ATSH.AZ bildirir. Aylardır davam edən pandemiyanın ən çox zərər verdiyi sahələrdən biri də təhsil sektorudur.
Tədris ili başlayandan valideynlər günü vatsap qruplarındakı “Müəllim, mən qoşula bilmirəm”, “Kod-parolu yazın”, “Məni qəbul edin”, “Mən virtuala girə bilmirəm” tipli mesajlarla açırlar. “Ellə gələn toy-bayramdır” deyimini əsas götürüb övladın üçün birtəhər dözürsən, amma nəticələr göstərir ki, şagirdlər onlayn təhsildən faydalana bilmirlər. Bu təhsil forması həm müəllimlər, həm şagirdlər, həm də qruplardakı yazışmaları oxumaq məcburiyyətində qalan valideynlər üçün vaxt itkisindən başqa bir şey deyil. Təhsil Nazirliyi isə artıq iki gündür məktəblərdə işçilər və şagirdlər arasında yoluxma statistikası gərgin ortamı daha da gərginləşdirir, yersiz ajiotaj yaradır.
NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2020-2021-ci tədris ilinin onlayn dəsrlərlə başlaması o qədər də uğurlu alınmayacaq.
K.Əsədov qeyd edib ki, pandemiya dövründə tədris prosesinin dayandırılması və təhsilalanların həmin dövr üçün ən alternativ olan onlayn distant təhsilə keçməsi vacib idi: “Amma etiraf edək ki, 2019-cu ildə şagirdlər məktəbə ənənəvi qaydada gəldiklərindən onlayn tədrisə keçid o qədər də ciddi problem yaratmadı. Həm də nəzərə alaq ki, artıq tədris ilinin sonuna 3 ay vaxt qalmışdı.
Hazırda onlayn tədrislə müqayisədə dərslərin həftədə 2-3 dəfə keçirilməsi ümidverici haldır. Amma bu, iki problemi həll etməyəcək. Birincisi, yoluxma sayını azalmır, əksinə, getdikcə bizi çox ciddi təhlükə gözləyir. İkincisi, bu gün məktəblərin qarşısında apardığımız monitorinqlər göstərir ki, valideynlər məktəblərin daxilinə buraxılmasa da, təhsil müəssisələrinin qarşısında böyük sıxlıq yaradırlar. Bir sözlə məktəblərin qarşısında sosial məsafənin gözlənilməsilə bağlı iş aparılmır. Bunun üçün ən azından nişan və işarələrdən istifadə etmək olar”.
“Müəllimlərin çoxu ZOOM, Microsoft Teams-in nə olduğunu bilmir”
Ekspert bildirib ki, istənilən halda onlayn təhsil effekt vermir: “Ona görə ki, ölkədəki 1,6 milyon şagirdin heç də hamısının planşeti, telefonu, kompüteri, internetə çıxış imkanı yoxdur. Ən azından ehtiyaclılar dövlət tərəfindən təmin edilməlidir. Şagirdlərə sürətli internet verilməlidir. Bundan sonra şagirdlər üçün onlayn təhsil əlçatan olacaq. Təbii ki, söhbət təkcə şagirdlərdən getmir, müəllimlərimiz də eyni problemlərlə üz-üzədirlər. Müəllimlərimizin 37 faizinin yaşı 60-dan yuxarıdır və onlar risk qrupundadırlar.
Böyük əksəriyyət Microsoft Teams, ZOOM, Skype proqramlarının adını məhz pandemiya vaxtı öyrəniblər, hələ də çoxu bunlardan istifadə edə bilmirlər. Təəssüf ki, Təhsil Nazirliyi müəllimlər üçün təlim keçmədən onları onlayn dərslərə qoşur. Bu düzgün yanaşma deyil. Yaxud bir çox məktəblərdə müəllimlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olduğu üçün ənənəvi dərs keçə bilmirlər. Hazırda bizim təhsilimiz gərgin bir dövrdədir. Ümid edirik ki, qısa müddətdə şagirdlər planşetlərlə təmin edilərlərsə, onlar üçün təhsilin əlçatanlığı mümkün ola bilər”.
“Belə getsə məktəblər yenidən bağlanacaq”
Məktəblərdə şagird və müəllimlər arasında yoluxanların olmasına gəlincə, K.Əsədov deyib ki, bu, gözlənilən idi: “Təhsil Nazirliyi nə pandemiya başlayanda, nə də indiki məqamda ciddi addım atmayıb. Məktəblərdə qabaqlayıcı tədbirlər görülməli idi. Məktəblərdə müəllimlər, şagirdlər, texniki işçilər üçün giriş fərqli istiqamətlərdən olmalıdır. Əks təqdirdə məktəblər yenidən bağlanacaq və biz hələ uzun müddət onlayn təhsillə davam etmək məcburiyyətində qalacağıq”.