hemle

Sərhədlər 1920-ci il xəritələri ilə bölünəcək? - Azərbaycanın ərazisi arta bilər...

Tarix:27-10-2021, 08:19
Baxış Sayı:219

Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Moskvada görüşünün baş tutacağına dair məlumat yenidən gündəmə gəlib.

Bu barədə “Azadlıq” radiosunun Gürcüstan bürosu “Alik Media” portalına istinadən xəbər yayıb. Qeyd edilir ki, noyabrın 9-da Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında yeni sənəd imzalana bilər. Adınının çəkilməsini istəməyən diplomatik mənbə tərəfindən mediaya verilən məlumata görə, tərəflər iki məsələyə dair razılaşma əldə edəcək.

Birinci sənəd Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını nəzərdə tutur. Bununla rəsmi Bakı və İrəvan bir-birinin dövlət sərhədlərini qarşılıqlı surətdə tanıyacaq. Sərhədlərin müəyyənləşməsi Sovet Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən 1920-ci ildə tərtib edilmiş xəritələr əsasında həyata keçiriləcək. İkinci sənəd Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat və kommunikasiya dəhlizininin açılması haqqında olacaq. Delimitasiya və demarkasiya prosesinin 1920-ci il xəritələri əsasında aparılması Edrmənistanda ciddi siyasi ajiotaja səbəb olub. Çünki 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal olunanda Azərbaycanın ərazisi 114 min kvadrat kilometr təşkil edirdi.

SSRİ-nin tərkibində olduğu müddətdə Zəngəzur və Göyçə mahallarının, Zəngilan, Qubadlı, Gədəbəy, Qazax rayonlarına aid kəndlərin, torpaq sahələrinin Ermənistana verilməsi nəticəsində Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometrə qədər kiçildi. SSRİ dövründə nəşr olunmuş xəritə və atlaslarda Azərbaycan SSR-in ərazisi 86, 6 min kvadrat kilometr göstərilir. Lakin Sovet İttifaqı dağılana yaxın faktiki olaraq, Azərbaycan SSR-in təxminən 84 min kv. km. ərazisi qalmışdı. İndi dövlət sərhədlərinin 1920-ci ilin xəritələri əsasında müəyyənləşməsi Azərbaycanın ərazisinin 114 min kv.km-ə qədər artması, itirilən torpaqların qaytarılması deməkdir. Bu isə Ermənistanın böyük hissəsinin Azərbaycanın tərkibinə daxil olması üçün hüquqi əsas yaradır. Ona görə də sözügedən xəbərin yayılması Ermənistanın siyasi dairələrində narahatlıqla qarşılanıb.

Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 23-də bu xəbəri təkzib etsə də, məsələ yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan isə Ermənistan parlamentində 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı sərhədlərin demarkasiyası ilə bağlı deputatların suallarını cavablandırmayıb və salonu arxa qapıdan tərk edib. Paşinyanın sözçüsü də bu məsələyə şərh verməkdən imtina edib. Mane Gevorgyan XİN-in şənbə günü verdiyi açıqlamaya istinad edərək, hazırda Paşinyan-Əliyev görüşünün planlaşdırılmadığını, lakin müxtəlif görüşlər üçün təkliflərin müzakirə edildiyini bildirib.

Hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Hraçya Akopyan hökumətin deputatlara məlumat vermədən bu miqyasda sənədi imzalaya biləcəyindən narahat olub-olmadığına dair suala belə cavab verib:

““Bu, bizi narahat etmir. Çünki biz daim hökumət üzvlərinə suallarımızı veririk və bizi narahat edən məsələlərə cavab alırıq. İndiyə qədər bu sualların cavabları bizi qane edib. Bizə verilən cavablarla bağlı narahatlığa da əsasımız yoxdur”.

“Ermənistan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan deyir ki, onlar rəsmi açıqlamaları gözləməyəcəklər və faktdan sonra tənqid deyil, qarşısının alınması yolu ilə gedəcəklər.

“Hətta hansısa danışıqlar prosesi olsa belə, bu, açıq olmalıdır və ya ən azı əsas siyasi oyunçuların, cəmiyyətin əsas fiqurlarının və diasporun iştirakı ilə baş tutmalıdır. Hakimiyyət gizli fəaliyyətlərini davam etdirə bilməz”.

Müxalifət fraksiyasından Tiqran Abrahamyan deyir ki, onlar 1920-ci illərdən Sovet İttifaqının dağılmasına qədər olan xəritələri açıq mənbələrdən öyrəniblər.

Müxalifətçi deputat tələskənliyin erməni tərəfi üçün təhlükəli olduğunu və burada dərin peşəkar təhlilə ehtiyac olduğunu iddia edir. Qeyd edək ki, kütləvi informasiya vasitələrində və ekspertlər səviyyəsində yayılan məlumatlarda sərhədlərin demarkasiyası zamanı 1974-cü ildə tərtib edilmiş xəritələrdən istifadə olunacağı bildirilirdi. 1920-ci ilin xəritələrindən istifadə xəbəri demək olar ki, həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti üçün gözlənilməz olub. Ancaq bu məlumat hələlik öz təsdiqini tapmayıb.

Bəs dövlət sərhədlərinin müəyyənləşməsi hansı xəritələr əsasında aparılmalıdır?

Konfliktoloq Əvəz Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, 1920-ci ilin xəritəsi mükəmməl hesab edilə bilməz. Çünki 1920-ci ildə SSRİ dövləti yaranmamışdı. Ona görə də 1920-ci ilin xəritələri ekspertlər səviyyəsində müzakirə olunmalıdır:

“1923-cü ildə fərqli qərar çıxarıldığını və sərhəd məsələlərinin təzədən qaldırıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı şübhələrim var. Sovet dövründə SSRİ konstitusiyasının dəyişdirilməsi, yenilənməsi ilə əlaqədar Sovet İttifaqının dağılmasına qədər xəritələrin tərtib edilməsi qaydalarını da nəzərə sonrakı dövrlərin xəritələri əsas götürülməlidir. Hesab edirəm ki, Rusiya Ermənistana Zəngəzur məsələsi ilə bağlı təzyiq etmək istəsə, 1920-ci il xəritəsini əsas götürməyi təklif edəcək. Yəni Ermənistan sərhədlərin delimiyasiyası və demarkasiyasının 1974-cü il xəritəsi əsasında müəyyənləşməsinə razı olmasa, Rusiya xəbərdarlıq kimi 1920-ci il xəritələrini gündəmə gətirə bilər. Fikrimcə, bu, müzakirə olunan real siyasi məsələdən daha çox siyasi xatırlatmadır”.

Əvəz Həsənovun sözlərinə görə, Ermənistanda hazırda siyasi vəziyyətin gərgin olması nəzərə alınarsa, Rusiyanın 1920-ci il xəritələrinə qayıtması Paşinyana qarşı çıxan qüvvələri fəallaşdıra bilər.

“Rusiya hakimiyyəti bu faktı göz önünə gətiri. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bunu сənab Prezident də qeyd etmişdi ki, biz Ermənistana ərazi iddiası irəli sürmürük. Təbii ki, tarixi baxımdan, həmin ərazilər Azərbaycan torpaqlarıdır. Amma biz Ermənistana ərazi iddiası ilə çıxış etmiriksə, vəziyyəti gərginləşdirmək, revanşist cəbhəni qızışdırmamaq istəyiriksə, 1920-ci il xəritəsi ilə bağlı fikirlərin Azərbaycanda təsdiqini tapmadığını görürük. Bu məlumatları Paşinyanın siyasi rəqibləri səsləndirirlər. Sərhədlərin 1920-ci il xəritəsi əsasında müəyyənləşməsinə dair Azərbaycan tərəfi təklif irəli sürməyib. Ona görə də hesab edirəm ki, deyilən mülahizələr reallığı əks etdirmir. Bu xəbərin mənbəyi anonim olduğuna görə o barədə deyilənlər daha çox Ermənistandakı revanşist qüvvələrin maraqlarına xidmət edə bilər. Məqsəd isə noyabr ayında imzalanacaq ikinci sənədi Ermənistan cəmiyyətinin hədəfinə çevirmək və bu prosesə mane olmaqdır. Hazırkı vəziyyət Azərbaycanı qane edir. Hazırkı status -kvonun qalması Azərbaycanın maraqlarına uyğundur. Belə olarsa, Ermənistan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdıra bilər. Eyni zamanda, nəqliyyat və kommunikasiya vasitələrinin açılması üçün imkan yaranmış olar”.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?