Ötən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Suriyadakı terror təşkilatları ilə bağlı sərt çıxışı PKK/ YPG daxilində panika yaradıb.
Sfera.az bildirir ki, təşkilat işğal altına aldığı ərazilərdə həyəcan vəziyyətinə keçib. Belə ki, PKK-nın Şimali İraqdakı qərargahı sayılan Qəndildən "Barış pınarı” bölgəsinə yaxın ön cəbhələrə əlavə qüvvələr göndərilib.
Yerli mənbələrə görə, xüsusilə çoxu ərəb olan gənclər zorla silah altına alınıb. Onların tunel qazma və mina yerləşdirmə işlərində istifadə ediləcəyi bildirilib. Qaçmağa çalışanların isə snayperlər tərəfindən vurulduğu deyilib. Məlumata görə, təşkilat rəhbərləri öz ailələrini mümkün əməliyyat bölgələrindən olan Suriyanın Ayn-İsa yaşayış məntəqəsindən başqa yerlərə göndərməyə başlayıblar. Bir çox hərbi məntəqə məhəllələr arasına köçürülüb. Təxminən 20-yə yaxın ev zorla boşaldılıb və qərargaha çevrilib. Həmçinin Mənbic və Tel-Rifat şəhərlərinə də əlavə qüvvələrin göndərildiyi qeyd edilib.
Xatırladaq ki, ötən gün Türkiyənin Suriyadakı "Fərat Qalxanı” bölgəsində PKK/YPG tərəfindən terror aktı törədilib, Suriyanın Mera qəsəbəsində post-patrul vəzifəsini icra edən iki xüsusi təyinatlı türk polis şəhid olub, iki polis isə yaralanıb. Ardınca "Polislərimizə edilən son hücum Suriya ilə bağlı səbir kasamızı daşırdı. Bu problemləri ən qısa zamanda həll etmək üçün lazımi addımları atacağıq”, - deyə prezident Ərdoğan çıxış edib.