hemle

Əmlak bazarında bahalaşma: Çıxarışlı torpaqlara tələbat artır, tikinti sektoru çətinlikdə

Tarix:Dünən, 10:07
Baxış Sayı:446



"2023-cü ilin oktyabr ayından çıxarışı olmayan torpaq sahələri üzərində aparılacaq tikintilərə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Buna görə hazırda çıxarışlı torpaqlara tələbat artıb. Çıxarışı olmayan torpaqların qiymətində stabillik müşahidə edilsə də, çıxarışı olan torpaqların qiymətində artım var".

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert qeyd edib ki, yeni tikilən, təməl mərhələsində olan binaların da qiymətində ciddi artım müşahidə edilir.

O bildirib ki, artıq paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin məhdud olması və qiymətlərin kəskin artması səbəbi ilə tikinti şirkətləri tikintidən imtina ediblər:

"Hazırda tikinti aparan şirkətlər daha çox qəzalı kimi qeydə alınmış çoxmənzilli binaları sökərək onların yerində yeni binalar inşa etməyə üstünlük verirlər. Bu da tikinti xərcini daha çox artırır. Ona görə ki, həmin şirkətlər tikinti apardıqları ərazidə yaşayan sakinlərin hər birinə, qaydalara uyğun olaraq, köç və kirayə xərcləri verirlər. Kirayə xərcləri ortalama iki-üç il davam edir. Daha sonra tikinti şirkətləri həmin binalardan onlara tam təmirli, ümumi sahəsi daha geniş olan mənzillər verirlər".

E.Fərzəliyev deyib ki, hazırda əksər tikinti şirkətləri bu cür layihələrdən yararlana bilmirlər:

"Müəyyən problemlər var ki, ölkədəki tikinti şirkətlərini bu cür layihələrdən uzaqlaşdırır. Tikinti üçün icazənin alınması, sənədləşmə prosedurlarının çətinləşməsi, tikinti normativlərinin sərtləşdirilməsi (binalar arasında məsafənin saxlanması, həmin binalarda yaşayan sakinlərin mənzil sayına uyğun olaraq avtopark üçün yerlərin, yaşıllıq ərazilərin ayrılması və s.) səbəbi ilə artıq çox sayda tikinti şirkətini bu cür layihələrdən kənarda qoyur".

O bildirib ki, hazırda Bakının Nərimanov, Nəsimi, Yasamal rayonlarının mərkəzi ərazilərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında bir kvadratmetrin qiyməti üç-dörd min manat arasında dəyişir:

"Bu da o deməkdir ki, tikilməkdə olan ikiotaqlı 100 kvadratmetrlik mənzillər əmlak bazarında artıq 300-400 min manata təklif olunur".

Digər xəbərlər
22:39 Bu sürücülərin cəriməsi ləğv olunacaq
22:37 Mövqelərimiz gün ərzində dəfələrlə atəşə tutuldu
22:35 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq olundu
22:27 Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı...
22:25 Türkiyə Ermənistanın qarşısına hansı şərtləri qoydu?
17:11 Kəşfiyyat məlumatı sızdı: Ermənistan növbəti müharibə üçün yeni ordu qurur
17:10 Bayram namazının qılınacağı tarix açıqlandı
17:09 Vaşinqtonun Bakı-İrəvan sazişindən “pay almaq” gedişi