hemle

Abbasqulu ağa Cavanşir: Müsibətlər mənaqinaməsi

Tarix:4-07-2020, 23:49
Baxış Sayı:814

Türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilmiş soyqırımlar mərhələ-mərhələ araşdırılmalı, hər bir detalı ilə oxucu önünə çıxarılmalıdır. Türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır. Bu ayaqdan bir ailənin faciəsini izləyək.

Abbasqulu ağa Qarabağda, Şuşada tanınmış Cavanşir soyuna mənsubdur. Bu soy Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. İbrahimxəlil xanın böyük oğlu, vəliəhdi Məhəmmədhəsən ağanın nəvəsi idi.

Məhəmmədhəsən ağanın üçüncü oğlu Xancan ağa 1792-ci ildə Şuşa şəhərində anadan olmuşdu (Anası Xеyrənnisə bəyim II Şahvеrdi xan Ziyadoğlu-Qacar qızı). Saray təhsili almışdı.
Xancan ağa qardaşı Cəfərqulu xanla İrana kеçmişdi. 1815-ci ildə Qarabağa qayıtdı. 1814-cü il manifеsti ilə ilgili bağışlandı.

Xancan ağa mülkədar idi. Hoğa, Quyucaq və Ballıca adlı kəndlərin yiyəsi idi.

Xancan ağanın Ağa xan, Mahmud ağa, Abbasqulu ağa adlı oğulları, Güllü bəyim adlı qızı vardı.
Xancan ağanın ikinci oğlu Abbasqulu ağa 1838-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Atasının ona ayırdığı Hoğa kəndini idarə еdirdi. Dostu Mir Mеhdi Xəzani şеirlərinin birində ona sataşırdı:

[

Hanı Abbasqulu ağada olan əqlü şüur,

Sanasan surəti-bican iki rüxsarə baxar.

Abbasqulu ağa Cavanşir XX əsrin önlərində malikanəsi Hoğa kəndinə köçmüşdü. 1906-cı ildə erməni millətçiləri bu kəndə hücum etdilər. O, kənd əhlinin müdafiəsini təşkil etdi. Qohum-qəbiləsini, say-seçmə kənd oğullarını ətrafına yığıb, ermənilərlə qonşu yaşayan bu kəndi qırğından qorudu.

Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız türk-müsəlman ailələr vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Abbasqulu ağanın ailəsi 1918-ci ildə də erməni quldur və qarətçilərinə hədəf oldu. Səksən yaşlı qocaman ağanın el-obasını müdafiə etməyə heyi çatdmadı. Qardaşı Ağa xanın oğlu Əsəd ağa Cavanşirov 1918-ci ildə еrməni quldurlarına qarşı döyüşdə öldürüldü. Mixaylov yazırdı: «Şahidlərin ifadələrinə görə 2-ci polis məntəqəsin-də aşağıdakı cinayətlər baş vermişdir: "1918-ci il dekabrın ortalarında ermənilər Hoqa kəndində 55 Azərbaycanlı evini dağıtmış, mülkədar Cavanşirin malikanəsini yandırmış, ailə başçısı Əsəd ağa Cavanşiri, onun oğlu Sultan ağanı, qızı İranə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçusu İnci Abış qızını və Vəli Kərbəlayı Ələsgər oğlunu öldürmüş, dərilərini soyub xəncərlə doğramışlar. Onların bütün əmlakı, heyvanları və kənd təsərrüfatı aləti aparılmış, ev və tikililəri yandırılmışdır». (ARDA: f. 970, siy. 1. iş 161, vər 1). Bunu Gəncə qubernatoru Vəkilov da məruzəsində bildirmişdi. (ЦГАОР Азербайджан, фонд 894, опись 10, дело 104, л.4-4а.)

Mixaylovun məruzəsinə görə, Hoğa kəndi qarışıq şenlik olub, əhalisi mehriban yaşayırmış. Şahidlərin verdiyi məlumatlara görə, Cəbrayıl qəzası müsəlman milli Şurası ermənilərlə əvvəlki mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün hər cür cəhdlər göstərir və çalışırdılar ki, Hoğa kənd icmasına daxil olan kəndlərin əhalisini bu acınacaqlı vəziyyətdən çıxarsınlar.

Abbasqulu ağanın törəmələri XX əsrin birinci yarısında ard-arda bir neçə də faciə yaşamışdı. Onlar yanğından qurtarıb, yağmura düşürdülər.

Qeyd edək ki, ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlər tez unuduldu və unutduruldu. XX əsrin sonunda həmin hadisələri bir də yaşadıq.

Abbasqulu ağanın törəmələrindən bəziləri Abbasquluyеv soyadını daşıyır.

Abbasqulu ağa Cavanşir Əzət xanımla yaşam qurmuşdu. Həsən ağa, Hümay ağa, Surxay ağa, Hüseyn ağa adlı oğulları, Bikə bəyim, Şərəfcahan bəyim və Bülqеys bəyim adlı qızları vardı.

Kimdir bu torpağın yiyəsi? Kim haqlıdır? Bütün bu suallara, tarixi qaynaqlara və hüquqi sənədlərə söykənməklə tutarlı cavablar vermək mümkündür.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf


Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan