Azərbaycanda taksidən istifadə edənlərin sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə 90 milyon 829 min sərnişin taksidən istifadə edib. 2023-cü illə müqayisədə taksidən istifadə sayı 3,29 milyondan çox azalıb. Bir il əvvəl taksidən istifadə edən sərnişinlərin sayı 94,123 milyon olub.
Qeyd edək ki, Azərbaycanda sərnişinlərin 4,35 faizi taksidən istifadə edir. Bu göstərici 2023-cü ildə 4,9 faiz olub.
Proqnozlara görə, 2025-ci ildə Bakıda 2,818 milyon nəfər yaşayacaq. Hazırda isə bu rəqəm 2,374 milyon nəfərə bərabərdir.
Bununla bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.
O qeyd edib ki, bu məsələdə bir neçə məqama diqqət etmək lazımdır:
“Bakıda məskunlaşan vətəndaşların sayı hesablanarkən əsasən qeydiyyatda olan şəxslər nəzərdə tutulur. Amma taksidən istifadə zamanı Bakıda rəsmi qeydiyyatda olan və olmayan şəxslərin bütünlükdə istehlak etdiyi xidmətlərin sayı nəzərdə tutulur. Buna görə də nisbətin düzgün hesablanması indiki şərtlər daxilində mümkün deyil. Çünki faktiki olaraq Bakıda nə qədər adam yaşadığı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Bu rəqəmi 4 milyon götürsək, paytaxtda taxsidən istifadə edən sərnişinlərin xüsusi çəkisi 4,35 % deyil, daha aşağı təxminən 2,8-3 % ətrafındadır. Dünya bazarlarında taksi xidmətlərinin ümumi sərnişin daşımada payının orta göstəricisinə baxanda bu göstərici 4,5-4,7 % arasında dəyişir. Ölkələr üzrə strukturuna baxanda burada rəqəmlər 1,5 %-dən 9 %-ə qədər fərqlənir. Yəni bu, müxtəlif faktorlardan asılıdır”.
Ekspertəlavə edib ki,bazarın liberallıq səviyyəsi, qiymətin əlçatanlığı əsas faktorlardandır:
“Azərbaycanda da bu meyillər əslində 2024-cü ilin əvvəllərinə qədər müşahidə edilirdi. 2024-cü ildə bu bazarın tənzimlənməsi və nəzarətin gücləndirilməsi ilə bağlı mexanizmlərin tətbiqindən sonra bazarda xidmətin əlçatanlıq səviyyəsi aşağı düşdü. Ona qədər daha çox istifadəçisi sayı var idi. Sonrakı dövrdə isə artıq taksi xidmətlərindən istifadə nəzərəçarpacaq səviyyədə azaldı. Ümumiyyətlə, qlobal təcrübənin təhlili bizə onu deyir ki, hökumətin nəqliyyat siyasəti, şəhərlər üzrə kütləvi nəqliyyat xidmətləri taksi xidmətlərindən istifadəyə təsir göstərir. Bəzi hallarda inkişaf etmiş və daha yüksək alıcılıq gücü olan şəhərlərdə taksi xidmətlərindən daha az istifadə olunduğunu müşahidə edirik. Bunun əsas səbəblərindən biri məhz kütləvi sərnişindaşımanın kifayət qədər əlçatan, səmərəli, effektiv və çevik təşkil olunmasıdır. Düşünürəm ki, Azərbaycanda, xüsusilə də Bakıda kütləvi sərnişindaşıma xidmətlərinin səmərəli təşkili insanların taksi xidmətlərindən istifadəyə meyilliliyini azaldacaq. Əvəzində kütləvi sərnişindaşıma xidmətlərinin istifadə sayı artacaq”.