Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Daşnak – bolşevik terrorunun ideoloqları: Stepan Şaumyan, Anastas Mikoyan… “adlı kitabı çapdan çıxıb. Kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub.
hemlemedia.az saytı ONN medya agentliyinə istinadən yayımlayır.
Turan Araşdırma Mərkəzi xəbər verir ki, hələ ötən əsrin 80-cı illərinin sonunda əldə etdiyi məxfi arxiv sənədlərinə əsaslanan müəllif kitabda erməni satqınılığının növbəti tarixi səhifəsini ifşa etmişdir. Belə ki, bu günədək SSRİ xalqlarına “Kremlin rəşadətli bolşeviki” kimi tanıdılan Anastas Mikoyanın bolşevizmin qatı düşmənləri olmuş “Qnçak” və “Daşnak” partiyaları, əsas tərkibini ermənilər təşkil edən eser və menşeviklərlə fəal əlaqə saxlayan, “Mərkəzikaspi Diktaturasının” erməni millətindən olan başqa öncül adamları ilə eyni sırada “məsul işçisi” və mauzeristi olduğunu isbat edir.
Təkzib edilməz arxiv sənədlərindən gətirilən bir neçə nümunə sübut edir ki, idealı “Böyük Hayastan” uğrunda mübarizə olan S.Şaumyanın yuxarıda adı gedən siyasi təşkilatlarda birləşən ermənilər, xüsusən Lenin hökumətinin amansız düşməni ingilislərlə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə gəlməsi, Bakı fəhləsinin başqa liderləri ilə birlikdə həbs edilməsi, onlarla Aşqabada aparılması, heç şübhəsiz, Zaqafqaziyada bolşevizmin etibarlı dayaqları olan qeyri-erməni liderlərə qarşı törədiləcək faciəli hadisələr üçün xüsusi planla hazırlanmış məkrli pərdədir.
Bütün bu tarixi faktlar əsl erməni xislətini, erməni məkrini və növbəti satqınlığını ifşa edir və Bakıda “26-lar”dan üç məzarsız komissarın hansı xalqa mənsub olduğuna işıq salmış olur.
Qeyd edək ki, müəllifin araşdırması hələ SSRİ dönəmində xüsusi bülletendə gizli olaraq çap edilib insanlara paylanılıb və yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərdə geniş oxucu auditoriyasına media üzərindən çatdırılmışdı.
Xatırladaq ki, erməni satqınlığının daha geniş oxucuya çatdırılması üçün kitab anadolu türkçəsində “Türk’ün kanlı düşmanları olan Stepan Şaumyan ve Anostas Mikoyan ermeni terörün kurucusu!” və rus dilində “Идеологи дашнакско-большевистского террора: Степан Шаумян, Анастас Микоян … “ adı ilə də çap edilib.
hemlemedia.az