Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayı artdığı bir vaxtda ölkədə karantin qaydalarının yenidən sərtləşdirilməsi gündəmə gəlib.
Mövcud durumda sərtləşdiriləcək karantin tədbirləri arasında rayonlara gediş-gəlişin müvəqqəti bağlanması daha çox ehtimal olunur.
Milli Məclisin üzvü Müşfiq Məmmədli qısa müddət ərzində kütləvi miqrasiyaların yoluxmanı artıra biləcəyini istisna etməyib:
"Təbii ki, insanların tətil müddətində digər bölgələrə getmək hüququ var. Lakin bu məsələdə bizim zamana yayılmış addımlar atmağımız lazımdır. Qısa bir zaman kəsiyində bayramın müəyyən günlərində müxtəlif məkanlara kütləvi şəkildə gedirik və geri qayıdırıq.
Bu, çox təhlükəli haldır. Həm qarşılıqlı şəkildə kontaktlar artır, həm də yoluxmanın kütləvi olduğu bölgədən digər bölgəyə kütləvi axın olur. Nəticədə bu bölgə də həmin areala daxil edilmiş olur. Buna görə biz çox diqqətli olmalıyıq"./BAKU.WS