Bosniya və Herseqovinanın “O Kanal” telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.
Telekanalın əməkdaşı “Qafqazın Hirosiması” kimi adlandırıdığı Ağdam barədə reportaj hazırlayıb.
Reportajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb:
“Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız “Cümə məscidi” istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşmış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub”.
Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu:
“Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim”.