Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bir neçə gün öncə Dominant.az-a müraciət etmiş həkimi Səbinə Məmmədova intihara cəhd edib.
ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu barədə həkimin yaxınları məlumat verib.
Bildiriblər ki, tibb elmləri namizədi Səbinə Məmmədovanın intihara cəhd etməsinə səbəb xəstəxananın direktoru Həqiqət Qədirova tərəfindən növbti dəfə təzyiqə məruz qalması olub: “Səbinə xanım dünən axşam növbəsinə gələndə görüb ki, onun haqqında Akt tərtib edilib və o, hansısa xəstəlik tarixçəsində düzəliş etməkdə ittiham olunur. Bu iftirayla üz-üzə qalan həkimin vəziyyəti pisləşib. İnstitutun direktoru Həqiqət Qədirovanın uzun müddətdir davam edən qanunsuz hərəkətləri və insan ləyaqətini alçaldan rəftarı nəticəsində o, intihar etməyə cəhd edib və affekt vəziyyətinə düşüb, təzyiqi yüksəlib”.
“Həkimin vəziyyətinin ağırlaşması barədə xəstəxana rəhbərliyinə məlumat verilsə də, onun evə getməsinə icazə verilməyib. Bundan sonra o, polisə müraciət etmək məcburiyyətində qalıb. Polisin köməyi ilə Səbinə Məmmədova Ağciyər Xəstəlikləri İnstitututundan çıxarılaraq başqa xəstəxanaya aparılıb. O, hazırda xəstəxanada həkim nəzarəti altındadır. Sağ ayağını qətiyyən hiss etmir və buna görə də ayağa qalxmaq imkanından məhrumdur. Faktla bağlı polis Səbinə həkimdən izahat alıb və hazırda Nizami Rayon Prokurorluğunda araşdırma gedir”, – deyə yaxınları qeyd ediblər.
Qeyd edək ki, həkim Səbinə Məmmədova 2018-ci ildə Həqiqət Qədirova tərəfindən xüsusi ittihamla işdən azad edilib. Məhkəmə qərarı ilə 2019-cu il 30 noyabr tarixində Ağciyər Xəstəlikləri İnstitutunda yenidən əmək fəaliyyətinə başlayan Səbinə Məmmədova saytımıza müraciət edərək, xəstəxananın direktoru Həqiqət Qədirova tərəfindən illərdir mənəvi terrora məruz qaldığını iddia edirdi.
ATESH,AZ