Avropa İttifaqının Ermənistanı silahlandırmaq məqsədi ilə hazırladığı layihənin detalları ortaya çıxıb.
Bu barədə Aİ-yə yaxınlığı ilə tanınan “EU Reporter” nəşri yazır.
Nəşrin məlumatına görə, layihəyə Fransa rəhbərlik edir: “Fransa Hindistan və Yunanıstanla birlikdə Ermənistanı silahlandırmağa davam etdiyi vaxt, İrəvan üçün alternativ imkanlar da yaradılır. Bu imkanlardan biri də Ermənistana Avropa Sülh Fondu vasitəsilə silahların verilməsidir. Hazırda fond vasitəsilə 10 milyon avro yardım edilsə də, bunun genişləndiriləcəyi gözlənilir. Ermənistan isə II Qarabağ müharibəsindən sonra PUA və SPUA-lar (Silahlı Pilotsuz Uçuş Aparatı) əldə etməyə çalışır”.
Nəşr qeyd edir ki, Avropa Sülh Fondunun növbəti mərhələdə Ermənistana 3 böyük yardım paketi verəcəyi gözlənilir.
Beynəlxalq kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) saytı yazır ki, Ermənistanın hərbi rəhbərliyi “növbəti müharibəyə hazırlaşır”.
“Əldə edilən kəşfiyyat məlumatlarına görə, Ermənistan Müdafiə Nazirliyi II Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən sonra strategiyanı dəyişdirib. Müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə hazırlanan yeni strategiya Ermənistan ordusunun PUA, SPUA və digər elektronik müharibə vasitələri ilə təzhiz edilməsindən ibarətdir”, - sayt yazır.