hemle

Azərbaycan hədəfə çatır - Düşmən dostlaşmaq istəyir

Tarix:4-03-2021, 08:55
Baxış Sayı:277

Vətən Müharibəsindəki qələbə tək regionda yox, dünyada reallığı dəyişdi. 44 günlük müharibə müddətində Azərbaycanı sanksiyalarla hədələyib, barmaq silkələyən bəzi dövlətlər bu gün Azərbaycanla bir masa arxasında oturmaq üçün yollar axtarırlar. Münaqişəni beynəlminəlləşdirmək, üçüncü tərəfi müharibədə iştiraka sürükləmək istəyən Ermənistanın 44 günlük savaşdan sonrakı aqibəti hər gün daha da pisləşir. Ağır məğlubiyyətdən heç cürə özünə gələ bilməyən düşmənə 4 ay əvvəl qorxma-qorxma deyib, havadarlıq edən beynəlxalq təşkilatların, dövlətlərin İrəvanda baş verən hadisələri indi seyirci kimi izləməkdən başqa əllərindən heç nə gəlmir.

Azərbaycan hədəfə çatır - Düşmən dostlaşmaq istəyir

44 günlük müharibədən qalib ayrılaraq 30 illik işğala son qoyan Azərbaycan isə noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra istər düşmən tapdağından azad edilən ərazilərdə, istərsə də regionda belə qısa zamanda gördüyü işlər, atdığı addımlarla Azərbaycana qarşı cəbhə açan dövlətləri də fikrindən daşındırmağı bacardı. Siyasi-iqtisadi böhran girdabından yalnız konstruktivlik, bölgə dövlətləri ilə proqressiv əməkdaşlığı dərinləşdirmək hesabında gec-tez anlamalı olan Ermənistandan fərqli olaraq Azərbaycan üçün hər şey plan üzrə gedir. Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 4 ay ərzində yığılıb qalan suallara böyük mənada aydınlıq gətirildi. Prezidentin dünyanın 35-dən çox nüfuzlu media orqanının 50-dən çox sualına verdiyi ətraflı cavablar belə düşünməyə əsas verir. Beləliklə, dövlət başçısı müharibədən sonra düşmənin fəallaşdığı informasiya cəbhəsində də üstünlüyü ələ almış oldu, erməni dəyirmanına su tökən bəzi mənbələrin dezinformasiya yaydığını aşkara çıxardı.

Demək olar ki, dövlət başçısının yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransı postmüharibə dövrünün reallıqları barədə dünya ictimiyyətində obyektiv təsəvvürün yaranmasında müstəsna rol oynayacaq. Prezidentin 44 günlük müharibədən təxminən 4 ay sonra 4 dildə 4 saatlıq mətbuat konfransı ilə tarixə keçən açıqlamaları dünyanın aparıcı KİV-lərində manjet oldu. Çinin milli xəbər agentliyi "Sinxua" və digər KİV orqanları Azərbaycan Prezidentinin vaksin mövzusundakı fikirlərinə geniş yer ayırdı. Asiyalılar Azərbaycan Prezidentinin çinli tərəfdaşlarının vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər: "Biz Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra. Biz Çində istehsal edilmiş "CoronaVac" peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən "COVAX" layihəsinə qoşulmuşuq. Bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?". Azərbaycanın dövlət başçısı bir daha sözünə imzası qədər sayqı göstərdiyini dünya media mənsublarının qarşısında təsdiq edib. Artıq dünya dövlətləri Azərbaycanın gücünü görür və qəbul edir, həmçinin etibarlı tərəfdaş kimi ölkəmizin təşəbbüsü ilə reallaşdırılan layihələrdə iştiraka, Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər. Təbii ki, məhz elə bu amillər regional siyasəti müəyyənləşdirən Azərbaycana beynəlxalq medianın da diqqətini artırıb və mətbuat konfransına olan böyük maraq bunun göstəricisi idi.

Ötən gün İtaliya Senatının Ermənistanın minalanmış ərazilərin xəritəsini rəsmi Bakıya verməsi üçün yaydığı bəyanat isə Azərbaycanın qısa zamanda artan nüfuzundan, hörmətindən, etibarlı tərəfdaş kimi özünü doğrultduğundan xəbər verir. Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyinə yer verən İtaliya Parlamenti minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etməklə Azərbaycanın onlar üçün qitədə nə qədər əhəmiyyətli fiqura çevrildiyini təsdiq etmiş oldu.

Haqq savaşında qazandığı qələbə ilə paralel irimiqyaslı regional layihələri də təxirə salmayan Azərbaycanın nüfuzu durmadan artır. Belə olmasaydı müharibə zamanı Ermənstana açıq dəstək göstərərək Azərbaycana qarşı hansı oyunlardan çıxdığını bütün dünyanın şahidlik etdiyi Fransa konstruktiv mövqe ortaya qoymaq qərarına gəlməzdi. Firənglərin prezidenti Emanuel Makronun dünən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında baş tutan görüşü əsnasında Fransanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində, bu əlaqələrin miqyasının genişləndirilməsində və iki ölkə arasında münasibətləri mehriban dostluğa çevirməkdə maraqlı olduğunu qeyd etdiyi bildirilir. Aylar öncə Azərbaycanla düşmənçilikdən çəkinməyən dövlətlərin bu gün buzları ərtimək üçün çaba göstərməsi təsdiq edir ki, tələsmək lazım deyil, yaxud da tələsik nəticə çıxarmaq lazım deyil ki, spekulyasiya üçün rəvac verməyək.

Gücü artdıqca müttəfiqi, dostu da artan Azərbaycanın haqlı yolda olduğunu Paşinyana dəstək aksiyasında İrəvanın Respublika meydanındakı mitinq iştirakçıları da etdikləri açıqlamalarla təsdiq etmiş olublar.

"Kim deyir ki, Şuşa bizimdir, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman Sparapet (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan, - red.) əsgərləri ilə birlikdə ələ keçirmişdi. Əlbəttə ki, Şuşa da, Qarabağ da Azərbaycanındır. Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları "Qarabağa xərcləyirik" adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir", - deyən aksiya iştirakçısının sözündən o nəticə çıxır ki, xalqın əksəriyyəti 10 noyabr Bəyanatından prinsipcə razıdır. Bu, həm də onların xalq olaraq Azərbaycanı bu münaqişədə haqlı və güclü tərəf kimi qəbul etdiklərini təsdiq edir. Dünənə kimi 44 günlük müharibədə ağır məğlubiyyətin əsas günahkarı kimi göstərilən Nikol Paşinyana görə meydana axışan erməni xalqı bu cür açıqlamalarla 30 illik Qarabağ avantürasından bezdiklərini, Azərbaycanla yeni savaş, revanş istəmədiyini göstərdilər. Hadisələrin xronologiyası isə bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti nəyi nə vaxt, necə etməyi yaxşı bilir.

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı