hemle

Avropa Çempionatına baxan deputatlar - Məyus olanlar da var, sevinənlər də...

Tarix:1-07-2021, 09:24
Baxış Sayı:272

Futbol üzrə Avropa Çempionatı sona yaxınlaşdıqca, həyəcan və gərginlik artır, mübarizə qızışır. Bu da oyunların daha maraqlı alınmasına səbəb olur.

Artıq Avro-2020-də 1/4 finalın bütün cütlükləri müəyyənləşib.

Belə ki, 2 iyulda İsveçrə - İspaniya və Belçika – İtaliya, 3 iyulda Çexiya – Danimarka və Ukrayna - İngiltərə qarşılaşmaları böyük maraq kəsb edir.

Azərbaycanda da Avropa Çempionatının izləyiciləri çoxdur. Xüsusilə Ukrayna komandasının mübarizəyə davam etməsi yerli azarkeşləri daha çox maraqlandırır.

Azərbaycanlı azarkeşlər arasında təbii ki, deputatlar da var.

Bəs onlar hansı komandaya azarkeşlik edirlər?

Modern.az-ın əməkdaşı bir qrup deputatı sorğu edib.

60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalı deyir ki, çempionatın əvvəlində Türkiyəyə azarkeşlik etdirdi:

“Avro-2020-nin bəzi oyunlarının bizim möhtəşəm Bakı Olimpiya Stadionunda keçirilməsi alqıçalayiq hadisədir. Mən Türkiyə komandasına azarkeşlik edirdim. Təəssüf ki, növbəti mərhələyə keçə bilmədi. Buna baxmayaraq, oyunları mütəmadi olmasa da, imkan düşən kimi izləyirəm. Hazırda azarkeşlik etdiyim komanda İspaniyadır. İspaniyanın Avropa çempionu olmaq şansı daha çoxdur”.

31 saylı Suraxanı ikinci seçki dairəsinin deputatı Etibar Əliyev isə Ukrayna komandasını qalib olaraq görmək istədiyini bildirib:

“Oyunları izləyirəm və Ukrayna yığma komandasına azarkeşlik edirəm. Bunun səbəblərindən biri Andrey Şevçenkonun komandanın baş məşqçisi olmasıdır. Digər tərəfdən isə Ukrayna yığma komandası Sovet dönəmində də bir sıra futbol turnirlərinin qalibi olub. Və çox sevinərdim ki, Ukrayna yığması çempion olsun. Həm də Ukraynayla sıx əlaqələrimizi nəzərə alıb, o komandaya azarkeşlik edirəm. 1/8 finalda da çox möhtəşəm qələbə qazandılar. Düzdür 1/4 finalda rəqibi çox güclüdür. Lakin yenə də Ukraynaya uğurlar arzulayıram”.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas isə İtaliyanı qalib olaraq görür:

“Oyunların hamısını izləyirəm. Mənim fikrimcə İtaliya qalib ola bilər. Komandalar arasında İtalyaya azarkeşlik edirəm”.


21 saylı Nəsimi birinci seçki dairəsinin deputatı Məlahət İbrahimqızı üçün futbolda iki komandanın oyunu maraq kəsb edib:

“Hədsiz dərəcədə futbol azarkeşi deyiləm. Mənim üçün maraqlı iki oyun var. Onlardan biri qardaşımız Türkiyə yığmasının iştirak etdiyi oyundur. İkincisi isə milli komandalarımızın oyunudur.

Çox təəssüf ki, Türkiyə milli komandası bizi sevindirə bilmədi. Azərbaycan da oyunlarda iştirak etmir. Bu dəfəki Avropa Çempionatında çox təəssüf ki, istədiyim sevinci yaşaya bilmədim”.


47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə Türkiyədən başqa azarkeşlik etdiyi komanda olmadığını bildirib:

“Kaş oyunlarda Azərbaycan da iştirak edəydi, öz azarkeş coşqunluğumuzu bütün formalarda göstərə bilərdik. Mənim azarkeşlik etdiyim Türkiyə komandası idi. O da təəsüf ki, öz iştirakını dayandırdı. Bundan o tərəfə sadəcə olaraq oyunları izləyirəm. Türkiyədən sonra azarkeşlik etdiyim komanda yoxdu”.
71 saylı Masallı kənd seçki dairəsinin deputatı Anar İsgəndərov Ukrayna komandasının uğur qazanmasını arzulayır:

“Futbol idmandır. Eyni zamanda idman özü də bir siyasətdir. Çünki burada tərəf məsələsi var. Türkiyə komandası da bu oyunda var idi. Azarkeşlik etdiyim o komanda idi. Çox təəssüflər olsun ki, Türkiyə xal qazana bilmədi. Ondan sonra da təbii ki, Avropa komandaları içərisində Ukraynaya azarkeşlik edirəm. İndi onun uğuruna sevinirəm. Çünki 44 günlük müharibədə də birmənalı olaraq Ukraynanı Azərbaycanın yanında gördüm. Ukrayna ilə Azərbaycanın həmişə səmimi münasibəti olub. Bu mənada da çox arzu edirəm ki, Ukrayna yığması çempionatda uğur qazansın”.

26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı Fazil Mustafa isə azarkeşlik etdiyi komandanın olmadığını deyib:

“Oyunları izləyirəm. Amma azarkeşlik etdiyim komanda yoxdu. Yaxşı oyun nümayiş etdirən komandanın oyununu fərqləndirirəm. Son mərhələdə xoşuma gələn oyunu İsveçrə oynadı. Lakin kolorit komanda olaraq İtalyanı qiymətləndirirəm”.

19 saylı Nərimanov birinci seçki dairəsinin deputatı Hikmət Babaoğlu öncələr Türkiyə komandasına azarkeşlik edib:

“Qardaş Türkiyənin milli komandasına azarkeşlik edirdim. Təəssüf ki, bu dəfə ümidlərimizi doğrultmadı. Bundan sonra isə İtaliya və Ukraynaya azarkeşlik edirəm. Sırf futbol estetikası baxımından düşünürəm ki, bu çempionatın oyunları digərləri ilə müqayisədə bir o qədər də yaddaqalan olmadı. Gözlənilməz hadisələrlə daha çox yadda qaldı. Almaniyanın İtaliyaya məğlub olması, Portuqaliyanın çempionatdan çıxması kimi hadisələr bir qədər tərəddüd yaşatdı”.

40 saylı Kəpək ikinci (Gəncə) seçki idarəsinin deputatı Musa Quliyev isə Avropa Çempionatına maraq göstərmədiyini deyərək, futbolu uşaq mövzusu adlandırıb.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ