Xəqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin Rəhbəri
V Yazı
(Əvvəli: http://fedai.az/index.php?newsid=3256, http://fedai.az/index.php?newsid=3272, http://fedai.az/index.php?newsid=3280, http://fedai.az/index.php?newsid=3289)
Girdiman çayının uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km güney-doğusundan (2900 m) alır. Azərbaycanın daşqınlara meyilli çaylarındandır. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15-20 dəfə çox olur. Kürün sol sahil çaylarındandır. Bu çay öz adını Girdiman qalasının adından almışdır. İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən bu qala, həm Girdiman, həm də Cavanşir qalası adlanır. Bəziləri Girdiman dövlətinin təkcə bu çay vadisində yerləşdiyini düşünməkdədir. Amma Girdiman dövləti VII əsrin əvvəlindən 705-ci ilə qədər fəaliyyət göstərib. Dövlətin əsasını qoyan Mehranilər sülaləsi əvvəllər Girdiman (indiki Şəmkir-Qazax) vilayətində hökmranlıq etmişlər. Hökmdar Cavanşirin dövründə isə bütün Albaniya ərazisini əhatə edib. Hakimiyyətdəkilər Mehranilər nəslinin nümayəndələri olub. Bu dövlətin sərhədləri İberiyadan Dərbəndə qədər uzanırdı. Paytaxtı isə Bərdə şəhəri idi.
Lahıcın belə toxunulmaz qalmasına, çox güman ki, bu sərt dağlar və iti axarlı Girdiman çayı səbəb olub. Lahıc küçələrinin çay daşlarından döşənməsi Şuşanın küçələrini xatırladır. Hacı, Lahıcın kanalizasiya -kürəbənd sisteminin necə qurulmasını indiyədək bir sirr olaraq qaldığından danışır. Bu gün bizlərə Avropa mədəniyyətini örnək göstərənlər gəlib bir qəsəbədə düşmən talanına məruz qalmamış Lahıca baxsalar bəs edər. Çünki digər ərazilər, istər Dərbənd olsun, istər Bakı, istər Şamaxı, istər Lənkəran, istər Naxçıvan, istərsə də İrəvan yüz dəfələrlə bu günkü Qarabağımız kimi tarmar edilib. Amma həm müqəddəs bildiyimiz Babadağ, həm digər dağlar arxa duran Lahıcımız igid sakinlərin hesabına tarixlə baş-başa bu günümüzə gəlib çıxıb...
Səfər yoldaşımız bəy nəslindən olan İslam bəy boşeviklərin onun nəslinə etdiklərindən nifrətlə danışır. Faşizmini əzazillikdə geridə qoymuş bolşevik imperializmi bu kəndin əsilzadələrindən də yan ötməyib. İslam Səfərovun babası və onun qardaşları Süleyman bəy, Qədir bəy, Böyükağa bəy "gedər-gəlməzə" göndərilib. Ümumiyyətlə, bu nəsil kommunist işğalından yetərincə zərbə görmüş bir nəsildir. Nəslin digər nümayəndəsi Sərxan bəy, Bakıda qoçular arasında ad - san çıxarmış biri olub. Onun barəsində Lahıcın və Azərbaycanın məşhur yazıçısı Manaf Süleymanov da yazıb. Sərxan bəy Məhyəddin bəy adlı türk komandirin dəstəsini Lahıca gətirib. Onu da bolşevik casusları arxadan güllə ilə vurub və ölməzdən öncə deyib: "Kişi, kişini arxadan vurmaz". Kommunist hara, kişilik hara? Vətənini yadlara satan bir üfunət yığnağında kişilik olmaz...
Lahıc igidləri də Vətənin dar günündə Qarabağ uğrunda könüllü döyüşlərə qatılmışlar. İslam Səfərov birincilərdəndi. Onun döyüşçü-veteran olmasıyla fəxr edən qardaşı oğlu Ağa Səfərov, 13 yaşında öz əmisinə şeir həsr eləyib (2005-ci il):
Sən qorudun Vətəni,
Asan bildin, çətini
Bildirdin niyyətini,
Mənim qəhrəman əmim...
Göstərdiyin, şücaət,
Həqiqətdir, həqiqət,
Adın gətirir rəğbət,
Mənim qəhrəman əmim.
Qəhrəmanlığın bəlli,
Ey Qarabağ əlili,
Ağa deyir dəlili:
"Mənim qəhrəman əmim",
Ey Hacı İslam əmim!
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
Hazırda böyük bir nəslin davamçısı 25 yaşlı Ağa Səfərov Zeyvə kənd orta məktəbində direktor müavinidir. Anası Adilə Səfərova isə, Azərbaycan Prezidenti cənab İ. Əliyevin və I Vitse prezident xanım M. Əliyevanın təşəbbüsü ilə tikilmiş yeni və müasir tələblərə cavab verən Lahıc orta məktəbinin qabaqcıl müəllimlərindən sayılır. Elə buna görə də məktəbin açılışında I Vitse prezident xanım Mehriban Əliyeva qabaqcıl müəllimlərlə fotoşəkil çəkdirib. Səfər yoldaşımız İ. Səfərovun ata yurduna baş çəkib yenidən kəndin küçələri ilə addımlayıb onun qəbristanlıqda uyuyan yaxınlarını ziyarət etdik.
Hacı burada uyuyan valideyləri ilə yanaşı uyuyan, faciəli şəkildə vəfat edən 27 yaşlı gənc qardaşının hekayətini anlatmışdı. Bu hekayət Azərbaycan insanın Ana müqəddəsliyi qarşısında verdiyi son imtahana bənzəyən bir hekayətdir. Bu gün Avropanın türlü-türlü inistitutları milləti tam zəiflətmək üçün Azərbaycan ailə modelini, valideynə sonsuz məhəbbəti sarsıtmağa girişiblər. İslam bəy hər kəsi kövrəldən bir hekayəti ağır-ağır anlatdı: "Qardaşım Mərdan Ağabəy oğlu Səfərov 1956-cı ildə doğulmuşdu. 27 yaşında vəfat edib. Hərdən kənddə tay-tuşları ilə yığışıb içki məclisləri düzəldərmişlər. Bir gün anam onu tənbeh edir və Ağabəy anama bir də içki içməyəcəyinə söz verir. Sözünü də tutur. Lakin bir gün dostları çox üz vurduğuna görə sözündən dönür. Gecə yarsı evə qayıdır və yatmış anamın yanından ötüb xəncəri götürüb "xarakiri" üsuluyla özünə qəsd edib deyir ki, bağışla, ana, mən sənə verdiyim sözü tuta bilmədim. Böyük çətinliklərlə həkimə çatdırılsa da cəmi 7 gün yaşadı. Ayılarkən də dedi ki, gərək mən yaşamayaydım. İkinci əməliyyatda cərrah masasında vəfat etdi"...
Bir gəncin taleyi qəlbimizi ağrıtsa da, bir insanın Anaya verilən sözə görə həyatından keçməsi örnəyi məni daha çox düşündürdü. Gənclərimizə bu sevgini verən Analarımız, onların da Anası olan Vətənimizi bu cür sevməyi və bu cür sədaqətli olmağı kaş öyrədə biləydilər...
Allah rəhmət eləsin! İslam bəy, sonda dedi ki, o, yaşasaydı, Qarabağ uğrunda döyüşlərdə ad qazanardı. Çünki Allah onu bu cür döyüşçü yaratmışdı...
Lahıcın yetirmələrindən olan Manaf Süleymanovu bu yazıda anmamaq günahdır. Azərbaycanın 20-ci əsrin əvvəllərindəki hadisələrin canlı ensiklopediyası olan M. Süleymanov köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
Görkəmli yazıçımız Türk-İslam ordusuyla bağlı ən düzgün məlumatlar yazmış tək yazıçımızdır. Ona görə günümüzlə səsləşən iki məqamı diqqətinizə çatdıracağam: "Vəziyyəti müəyyənləşdirmək üçün ingilis generalı Lyu Bağdaddan təcili Bakıya gəlir. Deyilənlərə görə o, xəritədə bir yeri göstərib soruşur: «Bu məntəqə kimin əlindədir?» Qərargah zabiti göstərilən nöqtəyə baxıb deyir: «Maştağa, cənab general, türklərin əlindədir»: «Müharibə uduzulub» deyə Lyu qaş-qabağını tökür.
Avqustun 31-də türklər təzədən hücuma keçib ingilis qoşunlarını darmadağın edirlər.
Birinci dünya müharibəsində fərqlənmiş hər iki ingilis generalı Denstervil və Lyu zabitlərlə bərabər toz, tüstü içərisində, türklərin atəşi altında şəhər kənarını bir də gəzib qərara gəldilər ki, döyüş uduzulub.
General Denstervilin süngüləri üzərində qurulmuş «Sentrokaspi diktaturası» qırx dörd gün və qırx beş gecə ömür sürəndən sonra siyasət səhnəsini biabırçılıqla tərk edir. Nuru paşanın komandası altındakı Türk islam Qafqaz ordusu şəhəri bombardman edirdi.
İngilislər hələ neçə gün əvvəl bankları, şəhərin var-sərvətini qarət edib gəmilərə daşıyaraq İrana göndərmişdilər. İndi mədən, zavod cihazlarını və avadanlığı aparırdılar. Hündür, yekə şotland qatırlarını və atları yükləməyə gəmilərdə yer yox idi. Düşmənə qənimət qalmasın deyə İmamverdi körpüsünün yaxınlığında, Bəhriyyə məktəbi qabağındakı meydanda ingilis zabitləri heyvanları güllələməyə başlayırlar. Adamlar kənarda dayanıb, ürək ağrısı ilə bu vəhşiliyə baxırdı. Dəhşətə gəlib ağlayanlar da vardı. Ölümü sövqi-təbii duyan qatır və atların da gözlərindən yaş axırdı, aman, imdad istəyirmiş kimi elə kişnəyir, elə əsirdilər ki, adam dəhşətə gəlirdi. Atların arasında üç-dörd yaşar bir kürən diqqəti xüsusilə cəlb edirdi. Cavan bir oğlan qabağa cumub ingilis zabitinə yalvarmağa başladı ki, bu atı öldürmə, ver mənə. Zabit yanındakı daha yüksək rütbəli zabitlə öz dillərində nə danışdısa, ikisi də birdən güldü və yalınqat kürən atın yüyənini oğlana uzatdı. O da hoppanıb atın belinə mindi. At götürüldü. Zabitlər bir-birinə təəccüblə baxıb, nə isə danışdılar"...
İkinci məqam isə bu günlə üst-üstə düşən məhərrəmliklə bağlıdır. 1918-ci ilin bu günləri 100 il sonra isə, 2018-ci ilin bu günləri Məhərrəm ayına təsadüf edib. Yəni tarix təkrarlanırsa, bu il Qarabağın Zəfər ili olacağına inanmaq olar.
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
M. Süleymanov 100 il öncə məhərrəm ayında baş vermiş bir hadisəni hadisəni qələmə alıb: "Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə döyə-döyə, zəncir vura-vura, baş yara-yara: «Şah Hüseyn, ya Hüseyn» çığıra-çığıra başlayırlar əzadarlığa.
Şəhərin polis rəisi bu əcayib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə vəhşət. Şu zavallılar neçin ulaşıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə şöylə işgəncə veriyorlar». Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: «Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış». Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə bir dillə onları başa salır ki, müharibə vəziyyətində olan şəhərdə yığıncaq və nümayiş qadağan edilib. Gedin, məscidə toplaşın, ədəb dairəsində həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib...
Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə...Polis rəisi dörd əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala.
Ağsaqqallar polis rəisinin yanına iltimasa gəlirlər. Cavab verir ki: «kavur ingilislər Kərbəlanı istila edib, həzrəti imam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Toy gedib, həzrəti Hüseynin türbəsinikafir ingilislərdən azad etsinlər, şəhid olanlar behiştə gedər. Şurda boş-boşuna bağırmakdan, kadın təki göz yaşı axıdıb, ağlamakdan fayda yok. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?»
Camaatın arasına vəlvələ düşür, başlayırlar ağlaşmağa, yalvarmağa. Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis rəisinin yanına minnətə gedir. Nəhayət, polis rəisi deyir: «Pək eyi, Kərbəlaya, Ərəbistana yollamam, hala Dərbənddə kavur Denikinlə vuruşuruq, ora yollarım, qoy orda rəşadət göstərib, din, islam yolunda cihad etsinlər». Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar, nəinki küçə-bazarda, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər" ("Eşitdiklərim, oxuduqlarım və gördüklərim") ...
Yəni necə deyərlər, dinlərini də canlarına qurban edərlər və nə yazıq ki, 100 il sonra da bunların balaları gözə girirlər.
Bu yerdə səfər yoldaşımız Allahverdi Dərd tez-tez Murad Köhəqaladan gətirdiyi:
Səccadəyə boyun əymə,
Bir yetimin saçını öp.
Ərəbin daşın öpüncə,
Get xərtədə Laçını öp.- sitatının yeri var, deyəsən...
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
Digər bir ensiklopedik əsərində isə M.Ə. Rəsulzadənin Lahıc həyatını qələmə alıb: "İyirminci ildə Lahıcda daldalanmış Məmməd Əmin Rəsulzadəni və Abbasqulu Kazımzadəni evində saxlamışdı. "Əsrimizin Səyavuşu" yarandığı yerlərdən biri Ərəb əminin evi idi. Ərəb əminin qardaşı Bakı Texniki məktəbinin müdavimi Ağabala Qasımov M. Ə. Rəsulzadə ilə sinif yoldaşı olub. 1905-ci il çıxışlarında, rus mütləqiyyətinə. müstəmləkə əsarətinə qarşı mübarizədə dost olmuşlar. Ərəb əmi 3 aya yaxın bir müddət M. Ə. Rəsulzadəyə, həm mənəvi, həm də maddi himayə göstərmişdir. Lahıcda demək olar ki, bütün xalq Rəsulzadəyə ehtiram göstərmişdir.
Elələri vardı ki, özlərini, göz görə-görə özünün, ailəsinin və böyük nəslinin məhv olmasından qorxmamışdı. Onların hamısını saymaq nə mümkündür, nə də yaddaşlarda qalıb, amma ən görkəmlilərini xalqa tanıtmaq lazımdır: Məhəmməd Mehdi Qasımov, misgər Məşədi Əsəd Mahmudoğlu, çarvadar Məmməd Sadıq Mirzə oğlu,tacir Əliabbas bəy Nəsrulla bəy oğlu, dövlətli dabbaq Məşədi Səlim, qoca arvad Mədinə xanımHacı İbrahim Xəlil qızı və s. Lahıcı tərk etməzdən bir gün qabaq, M. Ə. Rəsulzadəvə Abbasqulu Kazımzadəni Badavan məscidinin minarəsində gizlədirdilər və yemək-içməklərini Məmməd Sadıq Mirzə oğlu təşkil edirdi. Məşədi Əsəd əlində tapança çiynində tüfəng Lahıcdan Qoydon qazmasına müşayət edib"...
Yəni, 3 ay ərzində yer dəyişməklə saxladıqları Öndərə Lahıc sakini xəyanət etmək istəsəydi elə bu vaxt ərzində edərdi. Ona görə də yoxlanmadan faktları yaymaq olmaz!
Çünki yerli əhalinin hələ bu söhbətlərdən öncə lentə alınmış bir filmdə satan adamın Xəlil adlı birisi oması deyilirdi. Həm də əsirlikdə yəhudi adıyla güllələnməyə məhkum edilmiş Usta Məcidi Albaniyada ölümdən xilas edib Qurani Kərim bağışlayan M. Ə. Rəsulzadə ona nəsə deyə bilərdi. Amma o Lahıcdan olan Usta Məcidə ehtiramla yanışıb və onu bu təhlükədən xilas edib.
Lahıc öz papaqçılarıyla da məşhurdur. Küçəyə açılan papaqçı dükanına girən Allahverdi bəy panamasını çıxarıb "milliləşməyə" üstünlük verir. Hərçənd ki, bu "milliləşmədən" sonra Allahverdi Dərdin panaması bizimlə yolçuluqdan tam imtina edib elə Lahıcda "qaldı". Amma etibarlı əllərdədir və Allahverdi Dərdin yolunu gözləyir. Vitrindəki papaqlar göz oxşayır. Usta Abdulla Dadaşov paytaxtda keçirilən Novruz şənliyində Dövlət Başçısı İ. Əliyevin onun tikdiyi papağı bəyənib almasından fəxrlə danışır. Papaqları başımıza qoyub şəkil çəkdirdik və "bazar olsun"-deyib yolumuza davam etdik. Kəndə təşrif buyuran turist axını təqdirə layiqdir. Dövlətin kəndə iki istiqamətdən yol çəkməsi, yeni infrastrukturların tikintisi nəzərə çarpır. Hələ Böyük Qafqazın tam ətəklərindən çəkilmiş yeni yol infrastrukturunu təqdir etməyin tam yeridir. Rahatlıqla azından bizi 20 km qabağa salan yeni yolla Dəmirçi kəndinə çatdıq...
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
... Səfərimiz başa çatır. Böyük Zəfərin Böyük Qafqazdakı təntənəsini tam anlatmağa çalışdım və inanıram ki, bir Zəfərin də belə bir səfərnaməsini tezliklə, Kiçik Qafqazda yazacağam. Yurdumuza daraşan o köpək sürüsünü bu məmləkətdən müasir silahların yaylımı ilə külə döndərməsək bu yurddan bizə məzar olmaz. Sabahımız naminə, gələcək və sonsuzadək sürəcək nəsillərin gələcəyi naminə biz Qalib gəlməyə, Zəfər qazanmağa məhkumuq. Məni çoxlarınız bir türk millətçisi kimi tanıyır və düz tanıyırsınız. Amma mən öz türk millətimi sevdiyim qədər, mənim məmləkət qədərimi paylaşmış tatı da, ləzgini də, talışı da və qeyrilərini də sevirəm. Türk milləti heç zaman şovinizmə, faşizmə, kommunizmə meyillənmədi. Bundan sonra da kimsə etnik zəmində Vətən üzərinə oyun oynamasına yol vermərik. Biz bir məmləkətin övladlarıyıqsa, deməli bir ananın uşaqlarıyıq. Biz qardaşıq və qardaş olaraq da daim var olacağıq!
Biz döyüşçülərin bir devizi var ki, bizləri etnik kimlik deyil, səngər qardaşlığı birləşdirir. Yəni bizim qardaşımız qaçanlar deyil, bizimlə birgə olanlardır, bu məmləkət də bir səngərdir. Hamımız qardaş olmağa məcburuq.
Bunu hər kəs belə bilsin!
Xalxal-Lahıc-Bakı
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT
BÖYÜK QAFQAZA "100 İLLİK" SƏYAHƏT