Qarabağın minalardan təmizlənməsində İranın iştirakı üçün tezliklə texniki işçi qruplar müzakirə aparacaq. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. S.A.Musəvinin sözlərinə görə, İran şirkətləri azad olunan ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər: "Tezliklə bununla əlaqədar iki ölkə arasında texniki işçi qruplar müzakirələr aparacaq. Ərazilərin minalardan təmizlənməsinə kömək göstərmək həm humanist addım, həm də qonşuluq borcudur. Hər halda İranın Səddam Hüseynin dövründə İraqla 8 il müharibəsi olub. Bu müharibədə İran çoxlu sayda təcrübə əldə edib. Bu təcrübələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bu sahədə İranda böyük hazırlıq var və tezliklə bu sahədə işlərə başlanılacaq”. Səfir xatırladıb ki, İranın Ali lideri müharibə getdiyi vaxtda Azərbaycana aid bütün ərazilərin bu ölkəyə geri qaytarılmalı olduğunu elan edib.
Qarabağın minalardan təmizlənməsində İranın iştirakı barədə "Şərq"ə açıqlama verən politoloq Natiq Miri deyib ki, bu, Azərbaycanın və Türkiyənin nəzarətində olacaq bir prosesdir. Ancaq hər bir halda İranın bu məsələdə nə qədər xoşniyyətli olması müəyyən şübhələr yaradır:
"İran əslində Qarabağın bərpa prosesinə qatıla bilmədiyi üçün dolayısıyla məhz məsələyə bu prizmadan yanaşır. Bununla da o, prosesə qoşulmaq istəyir və gələcəkdə Qarabağın yenidən inşa olunması prosesində müəyyən işlər görmək niyyətindədir. Ancaq bu yöndə əməkdaşlıq İrana birbaşa təklif olunmayıb. Bildiyiniz kimi, hətta İranın Xarici işlər naziri də son aylarda Azərbaycana və Ermənistana səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan prezidentinə Qarabağın inşasında İranın iştirak etmək niyyətini açıqlasa da, Azərbaycan prezidenti bu məsələyə o qədər də müsbət yanaşmadı. Yəni birmənalı münasibət ortaya qoymadı. Bu da dolayısıyla bu məsələnin o qədər də Azərbaycan üçün arzuolunan bir məsələ olmadığını üzə çıxardı. Fikrimcə, bu, İranın növbəti pis hiyləsidir. Məhz minaların təmizlənməsi prosesi vasitəsilə Qarabağın inşa prosesinə girişmək istəyir. Əgər həqiqətən də Qarabağda minaların təmizlənməsi prosesinə İran ciddi mənada qatqı ortaya qoyarsa, əlbəttə ki, bundan sonra İranın digər məsələlərdə iştirakından imtina etmək mümkün olmayacaq".
Politoloq əlavə edib ki, İranın Qarabağ prosesində, hətta 44 günlük Vətən savaşında Azərbaycana yönəlik nə qədər düşmənçilik mövqeyində olduğu heç kimə sirr deyil:
"Azərbaycan ictimaiyyəti bu yöndə həqiqətən də məlumatlıdır. Ona görə də İran sözün əsl mənasında Azərbaycan ictimaiyyətində özünü doğrultmaq istəyirsə, o zaman konkret siyasət ortaya qoyulmalıdır. Bilirsiniz ki, yaxın günlərdə bir neçə İran generalı Ermənistana səfər etdi. Hətta Ermənistan ordusunun yenidən qurulması prosesinə İranın ciddi dəstək verməsi də Nikol Paşinyan hökumətinin diqqətinə çatdırıldı. Sadəcə, Paşinyan bu məsələyə razılıq vermədi. Çünki bu məsələ Ermənistan üçün problematik məsələ idi. Səbəb isə belə idi. Buna nə Rusiya razı ola bilərdi, nə də ki, Paşinyanı dəstəkləyən dövlətlər imkan verərdi. Belə olduğu təqdirdə İran yeni bir hiyləyə əl atıb. Bu hiylə vasitəsilə də Qarabağdakı inşa prosesinə girmək niyyətindədir. Hələlik Azərbaycanın buna hansı münasibət bildirəcəyi bəlli deyil. Hər halda düşünürəm ki, birmənalı olaraq bu, İranın təkbaşına görəcəyi iş deyil. O birbaşa Azərbaycan və Türkiyənin nəzarətində olacaq bir iş olacaq. Ancaq hər bir halda İranın bu prosesə qoşulmasına imkan vermək olmaz".