hemle

"Milli Məclisdə oturub qadağaları sadalamaqla iş bitmir” — Xalq artist

Tarix:2-07-2020, 15:46
Baxış Sayı:401

hemlemedia.az saytı Xalq artisti Nurəddin Mehdixanlının Yenisabah.az-a müsahibəsini yayımladı.

- Nurəddin müəllim, bəzi deputatlar karantin rejiminin sərtləşdirilməsini, hətta ölkədə fövqəladə vəziyyət elan olunmasını təklif edirlər. Bu çağırışları necə qiymətləndirirsiniz?

- Bilirsiniz, mənə elə gəlir ki, bu virusun böyük bir bəla olduğunu artıq bütün dünya qəbul edib. Bəladan xilas olmağın yolları da artıq 2-3 aydır deyilir. Bunlar şəxsi gigiyena, sosial məsafə və maskadan istifadədir. Hər bir vətəndaş çalışmalıdır ki, daha da sərt rejimə keçilməsin. Təbii ki, dövlət vətəndaşları qorumaqdan ötrü bu addımları atır. Bu gün Azərbaycanda yoluxma sayı durmadan artırsa, adekvat olaraq dövlət, müvafiq qurumlar müəyyən addımlar atırlar. Mən birinci növbədə vətəndaşlarımızın vicdanına səslənmək istəyirəm ki, əgər yaşamaq istəyirsinizsə, övladlarınıza, millətinizə yaşayaraq faydalı olmaq istəyirsinizsə, özünüzü qoruyun. Siz özünüzü qorumaqla ailənizi, övladlarınızı, yaxınlarınızı, qonşunuzu, dostunuzu, qohum-əqrəbanızı, millətinizi qoruyursunuz. Hər bir insan birinci növbədə öz vicdanı ilə baş-başa qalmalıdır. Yoxsa qanunları həddindən artıq sərtləşdirmək, fövqəladə vəziyyət elan etmək çıxış yolu deyil. Çıxış yolu hər bir vətəndaşın qayda və qanunlara əməl etməsidir, tələblərə uymasıdır.

Bu gün təbii ki, Milli Məclis üzvləri tərəfindən müəyyən təkliflər var ki, fövqəladə vəziyyət elan edilsin və s. Şəxsən mən bir vətəndaş olaraq bunu o qədər də qəbul etmək istəməzdim. Mən bu sayaq kifayət qədər sərt tədbirlər görülməsinin tərəfdarı deyiləm. Hər gün Operativ Qərargah ölkədəki vəziyyətlə əlaqədar məlumat verir, 24 saat bu məlumatlar Kütləvi İnformasiya Vasitələri ilə yayılır, ayrı-ayrı ziyalı şəxslər, vətəndaşlarımız çağırışlar edirlər, dövlət başçısı özü dəfələrlə çağırışlar edib və bu bəladan qorunmağın yollarını göstərib. Mən hesab edirəm ki, insanlarımız bu çağırışlara uymalıdırlar. Başın üstündə yumruq tutmağa gərək yoxdur, 21-ci əsrdir. Hesab edirəm ki, Azərbaycan xalqı kifayət qədər müdrik, mədəni xalqdır. Biz özünə və ətrafındakılara dəyər verməyi bacaran bir millətik. Ona görə də bu gün tələb olunan qaydalara uymalıyıq. Şəxsi gigiyena, sosial məsafə və maskalardan istifadə etməliyik və hər bir vətəndaş da digərindən bunu tələb etməlidir. Küçədə, metroda, ictimai nəqliyyatda belə insanları görəndə ondan tələb etməlidir, başa salmalıdır ki, sən başqalarını yoluxdura bilərsən. Yəni biz bu şəkildə problemləri həll etməliyik. Bu elə vəziyyətdə olmamalıdır ki, qarşıdurma yaransın. Bu məsələdə bir-birinə qarşı olan tərəflərin yaranması arzuolunan deyil. Neqativ əhval ruhiyyənin yaranmasına səbəb olacaq addımların atılmasından bir az çəkinməliyik. Mənə elə gəlir ki, bizim millət vəkillərimiz ayrı ayrılıqda da vətəndaşlarımızla çalışsalar, fərdi müraciətlər etsələr daha yaxşıdır. Soial şəbəkələr, televiziya kanalları vasitəsilə, onlayn görüşlər vasitəsilə insanlarımızla işləməliyik və başa düşməyənlərə başa salmalıyıq ki, bu sizin üçün bəladı. Bir insan üçün ən dəyərli olan nədir? Onun ömrü. Biz insanlara izah etməliyik ki, sən ömrünü qorumalısan, bunu etməklə ailəni, qızı, oğlunu qoruyursan. Lazım gələrsə lap hər bir insanla ayrı-ayrılıqda çalışmaq lazımdır. Sosial şəbəkələrdə “bu bir oyundur, insanları aldadırlar” – deyə yazanlara qarşı bizim millət vəkillərimiz, həkimlərimiz, alimlərimiz, mütəxəssisləriz kütləvi şəkildə antitəbliğat aparmalıdırlar. O tip ziyanlı, zərərli təbliğata qarşı çıxmalıdırlar.

- Hesab edirsiniz ki, koronavirus əleyhinə aparılan təbliğat yetərli deyil?

- Mən deyirəm ki, hər bir kəs işləməlidir. Yoxsa onu qadağan edək, bunu qadağan edək deməklə iş düzəlməz! Mən bir vətəndaş olaraq bu şəkildə düşünürəm. Həm də insanların durumunu fikirləşmək lazımdır. Bu gün müəyyən təbəqənin insanları var ki, onlar üçün problemlər yaranıb, o problemlərin həllində həmin insanlara yardımçı olmağa çalışmaq lazımdır. Yenə də deyirəm. Qadağalarla çox şeyi həll etmək olmaz, mən buna əminəm. Maarifləndirmə işi ilə. Təbliğatla həll etmək lazımdır. Mən istəyərdim ki, bizim Milli Məclisdə olan 120 deputatımız hamısı ayrı-ayrılıqda hər biri aktiv təbliğat kampaniyalarına qoşulsunlar. İnsanlara müraciət etsinlər, təkcə parlamentdə oturub insanlara qadağaları sadalamaqla olmur, əzizim. İnsanlarla işləmək, onları başa salmaq, inandırmaq lazımdır. Azərbaycan xalqı kifayət qədər savadlı, anlayışlı, müdrik xalqdır. Və bununla da istədiyimizə nail ola bilərik. Bu gün kifayət qədər qadağalar var ki, əslində o qadağaların özünə əməl olunarsa, biz nəyəsə nail ola bilərik. Mən çıxış yolunu bu şəkildə görürəm. Atılan hər addım, verilən qərar cəmiyyətdə neqativ əhval yaratmamalıdır. Çünki bundan istifadə edən pis niyyətli güclər var, biz o güclərə, Azərbaycanın içərisini qarışdırmağa çalışanlara, ictimai narazılıq yaratmağa çalışanlara heç bir halda fürsət verməməliyik. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, yolda, küçədə maskasız gəzənə desin ki, “Xahiş edirəm, qardaş, bacı, maskadan istifadə edin. Sosial məsafəni gözləyin”. Ən doğru yol təbliğat, maarifləndirmə, inandırma yoludur. İnsanların üstünə getmək yox, yanında olmaq lazımdır. Biz onların yanında olmaqla bu bəlanın qarşısını ala, xilas ola bilərik.


- Bu günə kimi Azərbaycanda 200-dən çox insan koronavirusdan ölüb. Bu xəstəliyin hansısa dövlətin oyunu olmasıyla bağlı nağıllar artıq geridə qalıb. Amma insanlar virusun bir gün onları öldürə biləcəyinə də inanmırıar. Bu təzadı necə izah edə bilərsiniz?

- Faciə ondadır ki, biz az işləyirik. Mən KİV-lərə, televiziya kanallarına baxıram, ancaq müəyyən insanlar bu işlərin içərisindədir. Amma bu gün hesab edirəm ki, təhsil müəssisələrindən olan mütəxəssislər, həkimlərimiz, müəllimlərimiz, Azərbaycanda xüsusi çəkisi olan insanlarımız bu işə aktiv şəkildə qoşulmalıdırlar. Hazırda Azərbaycanın böyük bir bölümü bu xəstəliyin nə olduğunu bilir və qaydalara əməl edir, az bir qisim var ki, onların da bəziləri bilərəkdən bunu edirlər ki, sərt qadağalar tətbiq olunsun, sabah da haray-həşir qoparsınlar ki, “Ay aman, dünya dağıldı, qiyamət başladı” və s. Mən buna imkan verilməsini istəmirəm. Ona görə də insanlarla işlənilməsini arzu edirəm. Bu gün kifayət qədər ciddi bir vəziyyər yaranıb, ətrafımızda baş verənlər bizi çox diqqətli olmağa vadar edir. Bu gün Azərbaycanın özünəməxsus tutduğu mövqeyi, istiqaməti, apardığı siyasəti qəbul etməyən güclər və qonşular var. Və onlar təbii ki, azərbaycanın içərisində müəyyən narazılıqlar yaratmağa çalışırlar. Biz buna fürsət verməməliyik, onların çörəyinə yağ sürtməməliyik. Vətəndaşları inandırmağa çalışmalıyıq. Dünənə qədər inanmayan bəzi insanlar vardı ki, bu gün onlar özləri artıq yoluxublar və sosial şəbəkələrdən insanlara müraciət edirlər ki, mən səhv etmişəm, bu bir bəladır, inanın və s. O bəla sizi tutana qədər axı deyirdilər ki, özünüzü qoruyun. Bu gün özünün, ailəsinin, övladlarının, mənsub olduğu millətinin həyatına biganə olan insanları bu millətdən saymaq olmaz. Hər şey bu günlə bitmir, həyat qabaqdadır. Bu bəla ötüb keçəcək, amma biz bu bəladan az itki ilə qurtulmalıyıq. Biz milyard yarım olan Çin deyilik, biz bu tayda 10 milyon əhaliyik, özümüz üçün dövlət qurmuşuq və biz balalarımızın bu dövlətin qurduğu imkanlardan istifadə etməsini istəyirik. İstəyirik ki, Azərbaycanda sağlamlıq, rifah, asayiş hökm sürsün və hər kəs də dövlətin ona verdiyi imkanlardan bəhrələnsin. Bundan ötrü də qaydalara əməl etmək lazımdır. Bu gün tələb olunanlar çox adi şeylərdir – maska istifadə etməlisən, sosial məsafə saxlamalısan, gigiyenana əməl etməlisən ki, yoluxmayasan və yoluxdurmayasan. Bu qədər sadə. Ağlı başında olan hər bir kəs bunu başa düşməli, anlamalıdır. Yenə də qeyd edirəm, həddindən artıq sərt qərarların verilməsinin tərəfdarı deyiləm. Sözü deyib, sonra onun yaradacağı fəsadları nəzərə almaq lazımdır. Mən telekanallarda xəstələrin göstərilməsinin tərəfdarıyam, xəstəxanalardakı o vəziyyət göstərilsin. Göstərilib, təbliğat işi aparılmalıdır. Bir şey var ki, göz gördüyünə inanır və gördüyündən çəkilir. Mənə elə gəlir ki, görsəl vasitələrlə göstərməklə təbliğat aparılmalıdır, gizlətməklə yox. Həmin o xəstəxanaları, oradakı xəstələrin vəziyyətini insanlarımıza göstərmək lazımdır. Sağalan xəstələri danışdırmaq lazımdır. Bir az çal-çağırı azaltmaq, təbliğat, maarifləndirmə işi ilə məşğul olmaq lazımdır. Biz bu bəladan qurtulmağa iqtidarı olan bir xalqıq. Buna bizim ağlımız, imkanlarımız və müdrikliyimiz çatır.
- Sizcə, Azərbaycan cəmiyyəti koronavirusdan hansı dərsləri çıxarmalıdır?

- O dərsləri çıxarmalıdır ki, həyat düşündüyümüz qədər uzun və uzaq deyil. Bəla, ölüm, müqəddəs kitabımızda da deyildiyi kimi, bizə şah damarımızdan da yaxındır. Məsələnin ikinci tərəfi isə budur ki, biz Azərbaycanda təhsil sistemimizi kifayət qədər gücləndirməliyik, səhiyyə sistemimizdə ciddi şəkildə islahatlar aparmalıyıq. Bu gün bizə səhiyyə sahəsində ciddi şəkildə yetişdirilmiş mütəxəssislər lazımdır. Məncə, Azərbaycanda tibb sahəsində çalışanların sayı artırılmalıdır. Onlar üçün sosial imkanlar, şərait yaradılmalıdır ki, onlar birbaşa öz ixtisasları ilə ciddi şəkildə məşğul ola bilsinlər. Vətəndaşlarımız görməlidir ki, o millətlər var olub əbədi yaşayırlar ki, onlar problemlərinin həllində elmə söykənirlər, cəhalətə, xurafata yox. Bir şeyi anlayaq ki, savadlı, maarifləndirilmiş millət, bütün bəlaların üstündən adlayıb keçə bilir. O millətlər var ola bilirlər ki, onlar bir-birinə dəyər verməyi bacarırlar.
ATESH,AZ

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?