Sabiq rəis: “Onlar neçə aydır ki, əzab-əziyyət çəkirlər, sağlamlığımızın keşiyindədirlər və bu da təşəkkür əvəzidir?”
Yasamalda baş verən məlum hadisə ilə bağlı müzakirələr səngimir. Polisə zibil atan vətəndaşları qınayanlar çoxluq təşkil edir, onları nümayişkaranə şəkildə həbs edib, evindən çıxarıb aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarının davranışını pisləyənlər də az deyil.
Üç gündən çoxdur ki, sosial şəbəkələr, onlayn media bu hadisələri dartışır, gərgin diskussiyalar gedir, fərqli-fərqli mövqelərə rast gəlmək olur.
Məlum olduğu kimi, polisə məişət əşyaları atan, fitə basan 10 nəfərə inzibati həbs verilib. Eyni zamanda vətəndaşa “dovşan” deyərək təhqir edən polis əməkdaşı işindən azad edilib, evindən çılpaq aparılan sakin səhhəti ilə əlaqədar sərbəst buraxılıb.
Cəmiyyət isə bu hadisələrdə günahkar axtarışındadır. Niyə, nə üçün proseslər belə cərəyan etdi? Başqa ölkələrdə tətbiq edilən sərt karantin rejimində vətəndaşla polis münasibətlərində bu cür hallar yaşanıbmı?
Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a bildirdi ki, epidemiya ilə bağlı karantin dövründə ən çox əziyyət çəkən polisdir.
Onun sözlərinə görə, ikinci peşə sahibləri həkimlərdir. M.Hacıyev hesab edir ki, polis gecə-gündüz, istirahətsiz çalışır, xalqın sağlamlığının keşiyindədir: “Polis öz işini görür. İnsanları Nazirlər Kabinetinin qərarına əsaslanaraq evdən çıxmamağa çağırır, masta taxmağa dəvət edir, qanunlara riayət etməli olduğunu xatırladır. Bütün bunlar insanların sağlamlığı naminədir. Onlar neçə aydır ki, əzab-əziyyət çəkirlər, istirahət etmirlər, bizim sağlamlığımızın keşiyindədirlər və bu da təşəkkür əvəzidir? Heç vətəndaşa yaraşar ki, polisinə zibil atsın?”
Sabiq rəisin fikrincə, onların hərəkəti qeyri-qanunidir: “Zibil atan vətəndaşların hərəkəti cinayət tərkibli əməldir. Çünki yarım kilodan artıq əşyanı aşağı tullayanda sürət artır və 6-7 kilo olur. Bu zaman polisin başına dəyər və ağır xəsarət ala bilərdi. Onunla belə, humanistlik göstərildi, həmin şəxslərə 15 sutkalıq həbs verildi”.
“Yasamal olayında vətəndaşların hərəkəti cinayət tərkibli əməldir, yarım kilodan artıq əşyanı aşağı tullayanda sürət artır və 6-7 kilo olur, bu zaman polis ağır xəsarət ala bilərdi”
M.Hacıyev qanunu pozan həmin vətəndaşların saxlanılması və aparılması ilə bağlı tənqidləri də şərh etdi:
“Əvvəla, polis hüquq-mühafizə ilə yanaşı həm də güc strukturudur. İnsanlar yazırlar ki, niyə qolunu burub, başını əyib aparırdı. Axı polis həm də güc strukturudur və təlimatda da öz əksini tapır.
Əgər vətəndaş müqavimət göstərirsə, normal şəkildə getmirsə, polis nə etməliydi, qucağında öpüb aparmayacaqdı ki?!
İkincisi, polis də insandır. Niyə ona zibil tullamalısan? O da bizim vətəndaşdır. Polis öz işini icra edib. Çox təəssüf edirəm ki, belə hal yaşandı.
Heç bir ölkədə karantin günündə vətəndaşın polisə belə münasibəti olmayıb. Türkiyədə də həftəsonu karantin tətbiq edilirdi. Ancaq polisə qarşı zibil atmaq, bu cür hərəkətlərə yol vermək olmadı".
Ekspert qeyd etdi ki, polisin əvvəlki fəaliyyətindən narazılıq olubsa, onu bu günün ayağına yazmaq olmaz:
“Vilayət Eyvazov nazir təyin edildikdən sonra müsbət dəyişikliklər var. İstər cinayətkarlıqla, istər inzibati xətalarla mübarizədə, istərsə də polisin davranışında yaxşılığa doğru dəyişikliklər müşahidə edirik.
Ümumiyyətlə, cinayətsiz cəmiyyət qurmaq mümkün deyil. Harada insan varsa, orada cinayət törədilir. Çünki hamı eyni səviyyədə, təhsildə deyil.
Sadəcə, polis evə getməyini xahiş və tələb edirsə, bunu sənin üçün, bütövlükdə xalq üçün edir də; sən xəstələnməyəsən, sağlam olasan deyə edir. Mən başa düşə bilmirəm ki, səni virusdan qorumağa çağıran polisə niyə zibil atmalısan?
Bu, fizika qanunudur. Binadan atılan əşyalardan hansısa biri polisin başına düşsəydi, nə olacaqdı? Bu, o deməkdir ki, sən bilərəkdən polis işçisinə xəsarət yetirirsən.
Bu artıq cinayət işidir. O, vəzifə başındadır, öz işini görür. Qanunsuz bir hərəkət etmir. Vətəndaşa “evə get” deyir, vətəndaş isə buna məhəl qoymur".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Axar.az-a müsahibəsində polisin məhkəmə qərarı olmadan evlərə daxil olması iddialarını əsassız adlandırıb.
E.Zahidov vurğulayıb ki, hadisə iyunun 6-da baş vermişdi: “Məhz məhkəmənin qərarı olmadığı üçün polis həmin gün sözügedən şəxslərə qarşı heç bir əməliyyat keçirmədi.
Həmin 11 nəfərin mənzillərinə daxil olaraq saxlanılmaları üçün ayın 7-də məhkəmənin qərarı verildi və bundan sonra polis o sakinlərin evlərinə gedərək, onları saxlayıb, məsuliyyətə cəlb edilmələri üçün tədbir gördü.
Sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozan, polisin qanuni tələbinə tabe olmayan, polisə qarşı müqavimət göstərməyə cəhd edən həmin 11 nəfərin saxlanılması tam qanunidir və polis də qanunun, hüququn ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib.
Tədbir zamanı artıq daxili işlər orqanlarında xidmətdən kənarlaşdırılmış sabiq polis əməkdaşı bir qadına qarşı yersiz ifadə işlətmişdi ki, yalnız həmin qadından da üzr istənildi.
Bildiyiniz kimi, müvafiq araşdırmalarla həmin şəxslərin törətdikləri hüquqazidd əməllər tam təsdiqini tapıb və məhkəmənin qanuni qərarı ilə onlar müxtəlif müddətə inzibati qaydada həbs ediliblər".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”