hemle

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Tarix:18-10-2021, 13:16
Baxış Sayı:275

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Əziz dostlar, əziz füzulililər, sizi səmimiyyətlə salamlayıram, “Füzuliyə xoş gəlmisiniz” deyirəm. Biz azad edilmiş torpaqlarda bu gün Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik. Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.

Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi.

Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Düzdür, işğal dövründə Minsk qrupunun nümayəndələri iki dəfə faktaraşdırıcı missiya ilə bu bölgələrə gəlmişdilər və müvafiq məruzələr hazırlanmışdı. O məruzələrdə göstərilirdi ki, düşmən burada böyük vandallıq törədib. Ancaq bu dərəcədə dağıntıları heç kim təsəvvür edə bilməzdi. Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib ilə erməni vəhşiliyini öz gözləri görürlər.

Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə, ərazilərinə dəfələrlə gəlmişdim, 12 dəfə Füzuli rayonunda olmuşdum. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. İnfrastrukturla bağlı çox böyük işlər görülmüşdür. Fərdi evlərin bərpası işləri görülmüşdür. Yəni, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılırdı. Qeyd etdiyim kimi, 12 dəfə Füzulidə olmuşam. Burada köçkünlərlə görüşərək hər zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik, daha gözəl şərait yaradacağıq və siz qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs görə bilir. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Biz Füzulidən Şuşaya elektrik xətləri çəkmişik. Çünki Şuşa azad olunandan sonra mənfur düşmən bütün elektrik xətlərini kəsib, hətta su xəttini də partlatmışdır və Şuşa işıqsız qalmışdır, özü də qış aylarında. Ona görə çətin şəraitdə Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur.

Yollarla bağlı. İndi siz gələndə yeni yoldan istifadə etdiniz. Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır.

Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.

Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Sabah – oktyabrın 18-i tarixi gündür. Otuz il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini elan etmişdir. Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir.

Onu da bildirməliyəm ki, hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir.

Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir - 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr, Azərbaycan - 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda, bizim o ildə digər tarixi həqiqət var – o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.

Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib? Ona görə 18 oktyabrla bağlı sabah mənim Azərbaycan xalqına təbrikim dərc ediləcək. Ancaq, eyni zamanda, mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi.

Bu gün bu tarixə toxunarkən, sadəcə olaraq, öz mövqeyimi, öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Sabah digər tarixi gün qeyd olunacaq - Xudafərin qəsəbəsinin azad olunması. Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik.

Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq. Bir daha sizi təbrik edirəm və yeni uğurlar, cansağlığı arzu edirəm. Sağ olun.

X X X

Milli Məclisin deputatı Vüqar Bayramov dedi:

- Möhtərəm, cənab Prezident, çox hörmətli Mehriban xanım.

Füzuli sakinləri Sizi salamlayır, belə möhtəşəm tarixi günü onlara qismət etdiyinizə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər. Cənab Prezident, bu gün Füzuli rayonunun tarixində ən parlaq, ən qürurverici gündür. Çünki Sizin də qeyd etdiyiniz kimi, bir il öncə 27 illik erməni işğalına son qoyuldu. Bütün bunlar, möhtərəm Prezident, Sizin heç də hər bir dövlət başçısına, siyasətçisinə qismət olmayan siyasi təmkininiz, beynəlxalq arenada böyük diplomatik nüfuzunuz və təbii ki, hərb meydanında qəbul etdiyiniz cəsarətli qərarlar sayəsində mümkün oldu.

Möhtərəm Prezident, Ümummilli Liderimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası idi. Qarabağı və bu gün Sizin rəhbərliyinizlə təməli qoyulacaq Füzuli şəhərini işğaldan azad edən gənclər ümummilli liderimiz Heydər Əliyev məktəbinin davamçıları və Sizin idarəçiliyinizin yetirmələridir. Cənab Prezident, Siz çox haqlı olaraq tarixi məqamlara toxundunuz, Ümummilli Liderimizin yenidən hakimiyyətə qayıtması füzulililərin taleyində həlledici rol oynadı. Məhz Ulu Öndərimizin inamı, eyni zamanda, böyük qətiyyəti nəticəsində 1994-cü ildə Füzuli rayonunun 21 kəndi, eləcə də strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi işğaldan azad olundu. Daha sonra Sizin də qeyd etdiyiniz kimi, Horadiz qəsəbəsi şəhər statusu aldı və bu gün Horadiz Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biridir.

Cənab Prezident, Füzuli sakinləri hər zaman Sizi Prezident və Ali Baş Komandan olaraq dəstəkləyib və Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunacağına inanıblar. Bu gün xoşbəxtik ki, biz məğlub xalqdan qalib xalqa çevrildik. Füzuli sakinləri hər zaman, möhtərəm Prezident, Sizin, eyni zamanda, çox hörmətli Mehriban xanımın diqqət və qayğısını hiss edib və qiymətləndiriblər. Sizin qeyd etdiyiniz kimi, işğaldan azad olunmuş ərazilərimiz - illər boyu həsrətlə baxdığımız və nisgilliklə xatırladığımız bu ərazilər artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Cənab Prezident, Sizin rəhbərliyinizlə Füzuli rayonunda da bərpa və yenidənqurma mərhələsi başlayıb. Artıq Füzuli Beynəlxalq Hava Limanının inşası başa çatıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Bizim beynəlxalq hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından biridir. Bütün bunlar ondan xəbər verir ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş ərazilərimizə çox qısa zamanda həyat gələcək. Sizin də qeyd etdiyiniz kimi, Qarabağ tezliklə cənnətə çevriləcək.

Cənab Prezident, cənnət Qarabağ bizimdir, cənnət Qarabağ Azərbaycandır. Cənnət Qarabağ, cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın rəhbərliyi ilə hər zaman bizim olacaq.

Təşəkkür edirəm.

X X X

AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində postkonflikt ərazilərin bərpası elmi mərkəzinin rəhbəri Akif Musayev dedi:

- Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Füzuli əhalisi Sizi Füzulidə salamlayır, hörmət və ehtiramını bildirir. Bu gün Füzuli əhalisi, eyni zamanda, azad olunmuş Füzuli torpağı sevinc içindədir.

Cənab Prezident, mən elm adamıyam. Keçən əsrin 90-cı illərində mən sovet dönəmi Azərbaycan Respublikasının iqtisadi inkişafını təhlil etmişdim və bu dövrü üç mərhələyə bölmüşdüm - 69-cu ilə qədər olan dövr, 69-83-cü illər və 83-cü ildən sonrakı dövr. Sovet respublikalarının iqtisadi inkişafı ilə Azərbaycanın o dövrdəki iqtisadi inkişafını müqayisəli şəkildə təhlil edərək nəticələri ilə bağlı seriya məqalələrlə çıxış etmişdim. Həmin məqalələr “Azərbaycan iqtisadiyyatında Heydər Əliyev fenomeni” adlanırdı. Mən 69-83-cü illəri əhatə edən iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatının qızıl dövrü adlandırmışdım.

Bu gün də Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyi və Sizin Ali Baş Komandanlığınızla Azərbaycan Ordusu özünün qızıl dövrünü yaşayır.

Cənab Prezident, xalqımızın dəstəyi, Sizin Ali Baş Komandanlığınızla müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan oğulları torpaqlarımızın azad olunması naminə şəhid oldular. Biz şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik.

Cənab Prezident, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan Ordusu zəka müharibəsi apardı və müharibəni qələbə ilə başa çatdırdı. Bu, dünya hərb tarixində yeni bir səhifə açdı. Eyni zamanda, Siz indiyə qədər Azərbaycana qarşı haqsız olaraq formalaşmış ədalətsizliyə son qoyaraq informasiya müharibəsində qələbə qazandınız. Həmçinin diplomatiya sahəsində qalib gəldiniz və erməni faşizminin havadarlarının nə dərəcədə ədalətsiz mövqe tutduğunu dünyaya bəyan etdiniz.

Müharibədən, Qələbədən bir ilə yaxın vaxt keçib. Bu müddətdə burada görülən işlərin miqyası, intensivliyi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda bu strateji hədəfə də Sizin ali rəhbərliyinizlə nail olunacaq, əhali öz doğma yurdlarına qayıdacaq. Nəhayət Qarabağ ruhu, Qarabağ mədəniyyəti Qarabağ torpağına qayıdacaq.

Cənab Prezident, Sizin tapşırığınıza əsasən, repatriasiya potensialının proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı araşdırmalar aparılır. İlkin nəticələrə görə, bütün əhalimizin çox böyük əksəriyyəti qayıtmaq əzmindədir və bu prosesi səbirlə gözləyirlər. Əmin ola bilərsiniz ki, bu insanlar Qarabağda aparılan quruculuq işlərində yaxından iştirak edərək Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

Cənab Prezident, Füzuli əhalisi həmişə dövlətçiliyin, öz Prezidentinin yanında olub, bundan sonra da yanında olacaq. Füzuli əhalisi də bu quruculuq prosesində yaxından iştirak edərək öz töhfəsini vermək arzusundadır və bu, belə də olacaq.

Mən kiçik bir kənddə - Qorqan kəndində anadan olmuşam və o, təmas xəttində idi. Mən ildə bir dəfə yaz vaxtı övladlarımla, nəvələrimlə gəlib o kəndə binoklla baxırdım. Belə fikirləşirdim ki, nə vaxtsa o torpağa qayıtmaq və anadan olduğum o kəndi görmək mənə qismət olacaqmı? Bir dəqiqə də olsun, ümidimizi itirməmişdik. Amma mən yaşda olan insanların bir nigarançılığı vardı ki, birdən ömür vəfa verməz o torpaqları görüm.

Cənab Prezident, çox sağ olun. Sizə minnətdarıq. Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə, Azərbaycan zabitinə minnətdarıq ki, bu sevinci bizə yaşatdı.

Allah Sizi qorusun, Allah Sizin ailənizi qorusun. “Dəmir yumruq” da öz yerində. Sağ olun.

X X X

Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti Elçin Həşimov dedi:

- Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandanımız və çox hörmətli Mehriban xanım.

Sizi bu müqəddəs Qarabağ torpağında, Füzuli rayonunda görməkdən çox sevincli və qürurluyuq. Qarabağ torpağı, həmçinin Füzuli rayonu Azərbaycan mədəniyyətinə, musiqi mədəniyyətinə çox böyük simalar bəxş edib: xanəndələr, musiqiçilər, ifaçılar, bəstəkarlar. Təkcə bir insanın adını qeyd etmək kifayət edər ki, bax, bu gün tədris olunan Azərbaycan muğam proqramının müəllifi, ustad sənətkarımız Seyid Şuşinski məhz bu rayonun, Füzuli rayonunun övladıdır. Biz də gözümüzü açıb elə bu muğam musiqisini, xalq musiqisini eşitmişik və bu mühitdə formalaşmışıq. Əlbəttə ki, bu gün bizim muğamımız çox böyük nailiyyətlər əldə edir. Bu da Sizin və təbii ki, Mehriban xanımın muğamımıza xüsusi qayğısı ilə mümkün olub. Biz bunu daim hiss edirik və bu danılmaz bir faktdır. Hələ torpaqlarımız işğal altında olarkən Qarabağda muğam mərkəzləri tikildi. Füzulinin yoxluğu zamanı Horadizə şəhər statusu verildi, orada, həmçinin Ağdamda, Ağcabədidə muğam mərkəzlərinin tikilməsi böyük rəmzi məna daşıyır. Bu, muğam ifaçılığına, muğam sənətinə, eyni zamanda, yeni muğam ifaçılarına çox böyük stimul verdi. Mən bir də ona görə qürurluyam ki, Sizin tapşırığınıza əsasən tikilən Zəfər yolu mənim anamın, atamın doğulduğu kəndlərdən - məhz Əhmədbəyli, Mahmudlu kəndlərindən başlayır. Çox sevinirəm, hər zaman, hər yerdə deyirəm ki, mənim uşaqlığım burada keçib, buralarda çox gözəl günlər görmüşük və bundan sonra da gözəl günlər görəcəyik. Biz buna inanırıq, necə ki, həmişə Sizə inanmışıq.

Çıxışımın sonunda, cənab Prezident, bir məsələyə toxunmaq istəyirəm. Bu yaxınlarda Siz bizim qardaş Türkiyə kanallarının birinə müsahibə verərkən söylədiniz ki, mən o torpaqlara, işğaldan azad olunmuş torpaqlarımıza gedərkən, gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Çünki onlar buraları görmürlər, onlar bizim gözlərimizlə onu görməlidirlər.

Siz dediniz ki, hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər. Bu sözlər hamımızı çox duyğulandırdı və eyni zamanda, qürurlandırdı.

Biz fəxr edirik ki, bizim Sizin kimi liderimiz, Ali Baş Komandanımız var. Azərbaycan xalqı, Qarabağ camaatı Sizinlə qürur duyur. Füzulililər Sizinlə fəxr edir və qürur duyurlar. Bu gün Füzuli torpağında olmağımızın, onun işğaldan azad olunmasının bir illiyini qeyd etməyimizin səbəbkarı Sizsiniz və heç zaman unudulmayacaq şəhidlərimizdir, qəhrəman qazilərimizdir. Buna görə Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!

X X X

ADA Universitetinin tələbəsi Aysel Cəfərli dedi:

- Möhtərəm Prezident və hörmətli Mehriban xanım.

Bu gün Sizin qarşınızda bir tələbə kimi, xüsusilə də Zəfər çalmış ölkənin tələbəsi kimi çıxış edirəm. Bu, çox şərəfli və qürurvericidir. Doğma yurdumun adını yüksəklərə qaldırmaq, nəinki mənim, hər birimizin vətəndaşlıq borcudur, xüsusən də ağır pandemiya dövründə. Bilirik ki, bu xəstəlik qlobal bir problemdir və Azərbaycan onunla ən yüksək səviyyədə mübarizə aparır. Mən inanıram ki, biz bu xəstəliyə qalib gələcəyik. Çünki biz İkinci Qarabağ müharibəsinin qalibləriyik. O müharibənin ki, 44 gün ərzində öz şücaətimizi, qəhrəmanlığımızı bütün dünyaya göstərdik və burada “biz də varıq” dedik.

Düzdür, Qarabağı görməsəm də, səsini-sorağını çox eşitmişəm. Tarixə nəzər salsaq, oranın necə möhtəşəm yerlər olduğunu və buna görə də basqınlara məruz qaldığının şahidi olarıq. Məsələn, 1993-cü ilin sonlarında Qarabağın çox hissəsi ermənilər tərəfindən zəbt olunmuşdu. Lakin ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın həm daxili, həm də xarici həyatında mühüm irəliləyişlər oldu. Buna 1994-cü ilin yanvarında baş tutmuş Horadiz əməliyyatını nümunə göstərsək, məncə, tam yerinə düşər. Çünki Horadizin bugünkü gözəlliyi bütün hər kəsi valeh edir.

Azərbaycan sürətlə inkişaf edirdi və eləcə də digər ölkələr arasında tanınmağa başlayırdı. Əfsuslar olsun ki, 2003-cü il dekabrın 12-də biz Ümummilli Liderimizi itirdik və xalqımız dərin kədərə qərq oldu. Lakin cənab Prezident, Siz Prezident seçiləndən sonra xalqımız yenidən dirçəlməyə başladı, Azərbaycan yenidən inkişaf etməyə başladı. Mən əminəm ki, qəlbimizdə yaşatdığımız Ümummilli Liderimiz əgər hazırda Azərbaycanı görsəydi, necə sürətlə inkişaf etdiyinin, əmin əllərdə olduğunun və ən əsası, Qarabağımızı aldığımızın şahidi olar və sevinib, fərəhlənərdi. Təbii ki, bunlar Sizin düzgün mövqeyinizin və uzaqgörən siyasətinizin nəticələridir. Unutmaq olmaz ki, torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən. Buna görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və digər əsgərlərimizə uzun ömür diləyirəm.

Sizə çox təşəkkür edirəm ki, bu sevinci bizə yaşatdınız. Eyni zamanda, şəhid ailələrinə və qazilərə göstərdiyiniz dəstəyə görə də Sizə minnətdarlığımı bildirirəm. Bunu da vurğulamaq istəyirəm ki, məcburi köçkün ailələrinə göstərdiyiniz dəstək də danılmazdır. Çünki neçə-neçə tələbənin ödənişinin qarşılamağınızın şahidiyik və o tələbələrdən biri də mənəm. İllərdir xəyalını qurduğum yüksək təhsil imkanına malik ADA Universitetinə bu il qəbul olmuşam və eyni zamanda, Prezident təqaüdünə layiq görülmüşəm. Bunun üçün Sizə çox təşəkkür edirəm. Məqsədim gələcəkdə üzünü görmədiyim, azad olunmasını eşidəndə kövrəlib ağladığım Füzuli rayonunda hüquqşünas kimi fəaliyyət göstərməkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Azərbaycan xalqına ilk Qələbə sevincini ulu öndər, fenomen şəxsiyyət Heydər Əliyev Ali Baş Komandan olduğu dövrdə yaşatdı. İkinci Qələbə sevincini də yenə Füzuli cəbhəsində, hörmətli Prezidentimiz, Siz yaşatdınız. Üçüncü Qələbə sevinci də yenə Füzulidən başladı. Bu sevinci də Siz bizə XXI əsrin müharibəsini apararaq yaşatdınız. Buna görə də Sizə “çox sağ olun, ömrünüz uzun olsun” deyirik.

Bu tərəfə uçan quşlara həmişə biz həsəd aparardıq. İndi Sizin saldığınız o Zəfər yolu ilə - o şüşə kimi yolla biz Şuşaya gedirik, Füzuliyə gəlirik. Şuşada festivallar keçiririk, Xarıbülbül festivalını, Vaqifin poeziya günlərini, Üzeyir Hacıbəylinin musiqi festivalını keçiririk. Mehriban xanımın dəstəyi ilə Heydər Əliyev Fondunun hesabına bizim oradakı müqəddəs məscidlərimiz – Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri, Saatlı məscidi, habelə Xalça muzeyi, Rəsm qalereyası təmir olunub, vətəndaşların istifadəsinə verilib. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk, möhtərəm Prezidentimiz.

Siz beynəlxalq hava limanı tikdirməklə Füzuli rayonu ilə Bakı arasındakı məsafəni 30 dəqiqəyə endirmisiniz. Çox sağ olun, bu hava limanı mən deyərdim ki, Füzulinin simvoludur, Füzulinin açarıdır. Füzulililər Sizi çox sevir.

Möhtərəm cənab Prezident, 2003-cü ildə füzulililər öz qəti sözünü deyib, yekun qərarını verib. Siz bizim əbədi Prezidentimizsiniz. Biz o vaxtı düzgün seçim etməsəydik, bu gün burada görüşə bilməzdik.

Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin. Azərbaycanın gələcəyi naminə Sizə uğurlar arzulayırıq. Çox sağ olun.

X X X

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun, əziz dostlar, xoş sözlərə görə sizə minnətdaram. Təkcə bir şeyi əlavə etmək istərdim ki, bu, bizim hamımızın Qələbəsidir. Çünki Azərbaycan xalqı yorulmadan bu Qələbəyə doğru addımlayırdı. Hər birimiz, hərə öz yerində öz töhfəsini ümumi Qələbəmizə, ümumi inkişafımıza verərək bu günü, bu müqəddəs günü yaxınlaşdırırdıq.

Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bizdə Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir Azərbaycan vətəndaşı bu günü nəinki səbirsizliklə gözləyirdi, bu günə inanırdı, eyni zamanda, öz əməyi ilə bu günü yaxınlaşdırırdı. Bizim üçün, xalqımız üçün torpaqlarımızın azad olunmasından daha vacib məsələ heç vaxt olmamışdır. Mən hesab edirəm ki, Qələbəmizin əsas amillərindən biri də məhz budur. Çünki biz Qarabağı unutmadıq, biz o vəziyyətlə barışmadıq. Halbuki bizə deyilirdi ki, artıq reallıqla gərək hesablaşasınız, siz birinci müharibədə, yəni, 1990-cı illərdə məğlubiyyətə uğramısınız. Siz indi gərək bu vəziyyətlə barışıb ermənilərlə kompromisə gedəsiniz, dil tapasınız. Mənim mövqeyim bəllidir. Mən bu mövqeyi həm ölkə daxilində, həm beynəlxalq tədbirlərdə bütün kürsülərdə çıxış edərkən bəyan edirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Çünki xalqımız barışmadı və görün, bu torpaqları görməyən cavan qız hansı sözləri deyir. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Tarixdə müharibələr çox olub, münaqişələr olub, elə hallar olub ki, xalqlar istila ilə, işğalla barışmış olublar, boyunlarını büküb əyilmiş olublar. Amma bizim xalqımız həmişə başını dik tutub. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu, bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir.

Əlbəttə ki, bir çox amillər var. Bu haqda artıq danışılıb. Bu Qələbəmizi şərtləndirən amillər nəzərə alınaraq kitablarda, məqalələrdə, elmi araşdırmalarda yazılacaq. Amma hesab edirəm ki, bunların arasında ən başlıcası məhz əyilməz ruhumuz və vətənpərvərliyimizdir. Məhz bu bölgədə bizim cavanlarımız, cavan əsgər və zabitlərimiz ölümə gedirdilər. Bütün o mövqelərdə, o dağlıq mövqelərdə ermənilər yerləşmişdilər. Onlar orada 30 il yerləşmiş, istehkamlar, bunkerlər, uzunmüddətli atəş nöqtələri qurmuşdular. Biz isə, düzənlik olan yerdən o təmas xəttini keçərək, o istehkamları yararaq gedirdik, bizim gənclər ölümə gedirdilər. Ona görə, birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq.

Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.

Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz.

Mən bir daha sizi bu müqəddəs gün münasibətilə - Füzulinin azad olunması günü münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, biz tezliklə bu gözəl diyarı quraq, bərpa edək. Sizinlə burada hələ çox-çox görüşəcəyik. Bir daha sağ olun.

X X X

Prezident İlham Əliyev: İşlər gedir?

Sakin: Bəli, işlər gedir, bəlkə mindən çox texnika var.

Prezident İlham Əliyev: Orada indi işlər yaxşı gedir.

Sakin: Çox yüksək səviyyədə, cənab Prezident.

Prezident İlham Əliyev: Milli qəhrəmanlarla görüşüm.

Polkovnik Hüseynov: Cənab Ali Baş Komandan, polkovnik Hüseynov.

Mayor Səfərov: Cənab Ali Baş Komandan, mayor Səfərov.

Prezident İlham Əliyev: Gəlin, baş planla tanış olaq, sonra Zəfər muzeyinin də təməlini bərabər qoyaq.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev: Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. İcazənizlə kiçik bir film nümayiş etdirmək istərdik.

Film nümayiş olunur.

Anar Quliyev: Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Rəşad Mehdiyev: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, mənim əsərimə dəyər verdiyinizə görə Sizə təşəkkür edirəm. Bu abidə üç hissədən ibarətdir. Podium, sonra lövhə və sütunlar. Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək.

Prezident İlham Əliyev: Səmadan da görsənəcək?

Rəşad Mehdiyev: Yuxarıdan da, bütün hər tərəfdən görsənəcək. Orada elə bir instalyasiya yaranacaq ki, bu 44 simvolu havada kimi görünsün.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təsirli əsərdir. Bu dağıntılar açıq səma altında da olacaq.

Anar Quliyev: Bəli, növbəti hissədə Zəfər parkı ilə yanaşı 5 hektarda İşğal muzeyi və park təşkil ediləcək. Dağıntılar bu gün həmin ərazidədir, olduğu kimi konservasiya olunub saxlanılacaq.

Prezident İlham Əliyev: Azad edilmiş hər bir şəhərdə biz belə bir yer saxlayırıq, dağıntılar qalsın ki, camaat görsün, gənclər görsün, xarici qonaqlar gəlib görsünlər.

Sakinlər: Qarabağ bölgəsi həm abidələri ilə məşhurdur, həm də kəhrizləri ilə məşhur olub. Böyük mədəniyyətdir. Ümumiyyətlə, kəhriz mədəniyyətinin Qarabağda çox böyük şəbəkəsi var. Bizim kənddə Şah Abbas tərəfindən vurulmuş kəhriz var idi.

Prezident İlham Əliyev: Hansı kənddir sizinki?

Sakinlər: Qarğabazar.

Prezident İlham Əliyev: Bəli, Qarğabazar məşhur kənddir. O, azad olunanda biz çox sevinirdik. Çünki o, böyük kənddir.

Sakin: O, azad olunanda o qədər ağladım ki... Ən qədim məktəb də oradadır.

Prezident İlham Əliyev: Kəhrizlər baş planda nəzərdə tutulur?

Anar Quliyev: Həm bulaqlar var burada, cənab Prezident, bəziləri artıq açılıb və müayinə olunub.

Prezident İlham Əliyev: Əlbəttə, bunu nəzərə alın.

Anar Quliyev: Kəhrizlərə də mütləq bir-bir baxacağıq.

Prezident İlham Əliyev: Ümumiyyətlə, inşaat zamanı gərək Füzuli ictimaiyyəti ilə siz sıx əlaqədə olasınız, həm burada, həm də Bakıda. Bu müzakirədə də onlar iştirak etsinlər.

Qadın sakin: Cənab Prezident, mən də Sizi salamlayıram, öz evinizdə salamlayıram, hamımız bir yerdə. Deyilən bütün sözlərin hamısına mən də şərikəm. Bu illər ərzində Siz bütün övladlarımızı, keçmiş məcburi köçkün uşaqlarının hamısını oxutmusunuz. Çünki onların təhsil haqqını dövlət ödəyib. Hər il bizim 500-600 şagirdimiz ali məktəblərə qəbul olur. Ulu Öndər təməlini qoydu və bu gün də Siz onu davam etdirirsiniz.

Sakinlər: Allah Ulu Öndərimizə rəhmət eləsin.

Digər qadın sakin: Mən də cənab Prezident, Sizi salamlayıram öz doğma evinizdə. Yaralılar birinci bizə - Sizin Sərəncamınızla tikilən Müalicə Diaqnostika Mərkəzinə, mərkəzi xəstəxanalara gəlirdilər. Azərbaycanın həkimləri, professorları, alimləri bizi tək qoymadılar, biz Füzuli həkimlərinə birinci gündən köməyə gəldilər. Bu könüllü proses bizim ürəyimizi dağa döndərdi, riqqətə gətirdi. Yəni, əsgərlərə qulluq etməyimizə, onlara yardım göstərməyimizə çox kömək oldular. Biz onların təcrübəsini öyrəndik. Yəni, hər bir əsgərin, - mən indi hörmətli Mehriban xanıma da söylədim, - sinəsində, ürəyinin başında Azərbaycan bayrağı var idi. Hamısı istəyirdi ki, o şərəfli bayrağı aparıb Şuşada ucaltsın. Bu, bizi daha da riqqətə gətirirdi. Biz həkimlər bütün günü onların qayğısına qalırdıq, onlara qardaş kimi, övlad kimi kömək göstərirdik, xidmət edirdik. Bu Zəfəri, bu Qələbəni bizə yaşatdığınıza görə Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mən sizə, bütün həkimlərə təşəkkür edirəm. Sağ olun.

Qadın sakin: Mən çox fəxr edirəm ki, biz azərbaycanlıyıq, bizim dünya miqyasında olan hörmətimizi Siz daha da ucaltdınız. Sizin sayənizdə biz bundan sonra həmişə başıuca gəzəcəyik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Sakin: Cənab Prezident, mən tez-tez BMT-nin baş ofisində tədbirlərə qatılıram. Mən Sizin orada ilk gündən çıxışlarınızı qürurla izləmişəm. Yəni, o duruşunuzla, o qamətinizlə bu 44 gündə də o mesajları dünyaya verdiniz. Sizin o mesajlarınız ölkəmizi beynəlxalq aləmdə bir daha tanıtdırdı. Həm də ölkəmizlə bağlı çox böyük bir təbliğat getdi. Yəni, Siz 30-dan çox müsahibə verdiniz.

Prezident İlham Əliyev: Ermənilər artıq uzun illər bizim haqqımızda olmazın yalanlarını uydururdular, öz şəbəkələri vasitəsilə də bunu yayırdılar. Bizim beynəlxalq mediaya çıxmağa o dərəcədə imkanımız yox idi. Ona görə bu imkandan istifadə etdik və müharibə dövründə hiss olunurdu ki, fikir daha çox reallığa əsaslanır.

Sakin: Cənab Prezident, Siz bizim xilaskarımızsınız. Bütün gənclərdən tutmuş mənim kimi yaşlı insanlara qədər Sizi xilaskar bilirik.

Prezident İlham Əliyev: Mənim borcum idi, vəzifəm idi. Həmişə hiss edirdim ki, xalq arxamdadır. Mənə güc, inam verən o idi. Bizi Qələbəyə aparan ürəyimizdəki inam oldu.

Sakin: Cənab Prezident, mən üç əsas faktı qeyd etmək istəyirəm – birincisi, o “Dəmir yumruq” siyasətiniz, ikincisi, xalqın Sizin ətrafınızda möhkəm birləşməsi, üçüncüsü, şanlı Ordumuzun Qələbəsi. Ordumuzun bu şanlı Qələbəsinin özülü 1993-cü ildə qoyulmuşdur.

Prezident İlham Əliyev: Ordu məsələləri həmişə birinci sırada idi mənim üçün. Ona görə təsadüfi deyil ki, bizim dövlət büdcəmizdə həmişə birinci xərclər həcminə görə ordu xərcləri idi. Bəli, görülmüş işlərlə bağlı ictimaiyyətə vaxtaşırı məlumat verilirdi, paradlar keçirilirdi, mənim müxtəlif görüşlərim işıqlandırılırdı. Amma biz görülmüş bütün işləri təqdim edə bilmirdik. Çünki bunlar, əlbəttə, məxfi xarakter daşıyırdı. Amma müharibə zamanı göstərdik.

Futbolçu: Hamımız təşəkkür edirik. Hamımız çalışırdıq xidmət edək, hərbçi kimi olmasa da, idmançı kimi çalışdıq ki, Qarabağa xidmət edək. Biz beynəlxalq oyunlarda həmişə bir az məğlub kimi idik, amma indi fərqli çıxış etməyə çalışırıq.

Prezident İlham Əliyev: Əlbəttə, artıq biz bundan sonra qalib xalq kimi əbədi yaşayacağıq.

Anar Quliyev: Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək. Şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq.

Prezident İlham Əliyev: Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq.

Anar Quliyev: “Ağıllı şəhər” yanaşması təbii ki, burada həm ağıllı idarəetməni, həm də müasir texnologiya üzrə peşəkar kadrlar hazırlanmasını nəzərdə tutur. Ağıllı cəmiyyət, sağlam ətraf mühit, həyat tərzi, nəqliyyat və rabitə, rəqəmsal əsaslı şəbəkələr qlobal miqyasda yeni yanaşmadır. Çalışacağıq burada sağlam ətraf mühit, parklar, çoxlu yaşıllıq olsun.

Prezident İlham Əliyev: Burada ictimai zonalar - gəzinti, velosiped yolları çox olacaq.

Anar Quliyev: Bəli, cənab Prezident. Burada az və ortamərtəbəli çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək, aeroport artıq tikilib. Ona görə yaşayış hissəsini biz şəhərin sol tərəfinə daha çox yerləşdirdik və aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da olacaq. Avtovağzal, dəmir yolu vağzalı şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır.

Məşğulluğa gəldikdə burada nəqliyyat-logistika əsas sahə olacaq. Əsasən sənaye, yüngül sənaye və təbii ki, turizm.

Sakin: Cənab Prezident 500-dən artıq iş yeri yaradılıb.

Prezident İlham Əliyev: Daimi?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Bu işlərə Füzulidən olan gənclər, insanlar cəlb edilsin.

Anar Quliyev: Avtomobil yolları 46 kilometr təşkil edəcək. Piyada, velosiped yolları 85 kilometr. Məsələn, avtomobil yolları tamamilə ayrılacaq, ayrıca zolaqla ancaq piyada, velosipedlə hərəkət üçün şərait təmin olunacaq.

Prezident İlham Əliyev: Ekoloji, təmiz şəhər nəqliyyatı.

Anar Quliyev: Bəli, bu, prioritetlərimizdən birincisidir.

Prezident İlham Əliyev: İndi böyük xəstəxananın layihəsi hazırlanır. Yaxın həftələrdə mənə təqdim ediləcək.

İdmançı: İnşallah, Füzulidə böyük idman kompleksləri olacaq.

Prezident İlham Əliyev: Sözsüz. Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.

İdmançı: Çox təşəkkür edirik, sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının təməl daşını qoyublar.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.

***

17 oktyabr, 17:08

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.












Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?