hemle

Real sektorun üzünə bağlanan nəfəslik: korrupsiya mənbəyi olan tenderlər... - TƏHLİL

Tarix:7-04-2021, 08:48
Baxış Sayı:278

Məlumdur ki, Azərbaycanda dövlətin əsas prioriteti qeyri-neft sektorunu inkişaf etdirmək və tədricən iqtisadiyyatın neft sektorundan asılılığını aradan qaldırmaqdır. Bunun üçün isə bir əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafı olmalıdır. Hazırda 1 illik pandemiyadan sonra biznesin durumu o qədər də ürəkaçan deyil və iqtisadiyyatın yenə də ən böyük maliyyə mənbələrindən biri dövlət satınalmaları və investisiya layihələridir. Xüsusən də Vətən müharibəsində qazanılan qələbədən sonra erməni vandalizminə məruz qalan 20 faiz torpaqlarımızda tikinti quruculuq işlərinin aparılması kifayət qədər dövlət vəsaitinin dövriyyəyə daxil olacağını deməyə əsas verir.

Bütün dövlətlərdə bu vəsaitlər kiçik və orta sahibkarlığın əsas maliyyə dayağıdır. Xüsusən böhran dövrlərində dövlət biznesi məhz bu yollarla ayaqda saxlayır. Azərbaycanda isə dövlət satınalmaları, iri layihələr üzrə keçirilən tenderlər qeyri-şəffaf olduğundan müstəqil sahibkarların, kiçik və orta biznesin bu prosesdə iştirakı demək olar ki, əksər hallarda mümkün olmur. Dövlət sifarişi ilə görüləcək işləri və ya satınalmaları həyata keçirən qurumlar özləri elə həmin an şirkət yaradır, bəzən həmin şirkətlərin nizamnamə kapitalı çox cüzi məbləğlə ölçülür və heç bir təcrübəyə malik olmayan şirkət tenderin qalibi elan edilir. Nəticədə həmin qurumun rəhbərliyi üçün ayrılan dövlət vəsaitini mənimsəməyə şərait yaranır. Bu proses dövlət büdcəsinə zərbə olmaqla yanaşı, real sektoru da çökdürür. Bu səbəbdən ölkədə azad sahibkarlığın inkişafı üçün ilk növbədə azad rəqabət əsasında şəffaf tender keçirilməlidir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Natiq Cəfərli bildirdi ki, dövlət satınalmaları kiçik və orta sahibkarlığın inkişafında, dövlətin real sektora investisiya etməsi mühüm alətlərdən biridir: “İndiki pandemiya dövründə də dünya ölkələrinin praktikasında göründü ki, bu işin doğru-düzgün təşkil olunması iqtisadiyyatın canlanmasında mühüm rol oynayan amillərdən birinə çevrilə bilər. Bundan öncəki böhranlarda da, ABŞ-da 1929-1932-ci illərdəki ”böyük depressiya" illərində də iqtisadiyyatın özünə gəlməsində dövlət investisiyaları böyük rol oynadı. Yollar, körpülər, dəmir yolları çəkildi. Amerikada o zaman dövlətin ayırdığı milyardlarla vəsaitin nəticəsində dövlət investisiyalarında 300 minə yaxın şirkət iştirak etmişdi. Nəticədə yeni iş yerləri yarandı, iqtisadi aktivlik artdı. Bu da Amerikanın böhrandan çıxmasında çox mühüm rol oynadı. Bu gün Avropa Birliyi ölkələrində, Amerikada dövlət investisiyaları iqtisadi canlanmada çox mühüm rol oynayır. Bu yaxınlarda Amerikada trilyonlarla dollar həcmində yeni iqtisadi paket açıqlandıqda da eyni yanaşma tətbiq olundu".

Ekspertin sözlərinə görə, Azərbaycanda dövlət qurumları tenderlə bağlı qanunvericiliyi ciddi şəkildə pozurlar: “Azərbaycanda isə dövlət investisiya layihələrinə, dövlət satınalmalarına, tenderlərə milyardlarla manat vəsait ayrılsa da, çox təəssüf ki, şəffaf xərclənməsi sual altındadır. Çox zaman əsasən bir neçə böyük holdinqlərin, məmurlara bağlı biznes strukturlarının iştirakı ilə keçirilir. Bəzən bu proses o qədər absurd hala gəlir ki, qanunvericiliyin tələbləri pozulur. Qanunvericilikdə tenderdə iştirak edən şirkətin həmin sahədə ən azı bir neçə il təcrübəsinin olması vacib şərt kimi yazılsa da, bəzən biz tenderlərdə bir neçə həftə öncə yaradılmış, nizamnamə kapitalı 10 manat olan şirkətlərin iştirak etdiyini görürük. Həmin şirkətlər dövlət satınalmalarının qalibi olurlar. Bu sahədə ciddi şəkildə şəffaflığa ehtiyac var. Qanunvericilikdəki boşluq da aradan qaldırılmalıdır. Nazirlər Kabinetinin bir qərarı da var ki, hələ də ləğv edilməyib. Bakıda ”Eurovision" yarışması keçirilərkən işlərin sürətlənməsi üçün Nazirlər Kabinetinin bir qərarı oldu ki, dövlət qurumları, nazirliklər dövlət satınalmaları ilə bağlı tenderlərdən yan keçməklə müqavilələr bağlaya bilərdilər. Bu gün də həmin qərar ləğv edilməyib, lazım gəldikdə ondan bir qalxan kimi istifadə edirlər. Bu səbəbdən yeni yaradılan şirkətlər tenderlərin qalibi olurlar. Bu sahədə şəffaflıq artsa, qanunvericilikdəki boşluqlar aradan qaldırılsa, tenderlərdə kiçik və orta sahibkarlığın inkişafına zəmin yaranar. Bu da minlərlə yeni iş yerinin açılmasına, iqtisadi aktivliyin xeyli yüksəlməsinə səbəb ola bilər. İndi işğaldan azad olunmuş torpaqlarda böyük təmir və tikinti işləri gözlənilir. Burada podratçı və subpodratçı şirkətlərin kiçik və orta sahibkarlardan ibarət olması həm iş yerlərinin sayının artmasına, həm də korrupsiyanın, bu sahədə olan gizli mexanizmlərin aradan qaldırılmasına səbəb olacaq. Çünki bu sahədə nə qədər çox iqtisadi oyunçu iştirak etsə, şəffaflıq da bir o qədər çox olacaq, bir-birinə nəzarət mexanizmi yaranacaq".

Hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tenderlər əksər hallarda korrupsiya ilə müşahidə olunur: “Azərbaycanda heç kimə sirr deyil ki, dövlət satınalmaları bir qayda olaraq çox qeyri-şəffaf, qanun pozuntuları ilə, yeyintilərlə həyata keçirilir. Dövlət qurumları tenderi özlərinə yaxın şirkətlərin xeyrinə həll edirlər, onlar qalib gəlirlər. Özlərinə yaxın olmasa da, korrupsiya ilə həyata keçirirlər. Buna ”atkat"deyilir, yəni tenderi udan şirkətlə əvvəlcədən razılaşma olur və məbləğin bir hissəsini gətirib tenderi keçirən qurumun rəhbərinə qaytarır. Bir çox hallarda dövlət qurumlarında çalışanların özlərinin şirkətləri olur və onlar “qalib gəlirlər”. Bu proses dövlətə ziyan vurur. Birinci halda tenderin qalibi şişirdilmiş məbləğ üzrə qalib gəlir, yəni o satınalmanı daha ucuz başa gətirmək olardı, ancaq məbləği qəsdən şişirdilər. İkinci halda isə məbləğ şişirdilmir, lakin udan şirkət keyfiyyətsiz iş aparır, məbləğin bir hissəsini mənimsəyir".

Ə.Həsənov onu da qeyd etdi ki, qeyri-şəffaf keçirilən tenderlər özəl sektora da çox böyük ziyan vurur: “Bu hal azad rəqabətin olmasına imkan vermir, kiçik sahibkarlar iştirak edə bilmirlər. Heç də bütün dövlət qurumları belə işləmir, ölkədə şəffaf tenderlər də keçirilir, ancaq çox azdır. Əsas problem ”Dövlət satınalmaları haqqında" Qanundur, bu qanun bərbaddır. Sanki bu qanunu yazanların iki məqsədi olub. Birincisi, dövlət qurumuna əziyyət verir. Əgər dövlət qurumu şəffaf və ədalətli tender keçirmək istəsə belə edə bilməyəcək. Çünki satınalmanı həyata keçirən dövlət qurumunun da riskləri var, kimsə məbləği az göstərər, ancaq həmin məbləğə o işi görə bilməz. Tenderin şərtlərini tam və dolğun əks etdirməyə o qanun imkan vermir. Qanun elə yazılıb ki, elə dövlət qurumları qanun pozuntuları ilə işləsin. Vaxtilə dövlət satınalma agentliyi var idi, qanunu elə qoymuşdu ki, dövlət qurumları gəlib onun qılıncının altından keçməli idi.

İkinci məqsəd isə sanki o olub ki, bu tenderlərdə müstəqil şirkətlər iştirak etməsin. Müstəqil şirkətsənsə, sən tender təklifi verəndə haradasa səhvə yol verəcəksən. Tenderlər bir neçə ildir elektron şəkildə keçirilir, sanki bu şəffaflığı təmin edir. Doğrudur, burada şəffaflıq alətləri var, bütün iştirakçılar asan imza ilə müvafiq portala göndərirlər. Tenderin açılış gününə qədər heç kim digərinin nə təklif göndərdiyini bilmir. Lakin portal elə bərbad gündədir ki, adi bir sənədi təklifə qoşmaq üçün müvafiq yeri tapa bilmirsən. Bunu elə qurublar ki, dövlət qurumu ilə əlaqəsi olmayan, müstəqil sahibkar sənədləri qoşmaya əlavə edə bilmir. Elektron portal kifayət qədər aydın olmalıdır ki, hər kəs bərabər imkanlarla istifadə edə bilsin. Qeyri-elektron tender birmənalı olaraq Azərbaycanda qanun pozuntuları ilə, korrupsiya ilə həyata keçirilir. Hətta məktubları açıb baxırlar ki, kim nə qədər məbləğ təklif edib və öz şirkətinə də ondan bir az aşağı təklif yazır. Elektron tenderdə isə bunu etmək olmur, ancaq bizdə onun da dediyim problemləri var".

Hüquqşünasın sözlərinə görə, qanunvericiliyin əsas qüsurlarından biri də yeganə meyar olaraq qiymət amilini götürməsidir: “Tenderlə bağlı qanunvericilikdə problemlərdən biri də odur ki, seçim təkcə qiymətə bağlı deyil. Çünki tenderlər müxtəlifdir, elə işlər üzrə tender ola bilər ki, orada yaradıcılığa, keyfiyyətə üstünlük verilə bilər. Bu qanun müxtəlif parametrlər üzrə fərqləndirməyə imkan vermir. Dövlət orqanları da pozuntulara yol verir, şirkətlər də tenderlərdən narazı qalırlar.

Qanuna görə, hər il oktyabrın 15-nə qədər bütün dövlət qurumları etender.gov.az portalında öz illik planlarını dərc etməlidirlər. Şirkətlər də həmin planlara baxıb hazırlaşmalıdırlar. Ancaq əksər dövlət qurumlarının illik planları həmin portalda yoxdur. Heç kim qanunun bu tələbinə əməl olunmamasına nəzarət etmir".

Ekspertin sözlərinə görə, bu sahəni tənzimləmək üçün yeni təkmil qanuna və peşəkar hazırlanmış elektron portala ehtiyac var: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədr müavini Məmməd Abbasbəyli çox savadlı, peşəkar məmurdur. O bəyan etmişdi ki, yeni qanun hazırlanır. Hesab edirəm ki, onun rəhbərliyi altında aydın, səlis qanun hazırlanacaq. Portalda da dəyişiklik etmək və hamını məcbur etmək lazımdır ki, bütün satınalmalarını bu portal vasitəsilə həyata keçirsinlər. Bundan sonra da bu işə düzgün nəzarət etmək lazımdır ki, vəziyyət düzəlsin.

Bu gün dövlət qurumları bu portal vasitəsilə tender həyata keçirə bilməsələr də, səsləri çıxmır. Çünki heç biri qanuni tender keçirmir. Əgər normal tender keçirsəydilər, çoxdan problem qaldırardılar ki, bu qanunla işləyə bilmirlər".
“Yeni Müsavat”

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...