb. Hamlet birinci dəfə oğurluğa, ikinci dəfə narkotik maddələrin qanunsuz dövriyyəsinə, axırıncı dəfə də adam bıçaqladığına görə məhkum olunub.

Azadlığa çıxdıqdan sonra 4 ay Gədəbəy rayonunda, atasının evində yaşayıb. Valideynləri ilə yola getmədiyinə görə Bakıya gələrək onun evində qalıb. Fərdi qaydada ev təmiri ilə məşğul olub. 2019-cu ilin avqust ayında onun evindən çıxıb, gedib və Sabunçu rayonunda Elmira adlı qadınla yaşamağa başlayıb. Baş vermiş cinayət barədə dəqiq məlumatı yoxdur. Bilir ki, küçədə yaranan mübahisə zamanı Hamleti Murad adlı şəxs bıçaqlayıb və buna görə o dünyasını dəyişib.

Şahid qismində dindirilmiş Bahadur Eyvazov bildirib ki, oktyabrın 24-ü saat 23 radələrində o, 62 №li avtobusun axırıncı dayanacağının yaxınlığında “Milliön” aparatına pul yükləyıb. Həmin vaxt dostu Murad Məmmədli ona zəng edərək çayxanaya getməyi təklif edib. Avtomobil yolunun əks tərəfində sərxoş vəziyyətdə olan qadının kiminləsə mübahisə edərək yüksək səslə qışqırdığını görüblər. Buna görə ikisidə həmin tərəfə gedərək görüblər ki, qadınla mübahisə edən tanışları Murad Tağıyevdir.

Sonradan Hamlet Novruzov əlində uzun bıçaqla sürətlə, qışqıra-qışqıra onun və dostunun üzərinə gəlməyə başlayıb. Sonradan öyrənib ki, Hamlet Murad Tağıyevin həmin qadınla mübahisə etdiyini eşidib və onu vurmağa gəlib. Başqa səbəb olmayıb. Hamlet sərxoş olduğundan əvvəl onların üstünü gəlib. Öncə o, ardınca isə Murad Məmmədli qaçaraq yolun qarşı tərəfindəki dükanların arxasına keçiblər. Hamlet ona və dostuna çata bilmədikdə, Murad Tağıyevi axtarıb. Sonradan eşidiblər ki, Novruzov Tağıyevi bıçaqla vurmaq istədikdə, sonuncu cəld, özünü qorumaq məqsədi ilə ona zərbə endirib.

Şahid Qəribağa Feyziyev ifadəsində göstərib ki, o, Sərfinaz Cərkəzzadə ilə 2019-cu ilin avqust ayında Bakıxanov qəsəbəsində avtobusda tanış olub. Onlar tez-tez görüşüb birlikdə vaxtlarını keçiriblər və aralarında dostluq münasibətləri yaranıb. Hamlet Novruzovu 2004-cü ildən tanıyıb. Tanışı spirtli içki istifadə edən, söyüş söyüb dava-dalaş salmağa meyilli insan olub. Hamlet Elmira adlı qadınla yaşayıb. Oktyabrın 24-də saat 19 radələrində o, Bakıxanov qəsəbəsində Sərfinazla görüşərək kafedə yemək yeyərkən araq içiblər.

Bu vaxt Hamlet onun mobil telefonuna zəng edərək harada olduğunu soruşub və N.Tusi, 28 ünvanına gəlməsini deyib. Saat 22 radələrində o, qadınla həmin əraziyə gedib. Hamlet fəaliyyət göstərən marketlərin birindən bir şüşə araq və ərzaq alıb. Onun Hamletlə söyüşlə zarafatı olduğundan bir-biri ilə zarafatlaşıblar. Tanışını əlində bıçaq olub. Lovğalanaraq əvvəllər bir neçə dəfə adam bıçaqladığını deyib. Sərfinaz Hamletin əlində bıçaq oynatmasından qorxub və ona çıxıb getməyi söyləyib. Saat 23 radələrində o və Sərfinaz evə getmək üçün oturduqları yerdən ayağa durublar. Hamlet ona qadını evə ötürməyə gəlmək istədiyini dedikdə buna etiraz etməyib.

Sərfinazla qabaqda gedib və döngədə olan “Təhlükəsiz Şəhər” kamerasının altına çatıblar. Qadın Hamletlə nalayiq zarafatlar etdiyi üçün onu danlayıb. Hava soyuq olduğundan o, Sərfinazı qucaqlayıb. Elə bu vaxt əvvəllər tanımadığı Murad Tağıyev mağazaların qarşısından yolu keçib onlara yaxınlaşıb və orada qucaqlaşmamalarını bildirib. O, Murada etiraz edərək pis iş görmədiklərini deyib. Əsəbiləşərək üst geyimini çıxarıb onunla dalaşmaq istəyib. Sərfinaz da onun kimi içkili olduğu üçün uca səslə danışıb. Qadın Murada başı ağrımadan çıxıb, getməsini deyib. Bununla da aralarındakı mübahisə başa çatıb. Həmin vaxt Hamlet söyüş söyə-söyə yolun əks tərəfinə keçib və orada dayanan şəxslərin arxasınca qaçıb.

Əvvəl nə baş verdiyini anlamayıb. Siqaret satılan mağazaların qarşısında Hamletlə Murad arasında dava baş verib, hər ikisinin əlində bıçaq olub. Bir neçə saniyədən sonra tanışı yanlarına gəlib. Köynəyini qaldıraraq oğlanın onu vurduğunu deyib və yerə yıxılıb. O, Hamletin qara rəngli gödəkçəsini başının altına qoyub. Sərfinaz “102” və “103” xidmətlərinə zəng edərək məlumat verib. Təcili yardımın həkimləri gəlib Hamletin öldüyünü bildiriblər.

Hamlet Novruzov oktyabrın 24-də CM-nin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, o, təqsirləndirilən şəxs qismində cəlb edilənədək öldüyündən barəsində cinayət işinə xitam verilib.

Qeydə alınmış videogörüntüyə baxış keçirilərkən görünüb ki, Hamlet Novruzov əlində bıçaqla Bahadur Eyvazovu və Murad Məmmədlini təqib edərək onlara xəsarət yetirmək istəyib (0:14:08-ci dəqiqə), təqib etdiyi şəxslərə çata bilmədikdə yenidən kafenin qarşısına gəlib (0:14:30-cu dəqiqə), bıçağı belinə tərəf apararaq onu gizlədib (0:14:44-cü dəqiqə), sonra Murad Tağıyev dükanların arasından çıxıb və Hamlet Novruzovla üz-üzə gəlib, Tağıyevin əlində bıçaq olsa da, Novruzovda kəsici alət olmayıb. Bundan başqa, Hamlet Muradı gördükdə aktiv hərəkət etməyib, sonuncu isə əksinə zərərçəkmişin həmin an təhlükəli olmamasına baxmayaraq, niyyətindən vaz keçməyib və ona bıçaqla xəsarət yetirib (0:14:46-0:14:56-ci dəqiqə).

Məhkəmə iclasında Murad Tağıyev bildirib ki, ittiham üzrə özünü təqsirli hesab etməyib. Cinayəti Hamlet Novruzovun qanunsuz, Qəribağa Feyziyev və Sərfinaz Çərkəzzadənin əxlaqsız hərəkətlərinin təsiri altında törətdiyini bildirərək həmin halların nəzərə alınmasını, əməlinin CM-nin 120.1-ci maddəsindən 123-cü (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona yüngül cəza təyin edilməsini xahiş edib.

Murad Tağıyevin əməlində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan məhkəmə hesab edib ki, o, həmin maddə ilə təqsirli bilinməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Tağıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 7 il müddətinə azadlıqdan məhrum olunub (oktyabr 2020 il).

Hökmdən apellyasiya şikayətləri və apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib. CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. Murad Tağıyevə təyin olunmuş cəza müddəti dəyişdirilməyib (fevral 2021 il).

Ali Məhkəmə təqsirləndirilən şəxsin kassasiya şikayətinə baxaraq Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.


Digər xəbərlər
14:56 Fırtınaqabağı sükut: Rusiya şəhərlərinə irimiqyaslı hücumlar olacaq
14:54 İlham Əliyevə orden təqdim edildi
14:52 Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
14:50 Geopolitik savaş oyunçularının Azərbaycana qarşı ÇİRKİN KAMPANİYASI
11:37 ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
11:34 Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
11:31 Xaricdə təhsil alan 125 nəfərin diplomu tanınmadı
11:25 Azərbaycanın Təhlükəsizlik Şurasının katibi: "Bölgədə sülh dövrü faktiki bərqərar olunub"