Kəramət Böyükçölün, "Bir alim adı çəkə bilərsiniz?" sualından sonra yayımın dayandırmasını istəyən müğənni Damla gündəm mövzusuna çevrilib. Belə ki, yazıçı Kəramət Böyükçölün suallarını cavablandırmaqda çətinlik çəkən Damla gərgin anlar yaşayıb. Ölkə mətbuatında gündəmə çevrilən veriliş isə "YouTube" platformasında paylaşılmayıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən müğənninin prodüseri Şamil İbrahimov, Kəramətin bu hərəkətini qınayaraq, onun təkcə Damlaya deyil, sənət adamlarına qarşı hörmətsizlik etdiyini dilə gətirib:
"Kəramət mənə 3-4 dəfə zəng edərək, Damlanın verilişinə çıxmasını xahiş edib. Damla xanım, Kəramət Böyükçölə müsahibə vermək istəmirdi. Mənimlə də danışanda dedi ki, heç bir siyasi söhbət olmayacaq. "Mənim Damla xanıma böyük hörmətim var, şou-bizneslə bağlı suallar olacaq" deyə Kəramət bildirmişdi. Bundan sonra Damla razı oldu. Müsahibəyə gəldik, oturduq. Bu adam kameranı görən kimi dəyişdi".
Həmçinin də, Şamil İbrahimov, Kəramətə ilk sualını verdikdən sonra, ona veriliş belə suallarla davam edəcəksə, yayımı tərk edəcəyini bildirib:
"Elə, ilk sualı bu oldu: "Flora Kərimova deyib ki, müxalifət yoxdur. Bu sözünə görə, ona orden verdilər. Siz də deyin, sizə də orden versinlər" sualına Damla, "O orden Flora xanımın əməyidir, haqqıdır",- deyə cavab verdi. Mən isə Kəramətə bu suallar nədir, belə danışmamışdıq dedim. Çox keçmədi ki, yenə qalmaqallı sual ünvanladı. Bu zaman müsahibənin dayandırılmasını tələb etdik. 1 saatlıq müsahibə 24-cü dəqiqəsində dayandırıldı. Bildirdik ki, yayıma verilməsin. Amma Kəramət bunu yayıma verəcəyini bildirdi. Razılaşdıq ki, montaj olunub, baxıldıqdan sonra "YouTube" yüklənsin. Yarım saat keçməmişdi ki, feysbukun "dağıldığını" gördük. Ağlına nə gəlmişdisə yazıb, paylaşıb".
Şamil İbrahimov hazırda müsahibənin "YouTube"dan silindiyini deyib:
"Bu insanla 3 gündür əlaqə saxlaya bilmirdim. Bəlkə də 500 dəfədən çox zəng etmişəm. O, yazıçı deyil, şou-biznes adamı imiş, xəbərimiz yoxmuş. Orada ciddi bir şey yoxdur. Sadəcə müğənniyə aid olmayan suallar verərərək, özü üçün şou yaratdı. Kanalının izləmənməsinə, izləyici sayının artmasına yol tapdı. Bu hüquqların pozulmasıdır. Əlaqəsiz suallarla, müğənnini çətin vəziyyətə saldı. Hamı Teymur Əmrah deyil ki, hər şeydən məlumatı olsun".