İlin əvvəlindən minlərlə valideyn övladlarını 4-cü sinifdən liceylərə qəbul olunmaq üçün hazırlaşdırmağa başlayıb. Ailələr dərs yükünün artması ilə yanaşı, maddi baxımdan da öz üzərlərinə böyük məsuliyyət götürüblər: repetitor xərcləri, əlavə vəsaitlər, vaxt, enerji, psixoloji təzyiqlər...
Amma mayın sonunda Təhsil Nazirliyi tərəfindən verilən qəfil qərarla valideynlərin bütün bu planları alt-üst edildi. Qərara əsasən, artıq 4-cü sinifdən liceylərə qəbul aparılmayacaq. Qanunun özü müzakirə oluna bilər – bəli, belə bir dəyişiklik təhsil sistemində bəlkə də zəruri idi. Amma zamanlaması və təqdim olunma forması ciddi narahatlıq doğurur.
Bu qədər ailə aylardır hazırlaşdığı bir sistemin son anda dəyişdirilməsi ilə fakt qarşısında qoyuldu. İctimaiyyətlə heç bir məsləhətləşmə aparılmadan, valideynə xəbərdarlıq edilmədən, ilin ortasında qaydaların dəyişməsi ədalətsizlik nümunəsidir. Bu, sadəcə maddi yox, etik problem də yaradır: ailələrin inamı pozulur, təhsilə qarşı etibarsızlıq artır.
Təhsil kimi vacib bir sahədə qərarlar şəffaf, vaxtında və əsaslandırılmış şəkildə verilməlidir. Valideyn plan qurmalıdır, uşağın psixologiyası nəzərə alınmalıdır. Təəssüf ki, bu qərar nə valideyni, nə də şagirdi nəzərə alır.
Əgər belə bir dəyişiklik planlaşdırılırdısa, bu ilin əvvəlindən elan edilməliydi. O zaman heç kim əlavə xərclərə, stresə girməzdi. İndi isə bu addım dövlət-vətəndaş münasibətində soyuqluq, təhsilə güvənsizlik və sosial narazılıq doğurur.
Təhsil təkcə dərslikdən ibarət deyil. Təhsil həm də münasibətdir, qarşılıqlı anlayışdır. Təəssüf ki, bu qərarda həmin anlayış görünmür.
Hemlemedia.az