hemle

Kim daha siyasi çevikdi: Mehdi kişi, yoxsa, Corc Kent?

Tarix:11-04-2021, 16:39
Baxış Sayı:306

Yanvar ayında yenidən üzü Qarabağ tərəfə- qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə bağlı reportajlar hazırlamaq üçün getmişdim. Maşın bizi Bərdədə, "sarayın qabağı" deyilən yerdə düşürüb getdi. Burdan Quzanlıya ancaq şəxsi taksilər işləyirdi. Axşamtərəfi olduğuna görə, elə çox taksi də yox idi. 2-3 dənə... Baxdım ki, arıq üzü tüklü, 65 yaşlarında bir kişi az qala "tökülən" bir 011-in yanında dayanıb, müştəri gözləyir. Dayanacağa gələnlərin hamısına ümidlə baxır, heç kim də bu yazığın "daranqlet"inə yaxınlaşmır. baxır keçib başqa maşına oturub gedir. Getdim yaxınlaşdım ,ay əmi gedirsən, dedi hə, ( yəqin ki, müştəri gözləməkdən yorğun düşmüşdü) Yola düzəldik. Və təbii ki, yola düzələn kimi də söhbət axarını tapdı. Sürücümüzün adı Mehdididi. Deyir ki, yayda-yazda- payızda bostan-dirrik əkib becərirəm, camaatın bəyənib minmədiyi bu "0-11"-lə becərdiyim məhsulu kənd-kənd gəzib satıram, qışda da "xaltura" edib dolanıram.
O vaxt bütün söhbətlərin mövzusu Vətən Müharibəsi olduğu üçün bundan danışmamaq olarmı? Mehdi kişi gözləri parıldaya-parıldaya, gülə-gülə, qırıq-quruq oturacağında genələ-genələ Azərbaycan Ordusundan elə hərarətlə, sevinclə danışdı ki, adam gülə-gülə, kövrəlməyə bilmirdi. Deyir ki, bizim o uşaq dediyimiz 19 yaşlı əsgər yapışib erməni kapitanın boğazından deyib ki, ə kuçik nəəzirsən mənim torpağımda. Sonrada başına bir yumruq vurub onu öldürüb." Bunu deyəndən sonra Mehdi kişi elə şirin-şirin güldü, sanki fraqmenti gözləri ilə görürdü.
Güldüyü yerdə qəflətən üzü tutqunlaşdı, qaşları çatıldı. Kədərlə ötəri bir üzümə baxıb :" Kaş bu rus (Rusiya Sülhməramlıları) Qarabağa gəlməyəydi. Allahımıza and olsun ki, o ədavətin qabağın ala bilməyəcək, əksinə tayda qızışdıracaq. Hara girib, oranı kor qoyub"
Mehdi kişi sonuncu cümləsini Kətəlparağın çıxhaçıxında dedi və Quzanlıya çatana qədər nə çatılmış qaşı, nə tutulmuş üzü, nə də dili açıldı. Quzanlıda düşəndə nə qədər axtardım ki, bir ümidverici söz tapıb, yaxşı bir şey söyləyim, Mehdi kişinin vücudunu sarmış qayğını qismən azaldım...alınmadı ki, alınmadı.
Bunu niyə xatırladım?
Bayaq bərkgedən saytların birində oxuyuram ki, Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.
"Bunu da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:
“Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.
Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.
Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib".
Xəbəri oxuyandan gic gülmək tutub məni. Deməli, məlumatı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent indi deyib, amma yayda bostan əkib, qışda "taksavatlıq" edən Mehdi kişi bunu yanvarda demişdi.
Budu ABŞ siyasətinin öncüllüyü, analizi?:
Qaraca Çobanın sözü olmasın:
Başındakı tutuğulqanı nə öyərsən, mərə kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!
Qılıncını nə ögərsən, mərə kafir,
Əgri başlu çovkanımca gəlməz mana!
Əntiqə Rəşid
ATESH,AZ

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...