Albaniyanın ilk orta əsrlər dövrü tarixinin aktual məsələlərindən biri də bu dövrə aid şəhərlərin tədqiqi problemidir. Problemin başlıca məsələlərinə mənbələrdə adları çəkilmiş yaşayış məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların tarixi-arxeoloji tədqiqinin həyata keçirilməsi və ilk orta əsrlər dövrünə müraciət etmiş çoxsaylı erməni “tarixçilərinin” saxtakarlıqlarına məruz qalmış müxtəlif tip Azərbaycan (Albaniya) abidələrinin və tarixinin onların uydurmalarından xilas etmək, tarixi gerçəkliyi bərpa etmək və bu istiqamətdə ciddi tədqiqatların aparılmasını aid etmək olar. Tarixi həqiqətləri, yazılı mənbələri görməzdən gələrək onları saxtalaşdırıb istədikləri və arzuladıqları (vaxtilə uzun əsrlər boyu bu işi erməni-qriqoryan kilsəsi və onun təsiri və göstərişi ilə erməni varlılarının maliyyə vəsaiti hesabına “erməni tarixçiləri” həyata keçirmişlər. – C.B.) tarixi yazmaq erməni tarixçilərinin əsas peşəsi olmuşdur. Bütün bu işlər zamanı əsas mənəvi zərbəni də Azərbaycan tarixinə, o cümlədən də Qafqazın ümumi tarixinə vurmuşlar.
ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT” ŞƏHƏRİ: QAFQAZ ALBANİYASININ İLK ORTA ƏSR “ADSIZ ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ SAXTALAŞDIRMAQ CƏHDİ
Erməni “tarixçilərinin” uydurma və saxtakarlıqları. Erməni “tarixçilərinin” saxtakarlıqlarından və uydurmalarından biri də Ağdam rayonu ərazisində aşkar edilmiş ilk orta əsrlər dövrünə aid böyük şəhər yerini Tiqranakert adlandıraraq, onu erməni hökmdarı II Tiqran tərəfindən, dolayısı ilə ermənilər tərəfindən salındığını yazmalarıdır. Tiqranakert şəhərini əvvəlcə – hansı ki, tarixdə belə bir şəhər olmayıb, – Ağdam rayonu ərazisindəki Şahbulaq qalası yerində və onun ətrafında, daha sonra isə oradan bir neçə km aralıda, tarixi Tərnəküt mahalında lokallaşdırmışlar.
Əvvəlcədən qeyd edək ki, Albaniyada Tiqranakert yaşayış məntəqəsinin lokallaşdırılması ilə bağlı elmi ədəbiyyatdakı mövcud fikir və mülahizələri tədqiqatçı M.C.Xəlilov nəzərdən keçirmişdir [1, 55-60]. M.C.Xəlilov Albaniyada iki Tiqranakertin olması haqqında fikir irəli sürmüş müəlliflərlə haqlı olaraq razılaşmamış, belə fikirlərin əsassız olduğunu göstərmişdir [1, 57].
ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT” ŞƏHƏRİ: QAFQAZ ALBANİYASININ İLK ORTA ƏSR “ADSIZ ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ SAXTALAŞDIRMAQ CƏHDİ
Tiqranakert şəhərini Ağdam rayonu ərazisində lokallaşdırmasına ilk cəhdlər hələ XIX əsrdə edilmişdir. G.Alişan, S.Cəlalyan, M.Barxudaryan Ağdamın Tərnöyüt kəndi yaxınlığındakı qədim yaşayış yerini Tiqranakertlə eyniləşdirmişlər. XX əsrdə S.Q.Barxudaryan Tiqranakerti Ağdam rayonu ərazisindəki Govurqala abidəsində yerləşdirmişdir [1, 56].
Azərbaycan arxeoloqlarından R.M.Vahidov, R.B.Göyüşov Ağdam rayonu Sofulu kəndi yaxınlığındakı Govurqala abidəsində tədqiqatlar aparmışlar. Görkəmli arxeoloqlarımızdan olan R.M.Vahidov erməni “tarixçiləri” tərəfindən Tiqranakertin Govurqala abidəsi ilə eyniləşdirilməsinə qarşı çıxmış, bu abidənin Tiqranakert olmamasını göstərmişdir [2, 180-181].
Ağdam rayonu Sofulu kəndi (eləcə də Boyəhmədli kəndinin yaxınlığında) ərazisindəki Govurqala abidəsində R.M.Vahidovdan sonra görkəmli arxeoloqlarımızdan R.B.Göyüşov arxeoloji qazıntı işləri aparmış, bu yaşayış yerinin ərazsinin 40 hektara yaxın olduğunu müəyyənləşdirmişdir [3, 496; 1, 102]. R.B.Göyüşov Govurqala abidəsində apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, bu yaşayış yeri Moisey Kalankatuklunun “Alban tarixi”ndə adını çəkdiyi və hökmdar Mömin III Vaçaqanın yay iqamətgahının yerləşdiyi Aluen şəhəridir [4, 43-48; 3, 496]. R.B.Göyüşov arxeoloji tədqiqatları davam etdirərək müəyyən etmişdir ki, Govurqala abidəsi daha da böyükdür və onun ümumi ərazisi 60-70 hektardır, şəhərin narınqala hissəsi ətraf ərazidən 6-8 m yüksəklikdə üstü düz 3 hektarlıq bir təpədə yerləşir [4, 44].
ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT” ŞƏHƏRİ: QAFQAZ ALBANİYASININ İLK ORTA ƏSR “ADSIZ ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ SAXTALAŞDIRMAQ CƏHDİ
Uydurma “Tiqranakert” şəhəri – tarixi gerçəkliyi saxtalaşdırmaq cəhdi və Tuqra/Tuğra kəndi haqqında. İlk orta əsrlər dövrnə aid yazılı mənbələrdə Albaniyada Tuqrakert adlı kəndin olmasından bəhs olunmuşdur. Moisey Kalankatuklu 705-ci il Bərdə kilsə məclisində iştirak edənlərdən bəhs edərkən Tuqrakert vənginin rahibi Pyotrın adını çəkmişdir [M.Kalankatuklu, III, 6]. Bu məlumatdan aydın olur ki, Albaniyada VII-VIII əsrin əvvəllərində Tuqrakert adlı yaşayış yeri mövcud olmuşdur. Tuqrakert adının elmi ədəbiyyatda Tiqranakert şəkilində təqdim edilməsi məsələsinin də dolaşıq olması haqqında fikir irəli sürmək olar. Belə ki, albanşünas F.C.Məmmədovanın təbirincə ifadə etsək, “Alban tarixi” tarixi taleyimizin üzüdönüklüyündən dövrümüzə qrabarca (qrabar dili adlandırılan dil əslində orta fars, yəni pəhləvi dilinin bir qolundan başqa bir şey deyil. – C.B.) gəlib çatmışdır (9, 7). Buna görə də əsərin üzünü köçürən erməni nasixləri qəsdən təhrifləşdirmələr aparır, yaşayış yerlərinin adlarını və ya toponimlərin sonluğunu qrabarca ifadə etmişdilər. Bütün bunlar haqqında tarixşünaslıqda bəhs olunmuşdur. Onu da qeyd edək ki, qrabarın qədim erməni dili olması son tədqiqatlara görə fərziyyədən başqa bir şey deyildir. Qrabar əslində orta fars dilinin bir qoludur və onun hay dilinə heç bir aidiyyəti yoxdur. Son dərəcə əhəmiyyətli mənbə olan “Alban tarixi”ndə yaşayış yeri qeyd edək ki, məhz Tuqrakert kimi yazılmışdır, daha Tiqranakert kimi deyil. Albaniyanın Tuqrakert yaşayış məntəqəsini “Tiqranakertləşdirmək” cəhdinin erməni tarixçilərinin növbəti saxtakarlıqlarından biri olmasını görmək o qədər də çətin deyildir. Ümumiyyətlə, göründüyü kimi, Tuqrakert adında əsas hissə olan “Tuqra” və ya “Tuğra” “Tiqran” deyildir, “kert” sonluğu isə pəhləvi dilində “yurd”, “şəhər” mənasında olub “Alban tarixi”nin üzünü köçürən erməni katibləri, qriqoryan kilsəsinin keşişləri tərəfindən artırılmışdır və yaxud ilk orta əsrlər dövründə Albaniyada Sasani asılılığından dolayı ikinci dil kimi orta fars dilindən də istifadə edilmişdir ki, Albaniyada ilk orta əsrlər dövründə yazı dili kimi orta fars dilindən də istifadə edilmişdir. Çox güman ki, Alban ədəbiyyatının bir hissəsi pəhləvi dilində yazılmış olsun. “Alban tarixi”ndə adı çəkilmiş Tuqrakert toponimində əsas hissə “Tuqra” və ya “Tuğra”dır. Tuqra/Tuğra sözü isə türk dillərindədir, mənası bayraq deməkdir. Bu sözün kökü isə tuq/tuğ-dur, mənası tük, o cümlədən at tükü deməkdir. Çünki bayraqlardakı toppuz hissəsinin saçaqları, ümumiyyətlə bayraqlardakı saçaqlar at tükündən hörülürdü. Xüsusilə də, qədim türk inanclarına görə bir bayraq üçün hazırlanmış parçada, daha doğrusu onun saçaqlarında doqquz atın tükü də olmalı idi. Bu gün də Azərbaycanda bir çox dialektlərdə (məsələn, Ağstafa-Qazax bölgəsində) bu söz hörülmüş əşyaların saçaqlı hissəsinin ifadəsi kimi işlənilməkdədir. Onu da qeyd edək ki, orta əsrlərdə ayrı-ayrı türkdilli xalqların dövlətlərinin hökmdarları hər hansı bir fərman, tərifnamə və ya buyruq imzalayanda həmin fərmanın üzərinə belə ifadə etsək saçaqlı lent möhürlənirdi ki, bu da tuğra adlanırdı. Misal olaraq göstərə bilərik ki, Z.M.Bünyadov Stepannos Orbelina istinadən yazır: “Atabəylər dövlətinin hökmdarı Eldəniz və onun oğulları Alban katolikosu III Stepannosa fərman və tuğra, yaxud möhürlü tərifnamə vermişdilər” [11, 67]. Beləliklə də, Tuqra/Tuğra adının türk dillərində olması göz qabağındadır. Tuq/Tuğ köklü toponimlər yetərincədir və buna çoxlu sayda misallar göstərmək olar. Onu da qeyd edək ki, Moisey Kalankatuklunun “Alban tarixi”də xatırlanan Tuqra/Tuğra (və ya Tuq/Tuğ) kəndi tarixi Arsak əyalətində yerləşmişdir ki, bu kəndi Xocavənd rayonunun Tuğ kəndində lokallaşdırmaq və ya bu toponimi Tuğ kəndinin adına lokallaşdırmaq lazımdır. Bütün bunlardan başqa onu da qeyd edək ki, “Tuğ” sözü həm də tayfa adı kimi də qaynaqlarda öz əksini tapmışdır. Tədqiqatçı Q.Ə.Qeybullayev haqlı olaraq yazırdı ki, eramızın I minilliyinə aid mənbələrdə Kürdən cənubdakı ərazidə yalnız alban, sak, qarqar, sode və uti adları ilə məlum olan tayfalar haqqında məlumat verilir. Qarabağda erkən orta əsrlərdə türkdilli Aran, Tərtər, Donqar, Peçeneq, Hun, Qoros (Xoros), Vərəndə, Tuğ və digər tayfalar yaşamışlar [10, 58]. Bunlardan başqa Qarabağda, tarixi Arsak və Mərkəzi Utidə türkdilli albanlarla yanaşı həmçinin “Qarabağın köklü əhalisi türkdilli – qarqarlar, hunlar, qoroslar, peçeneqlər, qıpçaqlar və xəzərlər” [10, 126] də yaşamışlar. Qarabağın yuxarıda göstərilən yerli tayfaları əslində buranın köklü, avtoxoton əhalisi olan qıpçaq boylarıdır. Təsadüfi deyil ki, hal-hazırda Qarabağın bir çox oronim və hidronimləri qıpçaq boylarının adları ilə bağlıdır. Onu da əlavə edə bilərik ki, Tuğra/Tuqra yuxarıda göstərdiklərimizlə yanaşı, həm də kişi adı kimi qıpçaq boyları, başqa sözlə Albaniyanın əhalisi içərisində geniş yayılmışdı. Hətta Albaniyadan kənarda yaşayan digər qıpçaq boyları arasında da bu ada rast gəlinməkdədir. Ulu Çölün - Qıpçaq Çölünün Artık, Konçak və s. xanları ilə yanaşı Tuğraxan kimi xanının adı mənbələrdə xatırlanmışdır. Tuğraxan qüdrətli bir qıpçaq xanı kimi Bizans imperiyası ilə ciddi münsaibətləri olmuş, Bizansın müttəfiqi kimi fəaliyyət göstərmişdir. Belə misallara Azərbaycan Atabəylər dövlətinin süqutu dövründə paytaxt Təbriz şəhərinin rəisləri Şəmsəddin ət-Tuğrayi və onun qardaşı oğlu Nizaməddin ət-Tuğrayinin adını da əlavə etmək olar. Tuğra/Tuqra isim kimi təkcə qıpçaq boylarında deyil, ümumiyyətlə, türkdilli xalqlar içərisində də rast gəlinməkdədir. Beləliklə, Tuğra sözü türk dillərindədir, tayfa və şəxs adıdır, həmçinin dövlət atributunun adı olmuşdur.
ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT” ŞƏHƏRİ: QAFQAZ ALBANİYASININ İLK ORTA ƏSR “ADSIZ ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ SAXTALAŞDIRMAQ CƏHDİ
Albaniyada Tiqranakert yaşayış yeri haqqında VII əsr erməni müəllifi yepiskop Sebeos xatırlayır. Əvvəlcədən onu qeyd edək ki, erməni müəlliflərinin əsərlərinin, erməndilli qaynaqların məlumatlarının səhihliyi bütün hallarda şübhə doğurmaqdadır və o da birmənalı olaraq məlumdur ki, erməni kilsəsi və erməni din xadimləri bütün tarixi dövrlərdə tarixi həqiqətləri saxtalaşdırmaqla məşğul olmuş, müəlliflərinin kimliyindən asılı olmayaraq əllərində olan yazılı qaynaqları öz maraqları çərçivəsində saxtalaşdırmışlar. İran-Bizans müharibəsinin gedişində baş vermiş döyüşü təsvir edən Sebeos yazır ki, Bizans ordusu Midiya ölkəsinə istiqamət götürərək Paytakarana gəldi və Albaniyadan keçərək Gürcüstana getmək istədi; İran qoşunlarının bir dəstəsi tez Ararat vilayətinə yetişdi, buradan isə Girdimana doğru irəlilədi və Girdiman ərazisində hərəkət edərək Bizans ordusunun qarşısını kəsmək üçün başqa bir Tiqranakertdə düşərgə saldı; İran qoşunlarının digər dəstəsi isə Bizans ordusunu təqib edərək, onun arxasında Tiqranakert adlı bir yerdə qərar tutdu və beləliklə, Bizans ordusu mühasirəyə düşdü [1, 56-57]. Bu məlumatlarda Tiqranakert adlı yaşayış yerinin adı çəkilmişdir ki, buna istinad edən S.T.Yeremyan, K.V.Trever kimi müəlliflər də Albaniyada iki Tiqranakertin mövcud olması fikri ilə razılaşmışlar [1, 57; 6, 239]. Onu da qeyd edək ki, Albaniyanın tarixi ilə bağlı iri həcmli tədqiqat əsərinin müəllifi K.V.Treverin bəzi tarixi məsələlərdə qeyri-obyektiv olması yeni bir şey deyildir və onun göstərilən əsərinin bəzi məqamlarında bu özünü açıq biruzə verməkdədir. S.T.Yeremyan isə Albaniyanın tarixi məsələlərini saxtalaşdıran erməni “tarixçilərinin” birincilərindəndir.
İran-Bizans müharibəsinin son mərhələsində Bizans qoşunlarının Dəbildən keçərək Naxçıvana gəlməsi, orada Araz çayını keçərək Atropatena ərazisinə yürüş etməsi, Atropatena Gəncəsini tutaraq, buradakı atəşpərəst məbədini dağıtması, oradan da şimala doğru hərəkər edərək Albaniyaya yürüş etmələri, paytaxt Bərdəni tutmaları, buradan da tarixi Bərdə – Dəbil yolu ilə irəliləyərək Tərtər çayının yuxarı axarları boyunda – Kaqankat və Divdəkan yaxınlığında, Tərtər çayının sahilində düşərgə salmaları, eləcə də İran qoşunları tərəfindən məğlub edilərək, qərbə çəkilmələri və nəhayət Bizansa geri dönmələri haqqında Moisey Kalankatuklu təfsilatı ilə “Alban tarixi”ndə məlumat verir [M.Kalankatuklu, II, 9]. Bu məlumatlarda Tiqranakert adı çəkilmir. Moisey Kalankatuklu Bizans qoşunlarının İran qoşunları tərəfindən mühasirəyə salınmasından bəhs etmir. Göstərir ki, üç İran sərkərdəsinin komandanlığı altında olan qoşunlar birləşərək İraklinin ordularını Sünikin torpaqlarından geriyə qovdular. Onlar bizanslıları öz ölkələrinə qədər qovdular, onların şəhərlərini silah gücüylə əllərindən aldılar [M.Kalankatuklu, II, 9]. Bizans qoşunlarının Albaniyaya yürüşü və keçdikləri ərazilər haqqında “Alban tarixi” mənbəyindəki məlumatlara əsaslanmaqla akademik Z.M.Bünyadov yuxarıda göstərdiyimiz kimi bəhs etmişdir [8, 51-52]. Həmçinin tədqiqatçı F.C.Məmmədova da M.Kalankatuklunun göstərilən məlumatlarına istinadən Bizans ordusunun hərəkət maşrutundan bəhs etmişdir [9, 190]. Bizans imperatoru İraklinin ordusunun hərəkət maşrutunun keçdiyi yaşayış məntəqələri içərisində Tiqranakert adlı yaşayış yeri xatırlanmır.
ERMƏNİ TARİXÇİLƏRİNİN UYDURMASI – “TİQRANAKERT” ŞƏHƏRİ: QAFQAZ ALBANİYASININ İLK ORTA ƏSR “ADSIZ ŞƏHƏRİ”NƏ YİYƏLƏNMƏK VƏ TARİXİ GERÇƏKLİYİ SAXTALAŞDIRMAQ CƏHDİ
Moisey Kalankatuklunun səhih məlumatlarında Bizans qoşunlarının Albaniyanın Girdiman vilayətində olmasından bəhs olunmamışdır. Buna görə də Sebeosun məlumatlarının dəqiqliyini və hansı döyüşdən bəhs etdiyini müəyyənləşdirmək zərurəti vardır. Bəhs olunan məsələ haqqında akademik Z.M.Bünyadov gürcü mənbəyindəki məlumatları da nəzərdən keçirmişdir.
Gürcü mənbəyi İraklinin bu hərbi səfərini bir qədər başqa şəkildə təsvir edir: “Stepanozun padşahlığında (600-619) imperator İrakli Ermənistan (Ermənistanın – Armeniyanın bu adı mənimsəmiş haylarla nə dərəcədə bağlı olması şübhəlidir və tarixi Armeniya və armenlərin tarixi məsələlərinin obyektiv tədqiq edilməsi zərurəti vardır. – C.B.), Azərbaycan və Şirvanı istila etdikdən sonra Gürcüstana girdi, gürcülərə qalib gəldi və onların padşahı Stepanozu öldürdü” [8, 52]. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, İraklinin məşhur 623-cü il yürüşündən qabaq, bir dəfə də 619-cu ildə Cənubi Qafqaza yürüşü olmuşdur, lakin bu yürüş haqqında Moisey Kalankatukluda məlumat yoxdur, o, 623-cü il yürüşü haqqında təfsilatı ilə məlumat verir. Burada, məsələ Bizans imperatoru İraklinin yürüşləri haqqında danışmaq deyil, onun yürüşü zamanı keçdiyi yaşayış məntəqələri arasında Sebeosun Tiqranakert adlı yaşayış yerini xatırlamasıdır ki, Sebeosdan başqa həmin dövr mənbələrində İrakli qoşunlarının İran qoşunları tərəfindən mühasirəyə salındığı Tiqranakert adlı yaşayış yeri xatırlanmır. Sebeosun məlumatlarından mənbə kimi istifadə etmiş digər erməni müəllifi, XI əsrdə yaşamış Asohik də İran qoşunlarının Bizans ordusunu Tiqranakert kəndində mühasirəyə alımasından bəhs etmişdir [1, 58].
Erməni tarixçilərindən St.Malxasyants və K.Patkanyan alban Tiqranakertinin Ermənistanın paytaxt şəhəri olmuş Tiqranakertdən fərqli bir yaşayış məntəqəsi olduğunu vurğulayırlar [1, 57]. Belə hesab edirik ki, Albaniyanın yaşayış yerlərindən biri olan Tuqra/Tuğra adının erməndilli qaynaqlarda (Haşiyə. Bu qaynaqların nə dərəcədə yazıldığı dövrlərə aid olması, onların həqiqətən də mənbə olması şübhə doğurmaqdadır. Qrabardilli mənbələr hesab olunan yazıların sonrakı dövrlərdə qələmə alınması fikri irəli sürülməkdədir. Belə hesab etmək olar ki, Alban kilsə ədəbiyyatını ələ keçirmiş erməni din xadimləri onları məhv etməzdən əvvəl oxumuş, onlardakı, xüsusilə tarixi məlumatları özündə əks etdirmiş əsərlərdəki məlumatları saxtalaşdırmış, erməni tarixi və erməni coğrafiyası uydurmuş, saxta “mənbələr” və saxta “müəlliflər” icad etmişlər. İrəli sürülmüş və əsaslı görünən elmi mülahizələrdən biri də odur ki, Favtos Buzand və Moisey Xorenli adlı müəlliflər heç mövcud olmamışdır. Belə müəlliflər və onların əsərləri əslində qriqoryan kilsəsinin uydurmasıdır. Və yaxud belə müəlliflər olmuşdur, lakin onların əsərləri orijinalında tarixi həqiqətləri özündə əks etdirdiyinə görə “qənaətbəxş olmadığı” üçün qriqoryan kilsəsi tərəfindən “yenidən yazılmışdır”. Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Armeniya və armenlərin hay/hayk tayfaları ilə heç bir əlaqəsi yoxdu. Hesab etmək olar ki, Armeniyanın saklarla bağlılığı olmuşdur, təsadüfi deyildi ki, mənbələrdə Armeniya hökmdarlarının sak-massagetlərdən olması haqqında məlumatlar vardır. Bu mövzunun geniş şəkildə tədqiqi olduqca aktualdır. – C.B.) qəsdən Tiqranakertləşdirilməsi nəticəsində məsələlər mürəkkəbləşmişdir. Buna görə də yuxarıda göstərilən erməni tarixçiləri guya məsələni araşdırıb aydınlaşdırır, belə nəticəyə gəlirlər ki, Albaniyadakı Tiqranakert fərqli, başqa bir Tiqranakertdir. Nəticə etibarı ilə belə bir qənaəti ortaya qoymağa çalışırlar ki, Albaniyada Tiqranakert adlı şəhər olmuş və bu şəhər Tiqranakert şəhərlərindən biridir. Bununla da növbəti tarixi saxtakarlıq edərək, Alban yaşayış yerini özünküləşdirib erməniləşdirirlər.
Ağdam rayonunun Ermənistan tərəfindən işğal edilmiş ərazisində, Xaçın çayın sağ sahilində erməni arxeoloqları tərəfindən 2006-cı ildən etibarən aparılan qanunsuz arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş şəhərgahın yerində Tiqranakert şəhəri lokallaşdırılmış, şəhərin guya e.ə. I əsrdə erməni hökmdarı II Tiqran tərəfindən əsasının qoyulduğu və onun inşa etdirdiyi dörd Tiqranakertdən biri olduğu barədə özlərinəməxsus ənənəvi fərziyə irəli sürülmüş, eyni zamanda qeyd edilmişdir ki, burada söhbət Ermənistanın paytaxtı Tiqranakert şəhərindən getmir [1, 56].
Azərbaycan arxeoloqu R.B.Göyüşov da vaxtilə bu ərazidə arxeoloji tədqiqat aparmışdır. Bu ərazi Beşiklidağ adlanır. Beşiklidağ Ağdam – Ağdərə şose yolunun sağ tərəfində Xaçınçayın sağ sahilindədir. Onun cənub tərəfdən zirvəsində möhtəşəm bir divar qalığı vardır [4, 59]. Bu divar qalığı heç şübhəsiz ki, erməni arxeoloqları tərəfindən qanunsuz aparılmış arxeoloji qazıntı işləri nəticəsində e.ə. I əsrdən daha qədim dövrə aid aşkar edilmiş qalanın [1, 60] bir hissəsidir. Beşiklidağ ərazisində R.B.Göyüşov apardığı tədqiqatlar nəticəsində müəyyən etdiyi abidələr haqqında məlmat verərərkən buradakı kilsə, qəbirstanlıqdan bəhs etmişdir [4, 59-61].
II Tiqranın hakimiyyəti dövründə (e.ə. 95-55-ci illər) qısa müddət ərzində güclənib işğalçılıq müharibələri aparan Armeniya ordusunun və onun hökmdarı II Tiqranın Albaniyaya hücum etməsi tarixi həqiqət deyildir. II Tiqranın gəlmədiyi Albaniya ərazisində şəhər saldırması sadəcə absurd bir şeydir və belə absurd fikirləri də həmişə tarixi gerçəkliyi saxtalaşdırmaqda ad çıxarmış erməni “tarixçiləri” irəli sürə bilərlər. II Tiqran tərəfindən dörd Tiqranakertin inşa etdirilməsi belə fikirmizcə, şübhəlidir. E.ə. I əsrdə tarixi Armeniya Strabonun məlumatına görə Şərqi Anadoluda Van gölü yanında kiçik bir ərazi idi. Qaynaqların heç birində II Tiqranın Albaniyaya yürüşü haqqında məlumat yoxdur. Əksinə, II Tiqran Aralıq dənizi istiqamətində müharibələr aparırdı və son nəticədə onları da itirdi [7, 154]. Albaniya bu dövrdə müstəqil və Romalılara müqavimət göstərəcək qüdrətə malik bir dövlət idi və Qney Pompeyin komandanlığı altındakı Roma qoşunları ilə ciddi müharibə aparmışdır. Hansı ki, həmin dövrdə Pompeyin yürüşündən sonra II Tiqran işğal etdiyi Roma imperiyasının Şərq torpaqlarından məhrum edildi, özü də əsir olaraq Romaya göndərilmişdir [7, 155]. Beləliklə, erməni hökmdarı II Tiqranın Albaniyada Tiqranakert şəhərini saldırması erməni tarixçilərinin uydurması və fərziyyəsindən başqa bir şey deyil. Çünki bunu heç bir mənbə təsdiq etmir. Ümumiyyətlə, Albaniyada Tiqranakert adlı şəhərin olması bütün hallarda həqiqətə uyğun deyildir və bu barədə yazılı qaynaqlarda heç bir məlumat da yoxdur.
Erməni tarixçilərinin uydurmaları, əsassız fərziyə və mühakimələri tarixi həqiqətlərin saxtalaşdırılmasına xidmət edir. Mənbə məlumatlarını nəzərə almadan, bu məlumatları dəqiqləşdirmədən, eləcə də konsepsiyalarına uyğun şəkildə görmək istəklərinə görə saxtalaşdıran erməni tarixçiləri Albaniyanın vilayətlərinin erməni hökmdarları I Artaşes və II Tiqran tərəfindən işğal edilməsini uydurmuşlar. Erməni tarixçilərinin uydurmaları və yalanları albanşünas tədqiqatçı F.C.Məmmədova tərəfindən əsaslı şəkildə ifşa olunmuşdur [9, 106-117].
Qeyd etdiyimiz ki, erməni tarixçiləri Uti və Arsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri sübut edir ki, II Tiqran Alban torpaqlarını işğal etməmişdir [9, 108].
Moisey Kalankatuklunun “Alban tarixi”ndə xatırladığı yaşayış yerinin adı Tiqranakert deyil, bu kənd Tuqrakert kimi göstərilmişdir. Digər tərəfdən Albaniyada Tiqran adının o qədər də geniş yayılmadığı mənbələrdə göstərilmiş şəxs adlarının təhlilindən də görsənir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, “Tiqran” sözü də erməni deyil, iran mənşəli (Pəhləvi) ad olmuşdur və Albaniyanın Parfiya, ondan sonra isə Sasanilərlə çoxəsrlik münasibətləri dövründə “Tiqran” İran mənşəli adın Albaniyada yayılması mümkündür.
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında mövcud maddi mədəniyyətin dağıdılması, onların mənimsənilməsi, saxtalaşdırılaraq erməni abidələri kimi təqdim edilməsi heç də sirr deyil. Qeyd edildiyi kimi, işğal olunmuş torpaqlarımızda erməni arxeoloqları tərəfindən qanunsuz olaraq aparılan arxeoloji qazıntılar nəticəsində Ağdam rayonu ərazisində, Xaçın çayın sağ sahilində aşkar olunmuş ilk orta əsrlərə aid iri bir şəhərin Qafqaz Albaniyasının hansı şəhəri olmasını aydınlaşdırmaq zərurəti vardır.
Tədqiqatçı M.C.Xəlilov haqlı olaraq yazır ki, VII əsrdə Tiqranakertin yaşayış məntəqəsi olub-olmadığını Sebeos dəqiqləşdirmir. Digər erməni müəllifi Asohik XI əsrdə Tiqranakerti kənd adlandırır. Beləliklə, Tiqranakertin şəhər olması yazılı mənbələrdə öz əksini tapmamışdır. Arxeoloji qazıntılar isə Xaçın çayının sahilində aşkar edilmiş abidənin ilk orta əsrlərdə böyük bir şəhər olub XIV əsrə kimi mövcudluğunu göstərmişdir [1, 59].
Bəhs olunan ərazi tədqiqatlardan da məlumdur ki, Albaniyanın tarixi Arsak əyalətinin ərazisi olmuşdur. Deməli, burada aşkar olunmuş ilk orta əsrlər dövrünə aid iri şəhər həmin dövrdə Albaniyanın Arsak əyalətinin yaşayış məntəqələrindən biri olmalıdır. Bizim fikrimizə görə, bu şəhər “Alban tarixi” mənbəyində böyük şəhər kimi xarakterizə edilmiş və Arsak əyaləti ərazisində yerləşdiyi göstərilmiş Tsri şəhərinin qalıqları olması ehtimalını irəli sürmək olar.
Nəticə. Beləliklə, “erməni arxeoloqlarının” işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət dağıdılır, talan edilir və yaxud erməni maddi mədəniyyət nümunələri kimi təqdim olunur, tarixi həqiqətlər təhrif olunur, heç bir fakta və dəlilə əsaslanmadan ilk orta əsrlər dövrünə aid şəhər yeri erməni hökmdarı olmuş II Tiqran tərəfindən salındığı iddia olunur. Nəinki hal-hazırda işğal edilmiş Azərbaycan torpaqlarında, eləcə də indiki Ermənistan adlanan Azərbaycan xalqının tarixi-etnik torpaqlarında bütün tarixi dövrlərə aid maddi mədəniyyətin ermənilərə heç bir aidiyyəti yoxdur. Qeyd olunan coğrafiyanın tarixi sahibləri, oradakı bütün maddi mədəniyyətin əsl sahibləri Azərbaycan xalqıdır, bu maddi mədəniyyətin yaradıcıları və əsrlər boyu daşıyıcıları da Azərbaycan xalqı, onun əcdadları olmuşdur. Belə bir nəticəyə gəlmək olur ki, Albaniyada Tiqranakert adlı şəhər mövcud olmamışdır. Digər tərəfdən, Moisey Kalankatuklunun Bərdə kilsə qurultayı ilə bağlı hadisələrdən bəhs edərkən xatırladığı Tuqrakert qeyd etdiyimiz kimi, Tiqranakertlə xeyli fərqlidir və kənddir, şəhər deyildir. Erməni “tarixçiləri və arxeoloqları” tərəfindən irəli sürülmüş Tiqranakert şəhəri onların növbəti uydurması və fərziyyəsinin məhsuludur, heç bir tarixi gerçəkliyi əks etdirmir. Erməni tarixçiləri tərəfindən müxtəlif dövrlərdə yazılmış ayrı-ayrı “Ermənistan tarixi” adlı əsərlər də bütövlükdə uydurmadan başqa bir şey deyildir. Ermənilərin əsl tarixi Strabonun da yazdığı kimi, kiçik Armeniya vilayətinin tarixidir ki, bu tarix də hayların Balkanlardan Armeniya vilayətinə köçüdüyü dövrdən başlayır və tədqiqatlara görə Armeniya adının da haylarla heç bir əlaqəsi yoxdur, haylar (hayklar) vaxtilə köçüb məskunlaşdıqları tarixi Armeniya vilayətinin və onun əhalisinin adını mənimsəmişlər. Qədim mənbələrdən məlumdur ki, Armeniya Midiya ilə bağlı olmuşdur. XIX əsrdə çar Rusiyası tərəfindən məkrli siyasətin nəticəsi olaraq Qafqaza, əsasən Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin XIX əsrədək bütövlükdə Qafqazın tarixi ilə heç bir bağlılıqları yoxdur. Ermənilərin Qafqazdakı tarixi isə yalnız XIX əsrin 20-30-cu illərindən başlayır.
Azər Azadzadə Atəs.