hemle

Nəlbəkidə Mehdiyev fırtınası: Qazdığı quyu başındakı adamın Azərbaycan jurnalistikası haqqında dedikləri…

Tarix:2-09-2020, 18:06
Baxış Sayı:652

hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı.
Ramiz Mehdiyev və əlaltısı olan Əli Həsənovla əl-ələ verib Azərbaycan jurnalistikasını «bic doğan ləçərə» çevirdilər. Mən bu yazını yıxılana balta çalmaq niyyətiylə yazmıram. Çünki illər öncə daha sərt şəkildə yazmışdım ki, «Azərbaycan jurnalistikası öz cəlladını sevən məşuqəyə» çevrilib. Yazmışdım ki, Azərbaycan televiziyaları hər gecəsini biriylə keçirən «bakirə» qıza, qəzet və saytlarımızı isə hər yetənə göz-qaş edən «namuslu» gəlinə çevirənlərə lənət olsun.

Bu gün bu lənətin ünvanları öz «yaratdıqları iyrəncliklərlə dolu üfunət quyusunun başında» dayanıblar. Sadəcə müvazəniti itirmiş bu xainləri itələyən yoxdur. Quyudan gələn qoxudan şikayət edirlər və o quyunun içinə düşəcəkləri gün yaxındadır. Cənab Mehdiyev, o haqqında danışdığın jurnalistika daha çox sizin günahlarınızdır və bir az da Əli Həsənova oxşayır. Bu xisləti əsil qələm sahibilərinə verə bilmədiyinizə görə, sizin istəyinizə uyğun xislətə malik olanlardan və jurnalistikadan xəbərsiz adamlardan ibarət ordu yaratdınız. Bizim jurnalistikanın, öncə yazdığım kimi bircə problemi var: Yaza bilməmək. Vallahi belədir. Bəli, bu düşmənin informasiya hücumu qarşısında bir xalqın «dili» yalın qoyulması idi və bunu siz etdiniz. Özünü qəlb xəstəsi kimi göstərmək istəyən (adamın qəlb xəstəsi olması üçün qəlbinin olması vacibdir) həmfikirinizlə birgə, bunu bacardınız. İndi düzəltdiyiniz bu «cökə pazı» öz qismətinizdir, bir azca da siz dözün…




Ramiz Mehdiyev yazır: «Qarabağ münaqişəsi və effektiv təbliğat problemi kontekstində mən, qısa da olsa, Azərbaycan KİV-lərinin vəziyyətinə toxunmağı zəruri hesab edirəm. Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər. Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?

Mən bu fikirləri 2017-ci ildə yazmasaydım, zaman fərqi olmasaydı, düşünərdim ki, bu fikirləri elə Ramiz müəllimdən oğurlamışam: «Bu gün hökumət jurnalistlərə mənzil verib. Bəs bu jurnalistlər, görəsən hökumətə nə verirlər ki? Azərbaycan jurnalistləri «ev vermə» əməliyyatının dünyada anolqsuz olduğunu deməklə, gül vurmaqdadırlar. Doğrudan da bizim jurnalistlərin «möhtəşəmliyi» də elə bundadır. Bir güllə ilə iki dovşan vurmalarındadır. Analoqsuzluğun informasiya yükünə diqqət edin. Əlbəttə, jurnalistlərə ev tikib, mənzil vermək istəyən hökumətlər dünyada çoxdurlar. Sadəcə o təklifi qəbul edə biləcək ranqda olan jurnalistlər isə yoxdurlar».

Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla, ölkəyə heç bir fayda verilə bilməz. Həqiqi mətbuat nümayəndəsi dövlət və xalq qarşısındakı mənəvi məsuliyyətini dərk etməlidir.»

Bu tezisi oxuyanda yadıma atası ölmüş birinin molladan, atasının cənnətə, yoxsa cəhənnəmə düşməsini öyrənmək üçün verdiyi sualla bağlı lətifə düşür. Suala sualla cavab verən molla soruşur:

— Sənin atan namaz qılırdı?

Oğul cavab verir:

— Qılmırdı, amma namaz qılanları elə çox istəyirdi, elə çox istəyirdi…

Molla bir də soruşur:

— Sənin atan oruc tuturdu?
— Tutmurdu, amma tutanları elə çox istəyirdi, elə çox istəyirdi…
— Sənin atan Həccə getmişdi?
— Yox, getməmişdi, amma gedənləri, Hacıları elə çox istəyirdi…

Molla deyir:

— Sənin atan indi elə bir yerdədir ki, oradan baxıb, cənnətdəkiləri elə çox istəyir, elə çox istəyir, elə çox istəyir…

Ayıb olmasın soruşmaq, Ramiz müəllim, apardığınız antimilli mübarizə nəticəsində ortalıqda bircə dənə tərəfsiz mətbu orqan qalıbmı? Barı susun, yaşlı-başlı admsınız. Batdıqca özünüzü batırmayın.

R. Mehdiyev daha sonra yazır: «Qarabağ məsələsi kontekstində bildirmək istəyirəm ki, yerli mətbuatımızın bu istiqamətdəki fəaliyyətinin faydalılıq əmsalı, təbliğat effekti çox aşağıdır. Vətəndaşlara əsaslı, faktlara söykənən, həqiqəti əks etdirən araşdırmalar təqdim olunmalıdır. Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib. Redaktorlar da öz növbələrində zəhmət çəkib, ictimaiyyəti sanballı yazılarla, aktual xəbərlərlə vaxtlı-vaxtında təmin etsinlər.

Təxminən bir əsr bundan öncə artıq adını çəkdiyim Y.V. Çəmənzəminli «Bizə ciddi mətbuat çoxdan lazım idi” məqaləsində qəzetlərimizin acınacaqlı vəziyyəti haqqında ürək ağrısı ilə bunları yazırdı: «Qəzеtçilik bizlərdə ad, şöhrət, mоd və qazanc məqsədi ilə оlur. Görürsən varlığından hеç kəsin xəbəri оlmayan bir şəxs həftəlik bir məcmuə nəşr еtməyə başladı. Nə tövr məcmuə оlsa оlar, xərcini çıxardacaq. Müdir cənablarının da fikri budur ki, bir nеçə vaxtlığa adı çıxsın. Bir nеçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan оlmuş fikirlərini yеnə də təkrar еləyir, qəzеtçiliyi bununla qurtarır. Libas mоdaya tabе оlan kimi mətbuat da bizdə mоdaya bac vеrirdi. Bir vaxt mоda bеlə şiddət еləmişdi ki, hər yеtən «müdirlik” iddiasına düşürdü”…»

Ölkədə Qarabağ müraciətinə görə, bir xanım əməkdaşını «Qarabağ» adlı bir qəzetin erməni əsilli redaktoru işdən çıxaranda, hara baxırdınız? Yaxud da Simonyanın erməni faşizminin ruporuna Bakıda erməni əsillini redaktor qoyub Qarabağ haqqında yazan jurnalisti işdən qovanda, siz hansı ölkənin maraqlarına xidmət edirdiniz? Üstəlik, bu «Sputnik» adlı erməni ruporuna Əli Həsənov Mətbuat Mərkəzində gen-bol yer verəndə, bu şeylərdən niyə danışmırdınız? Jurnalistlərə Qarabağdan yazmağı deyil, əxlaqsızlıqdan yazmağı öyrədən peysərlərə Allah lənət eləsin. Erməni əsilliləri bütün sahələrə, o cümlədən Dövlətin strateji qollarına dolduranlara da Allah lənət eləsin! Dövlətin pullarını əxlaqsızlığı yaymaq üçün qurduğunuz mediya qurumlarına axıdan heysiyyətsizlərə lənət olsun!

Bunu bilməmiş deyilsiniz ki, Napoleon deyirdi ki, feodalizmi top yıxdı, kapitalizmi isə qələm yıxacaq. Məhz Siz və sizin antimilli tövrləriniz Azərbaycan jurnalistikasının qələmini özünüzün «qulaq təmizləyən çöpünüzə» döndərdiniz. H. Zərdabinin on illiklər öncə evini satıb söz demək istəyini, XXI əsrin I yarısında sözünü satıb, ev almaq istəyinə dəyişdirən də siz oldunuz. Bunca lənətlə o dünyaya «corabsız» getməyinizi düşünün. Onsuz da bu nəsihətləriniz ölünün tabutu üzərində mollanın Antakiyalılar və Həbib Həccarın əhvalatını danışan «Yasin»i oxumasına bənzəyir. Molladan bircə fərqiniz odur ki, mollanın «Yasin» oxuduğu adamı Allah, Sizin nəsihət oxuduğunuz «ölünü» isə elə Siz özünüz öldürmüsünüz. Nəsihəti bol elə, ölülər, onsuz da dinləməzlər. Ortada bircə jurnalistin tək qaldı — yazıq Ata Abdullayev. Bu məzlumun alnına elə yetimlik yazılıbmış…

AMEA prezidenti yazır: «Çox təəssüf ki, bu sözlər indi də aktuallığını qorumaqdadır. Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir. «

Burada çox haqlısınız. Jurnalistikanın bu biabırçı vəziyyətə salınması sizin yorulmaz və səmərəli fəaliyyətiniz sayəsində baş verib. Düzdür, ortaya atdığınız pisliklərdə «günah keçiləri» (козёл отпущения) də vardı. «Günah keçisi» adlı frazeoloji ifadəsi Xristianlığın gəlişindən çox əvvəl qədim İudeyada hər il günahların təmizlənməsi ayinlərində yadigar qalıb. Daha öncələr qurban kimi iki keçi gətirilərdi. Biri kəsilər, digəri isə sərbəst olaraq çölə buraxılardı. Günahlar yüklənmiş bu keçi taleyin ümidinə atılardı. Sonralar isə günahlarını yüklədikləri keçini dağdan atmağa başladılar. Siz «козёл отпущения» edib, kimi dağdan atdığınızı yazın? Onsuz da dediyiniz kimi: «əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir». Yəni siz buna 27 il vaxt sərf etdiniz və biz bu neqativləri 27 ilə aradan qaldırmalıyıq. Amma mən buna da inanmıram.

Akademik sonda yazır: «Mənim dediklərim qətiyyən tənqid, yaxud qərəz kimi qəbul olunmamalıdır. Bütün bunlar mənim cəmiyyəti narahat edən məsələlərə dair şəxsi mülahizələrimdir. Ümid edirəm ki, hər kəs deyilənlərdən lazım olan nəticəni çıxaracaq, öz payına düşən məsuliyyəti dərk edəcəkdir».



Alçaldılmışlara, təhqir, tənqid vız gələr, Ramiz müəllim. Amma bircə şeyi xatırladım ki, sizin yetirdiyiniz, boya — başa çatdırdığınız jurnalistika nəticə çıxarmaq və məsuliyyəti dərk etmək qabiliyyətində olsaydılar, bu yola düşməzdilər. Qorxunuz olmasın, bir vaxtlar sizin iş prinsipinizin təsviri ilə bağlı yazmışdım: «Azərbaycan polis forması zorla geydirilmiş keçmiş sovet milisionerinə bənzəyir». Sizin yaratdığınız jurnalistika da belədir. Söyüş tuluğu, psixoloji çatışmazlıqları olan bir sürü adama bənzər məxluqlar üzünüzə qayıdır. Çünki sahibi sizsiniz, yazıqların özgə tanıdıqları ünvanmı var?

Və sonda, bu qoca adamın bu nəsihətləri niyə, məhz toydan sonra yazdığını anlayan varmı? Adətən bu yaşda toydan sonra nağara çalmaqdansa, molla dalınca daş atmaq daha yaxşı olardı.

Ramiz Mehdiyevin belə həqiqətləri deməsi üçün, daha neçə nəvə toyu etməsi lazım olmasını kim bilir?

Toydan sonra nağara eşitmişdik, toyda «Nəlbəki» rəqsi görmüşdük, amma «nəlbəkidə fırtına»nı indi gördük. Allah bütün evlənən gəncləri xoşbəxt eləsin!

P.S. Son yazıda R. Mehdiyev Qarabağ probleminə və tarixi aspektdəki problemlərə də toxunub. Bu günlərdə ermənilərin Elmlər Akademiyasının Ağdamda Tiqrankert axtaran arxeoloji qazıntıları barədə geniş yazı vermişdik. Bu gün Azərbaycan EA-nın prezidenti Akademik saytda ona-buna daş atır…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?