2025-ci ilə qədər Böyük Britaniyanın silahlı qüvvələrinin şəxsi heyətinin sayı 82 min nəfərdən 72,5 min nəfərədək azaldılacaq.
TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə naziri Ben Uolles ölkənin Silahlı Qüvvələrinin əhəmiyyətli dərəcədə yenidən təchiz edilməsini əhatə edən genişmiqyaslı modernləşdirmə planını təqdim edərkən elan edib.
B.Uolles vurğulayıb ki, Britaniya ordusu öz hazırlıq səviyyəsini, ənənəvi və yeni tərəfdaşlarla qarşılıqlı əlaqələrini daim artıraraq, dünyadakı döyüş əməliyyatlarında daha aktiv şəkildə iştirak edəcək.
Bunun üçün Britaniya ordusunda Reyncer adlanan bölmələr yaradılacaq. Onlar Afrikada partizanlara qarşı əməliyyatlar aparacaq və lazım olduqda birbaşa döyüş əməliyyatlarına qatılacaqlar.
Birləşmiş Krallığın Müdafiə naziri bildirib ki, Rusiya və Çinlə rəqabətdə uduzmamaq üçün ordu kardinal dəyişməlidir.
Bundan əlavə, Ermənistan və Azərbaycan arasındakı ikinci Qarabağ müharibəsi İngiltərə rəhbərliyinə pilotsuz uçuş aparatlarının bahalı döyüş tanklarını necə sıradan çıxarmasını əyani göstərmiş oldu.
Türkiyə istehsalı olan “Bayraktar TB-2” pilotsuz uçuş aparatlarının erməni zirehli texnikalarını məhv etdiyini əks etdirən kadrlar Birləşmiş Krallığın Müdafiə nazirliyi tərəfindən də diqqətlə öyrənilib.
Bu məqsədlə B.Uolles PUA-ların istehsal olunduğu zavoda baş çəkmək üçün İstanbulda səfərdə olub.
Daha sonra o həmkarlarına müraciət edərək “Türk pilotsuz təyyarələrinin tankları necə məhv etdiyini görürsünüz və özünüzə sual verin: “Döyüş meydanını hansı gələcək gözləyir?”, - deyib.