hemle

Vaşinqton və Paris niyə İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb eləmir?.. - ƏSAS SUAL BUDUR...

Tarix:30-07-2021, 09:24
Baxış Sayı:283

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər nahiyəsində gərginlik qalır. Düşmən (sülh müqaviləsi imzalanmayınca Ermənistan bizə tərəfdaş, dost sayıla bilməz) aldığı yeni, ağır itkilərə rəğmən, təxribatlara davam edir.

Sərhəddə yaşanan gərginliyin mümkün motivləri haqda yazmışıq. Ən əsası odur ki, baş nazir əvəzi Nikol Paşinyanın qurulmaqda olan qərbyönlü hökuməti bu yolla ilk növbədə 10 noyabr 2020-ci il kapitulyasiya aktının və 11 yanvar 2021-ci üçtərəfli anlaşmanın həyata keçməsini mümkün qədər ləngitmək, hətta onları qüvvədən salmaq istəyir. Azərbaycanla sülh müqaviləsindən yayınıb ölkəmizə qarşı ərazi iddiasını gündəmdə saxlamağa, bütün bunlardan ötrü isə konfliktin bitmədiyi barədə beynəlxalq ictimaiyyətdə rəy yaradıb ABŞ və Fransanın bölgədə hərbi mövcudluğuna zəmin hazırlamağa, ATƏT-in Minsk Qrupunun reanimasiyasına nail olmağa səy edir.

Sadalanan hədəflər Qərbi, daha dəqiqi, onun iki paytaxtını - Vaşinqton və Parisi də qane elədiyindən, sonuncular Ermənistanın “sorosçu” rəhbərindən oyuncaq kimi maksimum faydalanmağa, onu Ermənistanın axırını gətirəcək olduqca riskli oyuna vadar eləməyə çalışırlar. ABŞ Dövlət Departamentinin Kəlbəcərlə sərhəddə baş vermiş və 3 erməni hərbçisinin məhvi ilə bitən insidentə reaksiyası qənaətimizi möhkəmlədir.

Bir daha bəlli olur ki, darmadağın edilmiş və ordusu faktiki mövcud olmayan bu cırtdan və “izqoy” ölkəni üstümüzə hansı güclər qısqırdır, onu hansı çevrələr belə radikal mövqeyə, başından yekə iddialara kökləyir və ədalətli sülhə əngəl olmağa həvəsləndirir, boş xülyalarla, xam xəyallarla yaşamağa şirnikləndirir...

*****

Bəyanatdan sitat: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı MÜNAQİŞƏNİN (seçdirmə bizimdir - red.) uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda əsaslı müzakirələrə qayıtmağa çağırır”.

Qeyd edək ki, eyni məzmunlu bəyanatları neçə vaxtdır Fransa (onun İrəvandakı səfiri) də səsləndirir. Sual ortaya çıxır: hansı münaqişə? Dağlıq Qarabağ münaqişəsi 9 aydır mövcud deyil. Azərbaycan üçün heç “Dağlıq Qarabağ” anlayışı, “Dağlıq Qarabağ” inzibati bölgüsü də yoxdur. Konflikt, münaqişə varsa da bu, Azərbaycan Ermənistan arasında sərhəddə yaşanır, sərhəd qarşıdurmasıdır ki, bunun üçün də Minsk Qrupuna lüzum yox!

Unudanların yadına salaq: bu əhəmiyyətsiz qurum sırf keçmiş Dağlıq Qarabağ ixtilafını dinc yolla nizamlamaq üçün yaradılmışdı. Onu da necə “nizamladı”lar, dünya gördü. Həmsədr ölkələr 28 ildə Ermənistana bircə dəfə də “işğalçı” demədilər, təcavüzkar qala-qala təcavüzə məruz qalandan - Azərbaycandan güzəştlər tələb elədilər, əslində isə işğalı rəsmiləşdirməklə məşğul oldular. Şəkk-şübhəsiz, sərhəd münaqişəsi məsələsində də “üçlük”, daha dəqiqi, “cütlük” (ABŞ-Fransa) eyni “ədalətli” yanaşma sərgiləyəcək. Odur ki, lütfən, şərinizi bizdən rədd eləyin!

Təsadüfi deyil ki, ABŞ DD-nin son bəyanatında da Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana hər hansı çağırış yer almayıb. Halbuki sərhəd gərginliyinin, ümumən iki ölkə arasında yaşanan gərginliyin kökündə məhz bu durur: ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünün Ermənistan tərəfdən tanınmaqdan israrla imtina olunması!

Bu mənada Dövlət Departamentin bəyanatı barıt qoxulu olmaqla, faktiki surətdə rəsmi İrəvana “qorxma, ürəkli ol, qabağa get, arxandayıq!” ürək-dirəyidir, təlimatdır. Regionda kövrək sülhü İrəvanın əli ilə torpedalamaq cəhdidir. Hədəf isə “arxa qapı”dan bölgəyə girib yerləşmək, artıq bitmiş münaqişəni yeni biçimdə öz xeyirlərinə konservasiya eləməkdir...

*****

Əlbəttə, Ermənistan öz sərhədlərini necə qorumaq məsələsində sərbəstdir. İrəvan rusdan imtina edib amerikalını, fransızı, lap elə hinduları da çağıra bilər. Öz işləridir. Ancaq Azərbaycan dövləti öz sərhədini özü qoruyub və qoruyacaq, Bundan ötrü onun iradəsi və hərbi potensialı yetərlidir. Bakı əsla erməninin iştirakçı olduğu oyuna gedib sərhədyanı bölgələrinə ABŞ və ya Fransa hərbi qüvvələrini çağırmaq niyyətində deyil. “Qaşınmayan yerdən qan çıxarmaq istəyənlər”in arzusu gözündə qalacaq.

“Ermənistan Azərbaycan sərhədində təxribat törətməklə danışıqlar prosesinə onu dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu rusiyalı konfliktoloq Yevgeniy Mixaylov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən bildirib. Onun əminliyinə görə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər: “Erməni politoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Politoloq hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır və İrəvanın təxribatlar yolu ilə bunu uzatması ona heç bir fayda gətirməyəcək. “Ermənistan üçün sülh sazişi imzalamaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qarmaqarışıqlıq salmaq istəyir”, - deyə ekspert vurğulayıb.

“ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi, sadəcə, kiçik bir diplomatik fənddir” - deyən rusiyalı politoloq haqlı olaraq vurğulayıb ki, əslində Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb edir: “Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq”.

*****

“Ermənilərin əsas məqsədi təxribat törədərək, güclü informativ rezonans doğurmaq və nəticədə öz çirkin təbliğatlarını davam etdirməkdir. Kəlbəcərdə baş verənlər sırf hərbi məqsəd daşımır. Bu, daha çox siyasi kontekst yüklü bir provokasiyadır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu isə rusiyalı tarixçi analitik Oleq Kuznetsov Axar.az-a bildirib.

Onun müşahidəsinə görə, təxribatın məhz Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı ilə görüşdüyü ərəfədə baş tutması xüsusi maraq doğurur: “Məqsəd aydındır: bu və ya digər qərarların verilməsində Rusiya tərəddüd etsin, vaxt udulsun. Ermənistan generalitetinin əsas planı Azərbaycan mövqeyinə zərbə vurmaq və dərhal Rusiya sülhməramlılarının arxasında gizlənməkdən ibarətdir”.

Analitikə görə, erməni tərəfi bu taktikaya davam edəcək. “Ona görə ki, Ermənistanın hər hansı irimiqyaslı hərbi əməliyyat aparmaq üçün gücü yoxdur. Düşünürəm ki, əgər analoji təxribatlar davam edərsə və həqiqətən də ağır mövqe döyüşləri başlanarsa, Azərbaycan Ordusu hücuma keçəcək və Rusiya sülhməramlılarının orada olması faktına baxmayaraq, Ermənistanın taleyi qəti şəkildə həllini tapacaq”, - deyə Kuznetsov əlavə edib.

Belə görünür ki, Ermənistan elə öz məntiqi sonuna doğru da gedir...
“Yeni Müsavat”

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?