Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibə verib.
ATESH,AZ saytı “report”a istinadən müsahibəni təqdim edir.
- Qarabağda döyüşlərin yenidən alovlanmasının səbəbləri hansılardır?
- Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bu bölgədə azərbaycanlı mülki şəxslərə hücuma başladılar. Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində cəmləşdirilməsinin şahidi olduq. Həmçinin iyul ayında Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi. Bundan əvvəl isə Ermənistanın baş naziri danışıqlar prosesini dəfələrlə pozmağa cəhd göstərdi. Gördüyünüz kimi, Ermənistanın çoxlu hərbi təxribatları ilə üzləşirik. Son günlər daha çox belə təxribatların şahidi olduq. Bütün bunlar Azərbaycanı sentyabrın 27-də bu təxribatların qarşısını almaq, vətəndaşlarımızın təhlükəsizliyini və ölkəmizin suverenliyini qorumaq üçün əks-hücum əməliyyatı həyata keçirməyə məcbur etdi.
- Bu gün hadisələrin gedişini necə qiymətləndirirsiniz? Sizcə, bu, uzunmüddətli müharibənin astanası deməkdir, yoxsa danışıqlara başlamağa gətirib çıxarmaq üçün adi hərbi hərəkətlərdir?
- İndi bunu demək mənim üçün çətindir. Lakin onu deyə bilərəm ki, hazırda Ermənistan silahlı qüvvələrinin kəndlərimizi və qəsəbələrimizi, eləcə də mülki şəxsləri bombalamasından ciddi narahatlıq keçiririk. Azərbaycan kəndlərinin və qəsəbələrin artilleriya atəşinə məruz qalması nəticəsində xəstəxanalar və məktəblər dağılıb, mülki şəxslər, o cümlədən uşaqlar həlak olub, müxtəlif infrastruktur obyektləri məhv edilib. Bütün bunlar ermənilərin artilleriya atəşi nəticəsində baş verib. Görürük ki, hadisələr çox təhlükəli istiqamətdə inkişaf edir. Bundan başqa, şəhər və kəndlərimizin təkcə Azərbaycanın işğal altında olan ərazilərindən deyil, həm də Ermənistan ərazisindən birbaşa raket atəşinə tutulmasının şahidi oluruq. Məsələn, ərazimizin raket atəşinə tutulması nəticəsində 20 azərbaycanlı mülki şəxs öldürülüb, onlarla yaralı var.
- Erməni tərəfi də deyir ki, siz mülki məkanları hədəf seçirsiniz. Hətta bu regionda döyüşləri dünən və bu gün işıqlandıran jurnalistlər arasında da yaralıların olduğu deyilir.
- Bu, erməni tərəfinin yalanıdır. Biz mülki vətəndaşları qoruyuruq. Ermənistan tərəfindən bu döyüşlər başlananda biz çalışdıq ki, mülki şəxsləri itkilərdən qoruyaq. Dağlıq Qarabağ regionuna gəldikdə isə, Azərbaycan orada heç bir qəsəbəyə, mülki obyektə hücum etmir. Jurnalistlərlə bağlı demək istəyirəm ki, beynəlxalq jurnalistləri bu gün erməni işğalı altında olan ərazilərə səfər etməkdən imtina etməyə çağırırıq. Bu, onların həyatları üçün təhlükəli ola bilər. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Erməni tərəfi bu torpaqlarda olan jurnalistlərin taleyi üçün tam məsuliyyət daşıyır. Əlbəttə, bu torpaqlarda bütün jurnalistlər üçün təhlükə var. Nəzərə almaq lazımdır ki, erməni silahlı qüvvələri bu döyüşlər ərzində mülki şəxslərdən və jurnalistlərdən insan qalxanı kimi və təbliğat məqsədilə istifadə edirlər. Təbii ki, biz yaralanan jurnalistlərə görə təəssüfləndiyimizi bildiririk.
- Azərbaycan bu gün Dağlıq Qarabağda atəşkəsin bərpası üçün hansı yolu görür. Siz deyirsiniz ki, bu ərazi işğal olunub. Fikrinizcə, həllə nail olmaq üçün nə tələb olunur?
- Biz burada səbəb və nəticə prinsipinə əsaslanmalıyıq. Səbəb budur ki, Ermənistan Azərbaycanın bu bölgəsini, ona bitişik rayonları işğal edib. Bu, əsas səbəbdir və regionda sülhə, sabitliyə əsas təhlükədir. Bu, son gərginliklərə də əsas səbəbdir. Bu fəaliyyətlərin nəticəsi isə budur ki, biz sülh danışıqlarını irəli apara bilərik, lakin burada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi, işğal vəziyyətinin sona çatması lazımdır. Bu münaqişənin həllinə nail olmaq üçün beynəlxalq hüquqa istinad etmək lazımdır.
- Lakin Azərbaycan bu dəfə hərbi həll yoluna bel bağlayır. Nə üçün Bakı indi yalnız hərbi həllə bel bağlayır?
- Mən bu ifadəni dəyişmək istəyirəm. Azərbaycan hücuma və erməni təcavüzünə məruz qalan tərəfdir. Ermənistan işğalçı tərəfdir. Bunu nəzərə almalıyıq. Ermənistan Dağlıq Qarabağı hərbi qüvvələrdən istifadə etməklə işğal edib. Bizim bu regiondan 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Azərbaycan nəyə dəvət edir? Azərbaycan sülh prosesinə və danışıqlara dəvət edir. Azərbaycan daim danışıqlara sadiqdir. Otuz ildən çoxdur ki, Azərbaycan səbir göstərib və danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirib. Çox təəssüf ki, Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələyir. Buna görə də biz bu gün böyük gərginliyin şahidi oluruq. Bu gərginliklər istənilən vaxt təkrarlana bilər. Buna görə də biz bu münaqişənin əsas səbəblərini aradan qaldırmalıyıq. Söhbət hərbi işğaldan gedir. Buna görə də işğal bitməlidir. Erməni əsgərləri Azərbaycan ərazilərindən geri çəkilməlidirlər. Qarşılıqlı anlaşmaya və yaranmış yeni vəziyyətə görə biz bu münaqişənin davamlı həllinə nail ola bilərik.
Yeri gəlmişkən, Azərbaycan bu gün Dağlıq Qarabağdakı bütün erməni əsilli vətəndaşlara müraciət edərək bildirir ki, biz bu regionda sülhə nail olmağa tam hazırıq. Biz bunu istəyirik. Lakin bunun üçün onların döyüşlərdən və hərbi fəaliyyətdən uzaq qalmaları lazımdır.
- Siz siyasi həll istəyirsiniz, lakin bu siyasi həll üçün şərtlər qoyursunuz. Dediniz ki, Ermənistan qoşunları Qarabağdan çıxarılmalıdır. Qarşılıqlı olaraq siz Yerevanın irəli sürdüyü şərtləri və tələbləri yerinə yetirməyə hazırsınızmı?
-Azərbaycan nə deyirsə beynəlxalq hüquqa əsaslanır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr mövcuddur. Xatırlatmaq istəyirəm ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin həlli üçün çərçivə müəyyən edir. Bütün qətnamələrdə deyilir ki, Ermənistan tərəfindən silahlı qüvvələrin istifadəsi qəbuledilməzdir. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Biz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş bu qətnamələrin icra olunmasını istəyirik. Bütün bunlar silahlı qüvvələrin geri çəkilməsinə çağırır. Məhz erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra davamlı sülh üçün şərait yarana bilər.
- Başqa məsələyə keçək. Bakı Türkiyənin hərbi dəstəyinə nə qədər ehtiyac duyur? Nəzərə almaq lazımdır ki, Silahlı Qüvvələriniz erməni ordusu üzərində üstünlük qazanıb. Türkiyənin Azərbaycana böyük hərbi dəstək verməsi barədə fikirlərə münasibətiniz necədir?
- Türkiyə və Azərbaycan iki suveren dövlətdir. Bizim aramızda strateji əlaqələr və tərəfdaşlıq var. Biz qardaş xalqlarıq. Lakin bu münaqişədə Türkiyə üçüncü tərəf deyil. Türkiyə bu münaqişədə siyasi, mənəvi və geosiyasi cəhətdən iştirak edir. Söhbət Türkiyənin iştirakını iddia edən erməni təbliğatından gedir. Onlar Azərbaycan mülki şəxslərinə qarşı təxribatlar törədirlər. Biz də vətəndaşlarımızı qorumaq üçün bəzi tədbirlər görməyə məcburuq. Sual Ermənistanadır. Ermənistan bu hərbi fəaliyyət və işğalla bəşəri cinayətlər, mülki şəxslərə qarşı cinayətlər törədir. Ona görə də Ermənistan bu gün bu hərbi fəaliyyətlərə və müharibə əməllərinə görə məsul tərəfdir. Türkiyənin iştirakına gəldikdə isə, bu, sırf siyasi iştirakdır. Təbii ki, Azərbaycanın bu münaqişəni həll etməyə qadir Silahlı Qüvvələri var. Bizim kifayət qədər resurslarımız var. Biz başqa qüvvələri cəlb etmirik. Azərbaycan hər hansı başqa tərəfin iştirakı barədə iddiaları rədd edir.
- Siz Türkiyə Ordusunun bu döyüşlərdə birbaşa iştirakını inkar edirsiniz. Lakin bu günlərdə Paris və Yerevan muzdluların döyüş meydanına gəlməyindən danışırlar.
-Mən bu fikri rədd edirəm.
-Hansı fikri nəzərdə tutursunuz?
-Mən Türkiyənin iştirakı ilə bağlı iddiaları rədd edirəm.
-Yaxşı, bəs Paris və Yerevanın başqa muzdluların digər münaqişə regionlarından gəlib burada döyüş meydanında olması fikirləri barədə nə deyərdiniz?
- Ermənistan Azərbaycana qarşı çirkin təbliğat aparır. Erməni tərəfindən soruşuram: Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan ermənilərini gətirir və onları Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlu kimi istifadə edir. Biz müxtəlif radikal erməni təşkilatlarından muzdlu və könüllülərin olduğunu müəyyənləşdirmişik. Hələ 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlar başlayanda Ermənistan Azərbaycana qarşı döyüşlərdə terrorçulardan istifadə edirdi. Siz bu sualı ermənilərə ünvanlayın. Qoy onlar desinlər ki, nə üçün muzdluları göndərirlər.
Fransanın ittihamlarına gəlincə, biz Fransanı vasitəçi tərəf kimi görməli idik. Lakin Fransa bu münaqişənin mahiyyətini dərk etmir. Aydındır ki, Fransa daim erməni tərəfini dəstəkləyir və Ermənistana meyilli olub. Bu gün Fransa seçkilər ərəfəsindədir. Buna görə də bəzi siyasətçilər erməni lobbisinin dəstəyinə nail olmaq istəyirlər. Onlar erməni diasporunun simpatiyasını qazanmaq istəyirlər. Ona görə də onlar Ermənistanın Azərbaycana qarşı apardığı təbliğatda iştirak edirlər. Biz bunu qəbul etmirik. Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edənlərə demək istəyirəm ki, onlar muzdlulardan istifadə edən tərəfə diqqətlə baxsınlar.
- Əgər bunu yalnız Yerevan desəydi, bəlkə də sizinlə razılaşa bilərdik. Amma burada dünyanın mötəbər və ermənilərə meyilli olmayan kanalları var ki, onlar cəbhə xəttində olan əsgərlərlə görüşüb müsahibə alıblar. Onlar Suriyadan Türkiyə yolu ilə döyüşdə iştirak etmək üçün gəliblər.
-Mən burada heç bir məntiq görmürəm. Niyə görə Azərbaycan Suriyadan və Liviyadan hər hansı muzdlunu burada döyüşmək üçün cəlb etməlidir. Bu, qeyri-məntiqidir. Bu, Azərbaycan siyasətinə uyğun deyil. Azərbaycan nəyə görə ehtiyac hiss etməlidir ki, üçüncü dövlətlərdən muzdlular gətirsin. Bizim kifayət qədər qüvvələrimiz, əsgərlərimiz və zabitlərimiz var. Kifayət qədər texnikamız da var. Azərbaycan əsgərləri bu münaqişənin xarakterini bilir və regionu tanıyırlar. Bir gecədə başqa yerdən gətirilən muzdlular düşmən qüvvələri ilə necə döyüşə bilər? Bu, məntiqsizdir. Biz bunu anlaya bilmirik və hesab edirik ki, bu, erməni təbliğatının bir hissəsidir.
- Hesab edirsinizmi ki, Qarabağdakı bu gərginlikdən öz aralarındakı haqq-hesablarını həll etmək istəyən maraqlı beynəlxalq və ya regional tərəflər var?
- Birincisi, Ermənistanı ittiham etmək lazımdır. Məhz Ermənistan bu regiondakı gərginlikdən istifadə edən, yararlanan tərəfdir. Ermənistan Soros Fondundan dəstək alır. Soros erməni xalqına çox şey vəd edib. Odur ki, Ermənistan öhdəliklərini yerinə yetirmək istəyir. Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi barədə deyə bilərik ki, bir çox dövlətlərdə inqilab tarixləri bu reallığı göstərir. Digər tərəfdən, görürük ki, Ermənistan, xüsusilə onun yeni müdafiə naziri militarist xarakterlidir, müharibəyə meyillidir. O, Ermənistanın hərbi doktrinasının müəllifidir. Bu doktrinada daha çox müharibəyə çağırış var. Bu, onu göstərir ki, Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək və sülh danışıqlarında üstünlük qazanmaq istəyir. Bu, qeyri-realdır. Onlar “böyük Ermənistan” siyasətini həyata keçirmək, yeni ərazilər işğal etməklə erməni imperatorluğunu yaratmaq istəyirlər. Bu, Ermənistan hakimiyyətinin həyata keçirdiyi doktrinadır. Bütün bunlar onu göstərir ki, məhz Ermənistan işğaldan yararlanan dövlətdir. Həm də onu göstərir ki, Ermənistan bu münaqişəyə qabaqcadan hazırlıq görüb. Bu, öz-özünə yaranan münaqişə deyil. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən qabaqcadan planlaşdırılıb. Onlar bununla Ermənistan doktrinasını və “böyük Ermənistan” xülyasını reallaşdırmağa hədəfləniblər. Onlar Azərbaycanın mülki vətəndaşlarını hədəfə alıblar.
- Rusiya, ABŞ və Fransanın həmsədri olduğu Minsk qrupu əvvəllər döyüşləri dayandıra bilirdi. Bəs, bu gün Minsk qrupu nə təklif etməlidir ki, döyüşlər dayansın və tərəflər danışıqlar masasında əyləşsinlər?
- Son vəziyyətlə bağlı onu deyə bilərəm ki, bu qrupda həmsədr olan dövlətlər də məsuliyyət daşıyırlar. Mən bütün proses barədə danışıram. Minsk qrupu təkcə atəşkəsə deyil, həm də bu münaqişənin həllinə məsuliyyət daşıyır. Münaqişənin həlli üçün hərtərəfli proqram olmalıdır. Təəssüf ki, biz bunu görmədik. Minsk qrupu yalnız tərəflərin fikirlərini bir-birinə çatdırmaqla məşğuldur. Onlar üzərlərinə heç bir məsuliyyət götürmürlər. Bu qrupa üzv olan bəzi dövlətlərə gəlincə isə, onlar Ermənistana meyilli mövqe tuturlar. Biz son vaxtlar bir neçəsinin mövqeyini gördük. Bütün bunlar bu fikirləri təsdiq edir. Minsk qrupunun fəaliyyətinə gəlincə, biz iştirakçı dövlətlərlə əməkdaşlığa açığıq. Onlar dünya birliyinin bir hissəsidir. Minsk qrupunun əsas mandatı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməkdir. Lakin o, bu qətnamələrin icra edilməsində uğursuzluğa düçar oldu. Buna görə də biz bu gün hərbi gərginliklə üzləşirik.
- Rusiya dəfələrlə vurğulayıb ki, o, Azərbaycan və Ermənistan arasında orta mövqe tutur. Eyni zamanda, o, bu münaqişəyə son qoymaq üçün istənilən dialoqa ev sahibliyi etməyə və ona səy göstərməyə hazır olduğunu bildirib. Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz? Bu gün Moskvadan nə istənilir?
- Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, Azərbaycana qonşu dövlətdir. Rusiya ilə Azərbaycan arasında yaxşı qonşuluq əlaqələri var. Bu tərəfdaşlıq çərçivəsində Rusiya ilə Azərbaycan arasında bir sıra tədbirlər həyata keçirilir. Həqiqətən biz hesab edirik ki, Rusiya da bu regionda sülh üçün narahatdır. Belə ki, Rusiya da Qafqaz regionuna qonşu dövlətdir. O da bu regionda yerləşir. Bu regionda sülh onun da xeyrinədir. Ona görə də sülhə nail olunmasında maraqlıdır. Qarşılıqlı şəkildə anlamalıyıq ki, Ermənistanın hərbi qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionundan çıxmadan sülhə nail olmayacağıq. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir. Yalnız belə şəraitdə hamı – Azərbaycan, Rusiya və Ermənistan bundan yararlana biləcək. Ermənistan həmin qətnamələrin tələblərinə əməl etməlidir və uydurma tarixi geosiyasi ambisiyalarından əl çəkməlidir. Biz əməkdaşlığa əsaslanmalıyıq. Lakin çox təəssüf ki, biz bu gün bunun əksini görürük. Ermənistan nifrətə köklənib, ərazilərin ilhaqına və işğala çalışır. XXI əsrdə beynəlxalq əlaqələrdə bu, qəbuledilməzdir.
- Sonuncu sualım döyüşlərin miqyasının genişlənməsi ehtimalı barədədir. Azərbaycanı və Ermənistanı dəstəkləyən tərəflərin, mövqelərin olduğunu nəzərə alsaq, bu münaqişənin miqyasının genişləndirilməsi məsələsi barədə fikrinizi bilmək istəyirəm.
- Azərbaycan buna tamamilə qarşıdır. Azərbaycan istəmir ki, bu region xarici aktorlar arasında mübarizə meydanına çevrilsin. Biz regionda sülh və sabitliyi təmin etməliyik. Buna görə də Azərbaycan düşmən tərəfi sülhə məcburetmə əməliyyatında iştirak edir. Ermənistan isə sülh danışıqlarını iflasa uğradır. Uzun illərdir ki, biz Ermənistanın danışıqlar prosesini uzatdığının şahidi oluruq. Buna görə Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün bir neçə tədbir görür. Amma Azərbaycan hər hansı xarici tərəfin bu hərbi münaqişədə iştirakının əleyhinədir.
ATESH,AZ
[media=https://www.youtube.com/watch?v=pBKOJkODAzg]