hemle

Cənubi Qafqaz uğrunda mübarizədə YENİ MƏRHƏLƏ - GÖRÜN NƏLƏR OLACAQ

Tarix:Bu gün, 14:29
Baxış Sayı:501

Politoloq: “Bölgədə Qərblə Rusiya arasında ciddi rəqabətin hətta qaynar mərhələsini müşahidə edirik”

Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın artıq sabiq olan dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

Bundan üç gün sonra isə Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzaladılar. Mərasim Kremldə aparılan danışıqlardan sonra baş tutdu.

Bildirilir ki, sənəd Moskva ilə Tehran arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır. Saziş həmçinin uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza yaradır. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla, bütün sahələri əhatə edir.

Yerli və beynəlxalq ekspertlər hesab edir ki, imzalanan hər iki sənəd böyük güclərin Qafqazda möhkəmlənmə mübarizəsinin göstəricisidir. Bu sazişlərin regiona təsirlərinin mənfi olacağı qənaətini bölüşənlərin sayı çoxdur.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop - Qısa, vizual, izahlı

Şahin Cəfərli

Mövzu ilə bağlı Ayna.az-ın suallarını cavablandıran politoloq Şahin Cəfərli isə hesab edir ki, məsələni çox şişirtməyə ehtiyac yoxdur: “İmzalanmış sənədin Vaşinqtonla İrəvan arasında müttəfiqlik münasibətləri kimi təqdim olunması doğru deyil. Bu, hələlik strateji tərəfdaşlıq sənədidir, konkret hərbi müttəfiqlikdən söhbət getmir. Bu sənəd Ermənistanın təhlükəsizliyinə hansısa zəmanət vermir. Əlbəttə, sənəd özlüyündə Ermənistan üçün əhəmiyyətlidir, amma ajiotaja da ehtiyac yoxdur. Sazişin əhəmiyyətini nə çox şişirtməyə ehtiyac var, nə də çox azaltmaq lazımdır. Olduğu kimi qiymətləndirsək, demək olar ki, iki ölkənin bütün sahələrdə əməkdaşlığı daha üst səviyyəyə yüksəldilir. Vaşinqtonla İrəvan arasında imzalanan saziş Azərbaycana qarşı yönəlməyib. Burada Azərbaycana qarşı heç bir təhlükə görmürəm. Bəziləri bildirir ki, Qərbin Ermənistanda Rusiya boşluğunu doldurması Azərbaycana təhlükədir. Amma düşünürəm ki, bu, Azərbaycanın maraqlarına təhdid yaratmır. Əksinə, bu, bizim xeyrimizədir. Bölgədə dayanıqlı sülhün, iqtisadi dirçəlişin əldə olunmasına təkan verən prosesdir. Əslində bu, Rusiya və İrana qarşı yönəlib, əsasən də Rusiyaya”.

Politoloq hesab edir ki, sərhəd təhlükəsizliyi ilə bağlı Ermənistana ABŞ-ın xüsusi qrupun göndəriləcəyi bəyanatı önəmli məqamdır: “Düzdür, tam aydın deyil ki, söhbət hərbi nümayəndə heyətindən gedir, yoxsa mülki heyətdən gedir. Bu, texniki detaldır. Amma həqiqət ondan ibarətdir ki, ABŞ Ermənistanda Rusiyanın və İranın təsir boşluğunu doldurmağa çalışır. Ümumilikdə, Qərb Rusiyanın bölgədəki boşluqlarını doldurmaq siyasəti yürüdür. Eyni zamanda əsas məsələ odur ki, Vaşinqtonun Cənubi Qafqaza diqqəti artıb. İndi demək olar ki, bölgədə Qərblə Rusiya arasında ciddi rəqabət başlayıb, hətta bu rəqabətin qaynar mərhələsini müşahidə edirik”.

Rusiya ilə İran arasında əməkdaşlıq sazişinə gəlincə, Ş.Cəfərliyə görə, imzalanan sənəd son vaxtlar həm Yaxın Şərqdə, həm də Ukraynada baş verən hadisələrin nəticəsində ortaya çıxıb: “Daha doğrusu, Moskva və Tehran arasında imzalanan saziş yeni qlobal geosiyasi reallıqlardan irəli gələn sənəddir. Məlumdur ki, İran ötən il çox ciddi zərbələr aldı. Tehranın sponsorluq etdiyi Yaxın Şərqdəki proksi qruplar İsrail tərəfindən böyük ölçüdə əzildi. "Hizbullah" və HƏMAS-a divan tutuldu, ağır zərbələr vuruldu. Eyni zamanda İranın Suriyada dəstəklədiyi Bəşər Əsəd rejimi devrildi. Demək olar ki, İran Suriyada, Yaxın Şərqdə öz mövqelərini itirdi. Bu baxımdan, İranın ciddi xarici dəstəyə ehtiyacı var. Bu dəstək də Rusiyanın timsalında özünü göstərir. Həmçinin Rusiyanın özünün də vəziyyəti ürəkaçan deyil. Son aylar Rusiya Ukraynada irəliləsə də, çox ciddi iqtisadi böhran tendensiyaları başlayıb, qlobal miqyasda mövqeləri zəifləyib. Ona görə də Rusiya və İranın indi bir-birinə ehtiyacı yaranıb. İmzalanan sənəd də bu ehtiyacdan irəli gəlir. Qərb tərəfindən təzyiqə məruz qalan hər iki dövlət bir-birinə yapışaraq ayaqda qalmağa çalışır. Amma hesab edirəm ki, bu sazişi də həddən artıq böyütməyə ehtiyac yoxdur. Bu sənəd də Tehranla Moskva arasında müttəfiqlik sənədi deyil. Həmçinin bu iki ölkə arasında qarşılıqlı etimadın olduğu da ağlabatan deyil".

“Yeni Müsavat”

Digər xəbərlər
21:59 Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
21:57 Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
21:42 Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
21:33 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi
21:31 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
21:27 Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı ÜZƏ ÇIXDI
21:23 AQTA-da nöqsanlar aşkarlandı - Rəsmi
21:18 Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər