Azerbaycan Fələstində uşaqlar üçün orta məktəb inşa etməyi öhdəsinə götürüb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, məktəb Fələstinin Nablus şəhərində yerləşəcək. Məktəb 600 fələstinli uşaq üçün nəzərdə tutulub.
Ceyhun Bayramov əlavə edib ki, məktəb fələstinli uşaqların təhsil almaq imkanlarını genişləndirəcək və Azərbaycanın humanitar dəstəyinin bir hissəsi olacaq.
Bununla yanaşı, 2024-2025-ci illər üzrə 15 fələstinli tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” veriləcək.
Nazir, həmçinin Azərbaycanın 2023-cü ildən etibarən Fələstinə 2 milyon dollar məbləğində yardım göstərdiyini qeyd edib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazırdır.
Qeyd edək ki, nazir Azərbaycanın yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.