Qabiliyyət imtahanı verəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında və 9 illik təhsil bazasında) qəbul üçün ixtisaslar və komissiyalar barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
Digər komissiyalar üzrə buraxılış vərəqələri haqqında məlumat veriləcək.
Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır);
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Musiqi və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
- Xoreoqrafiya sənəti ixtisası üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və imtahana rəqs paltarı ilə gəlməlidir.