Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.
Nazirlikdən hemlemedia.az-a verilən məlumata görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb. Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.
Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.
Eyni zamanda, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd, 2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü verilib.
Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib.