Bilirik ki, Aşıq sənəti son illər xalq kütlələrinin daha böyük ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız da milli mədəniyyətimizin və incəsənətimizin vacib resurslarıdır. Biz onları şifahi xalq yaradıcılığının ən qiymətli xəzinələri hesab edirik...
Bizim hər birimizin Aşıq sənətinə böyük məhəbbəti var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına, məlahətli səsi olan aşıqlara qulaq asanda könlümüz durulur... Həmin an xalq mədəni ruhu əhəmiyyətli proses kimi gözlərimizin önündə min şaxə qurur, içimizdə yeni əhval yaranır...
Sevindrici haldır ki, Aşıq sənəti UNESCO-nun maddi-mədəni irs siyahısına salınıb, bununla da beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti tanınır, həmçinin, aşıqlarımıza böyük rəğbət artır...
Bildiyimiz kimi, Azərbaycan Aşıq sənətinin sütunları çoxdur. Onlardan biri də Aşıq Mikayıl Azaflıdır. Ləngərli səsi və ifası ilə daim könüllərdə yaşayacaq Aşıq Mikayıl Azaflı aşıq sənətinin ən mükəmməl qoruyucularından, çoxəsrlik keçmişə malik aşıq sənətinin ən sadiq aşıqlarından biri olub. O, Aşıq sənətinin ənənələrinə ömrünün sonuna kimi şərəflə qulluq edib, bu sənəti tamlığı ilə yeni nəsillərə ötürüb.
Məhz 15 yanvar 2025-ci ildə Azərbaycan Aşıqlar Birliyi və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Rəşid Behbudov adına mahnı teatrında Əməkdar mədəniyyət işçisi, şair-aşıq Mikayıl Azaflının 100 illiyi ilə əlaqədar keçirilmiş ədəbi-musiqili gecə də Aşıq Mikayıl Azaflı sənətinə verilən böyük dəyər, ümumxalq sevgisi idi.
Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açdı. O, giriş sözü ilə Mikayıl Azaflının həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Məhərrəm müəllim bildirdi ki, Mikayıl Cabbar oğlu Zeynalov (1924- 1990 ) Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, lap gənc yaşlarından “Çoşğun” təxəllüsü ilə şeirlər yazıb. Aradan bir müddət keçəndən sonra o, şeirlərini “Əzablı” təxəllüsü ilə nəşr etdirib. Ən sonda doğulub, boya-başa çatdığı kəndin adına şərəf hissi olsun deyə şeirlərini “Azaflı” təxəllüsü ilə elə-obaya çatdırıb.
Məhərrəm müəllim daha sonra bildirdi ki, Qurbanidən, Abbas Tufarqanlıdan, Sarı Aşıqdan, Hüseyn Şəmkirlidən, Aşıq Ələsgərdən, Molla Cumadan, Mirzə Bilaldan üzü bəri və son olaraq da XX əsrin görkəmli aşıqlarından Hüseyn Cavan, Hüseyn Saraçlı, Şakir Hacıyev, Pənah Pənahov Imran Həsənov, Əkbər Cəfərov kimi görkəmli aşıqlar arasında klassik aşıq ənənələrini layiqincə davam etdirmiş sənətkarlardan biri də bu gün 100 illik yubileyinə yığışdığımız Mikayıl Azaflı olub.
Məhərrəm müəllim vurğuladı ki, bu gün biz bura saz-söz məclisinə yığışmışıq. Ona görə sözü aşıqlarımıza vermək daha məqsədəuyğundur.
Beləliklə, Məhərrəm müəllim tədbirin musiqili açılışı üçün ilk sözü ustadın nəvələri Raman Azaflı və Məzahir Azaflıya verdi. Onlar alqış sədaları altında səhnəyə gəldilər, babalarının yazdığı “ Qoca qartal” "Azaflı dubeytisi" ilə gecənin açılışını etdilər. Bu çıxış iştirakçılarda xoş əhval yaratdı.
Sonra söz ustadın sonuncu şəyirdi olan aşıq Nizami Cəlaloğluna verildi. Aşıq Nizami ustadının “Gözlərim” qoşmasını "Azaflı gözəlləməsi" havası üstündə ifa etdi. İfası zamanı da ləngərli səsi ilə ustadına olan sevgisini göstərdi.
Daha sonra söz Azaflı irsinin dərin bilicisi professor Qəzənfər Paşayevə verildi. O, aşıq-şairin 1961-1964-cü illərdə yazdığı “Zindan” şeirindən danışdı. Bildirdi ki, zindanda olmasına baxmayaraq, yazdığı divanilər, gəraylılar, qoşmalar Türkiyədə, İraqda, Gürcüstanda, İranda aşıqların dilindən düşmürdü... Məsələn, onun bu qoşması indi də el dilində əzbərdir:
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Onlar ağardıbdı başımı mənim...
və başqa bir qoşmasında yazır
Azaflıyam , ağ saçlarım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyəcəklər, dözəmmədi zindana,
Ağarmayın , ay saçlarım, amandı
Qəzənfər müəllim bildirdi ki, Aşıq Mikayıl Azaflıya nə qədər təzyiq, işgəncələr edilsə də, o, yolundan və dediyindən dönməyib. Ona görə ki, bu böyük sənətkar azadlıq, ədalət aşiqi idi. O, telli sazını sinəsinə basıb heç kəsin deyə bilmədiyini el şənliklərində mərd-mərdanə dilə gətirirdi:
Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül ?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül.
və yaxud
İki qardaş bir zindanda,
O da məhbus,mən də məhbus.
Qollar bağlı, əl amanda,
O da məhbus,mən də məhbus.
başqa bir qoşmasında ustadı Aşıq Yusifə yazır
Gözlərim yoldadır,qulağım səsdə,
Usta, sənə sözüm var, gələrsənmi?
Əsirəm,məhbusam polad qəfəsdə,
Axır qanlı yaşım car,gələrsənmi ?
başqa bir şerində yazır
Azaflıyam, qaldım tər qan içində,
Dilim cilalanıb dahan içində,
Cəllad əlindəyəm, zindan içində,
Yollarım bağlıdı, gələ bilmirəm.
Bu kimi şeirləri o dövrdə demək, yazmaq əlbəttə böyük ürək və cəsarət tələb edirdi...
Qəzənfər müəllim əlavə olaraq bildirdi ki, həbsxana həyatı ustada bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun üzünə baxanda Dədə Qorqudun nur üzü gözlərimiz önündə canlanırdı. O, xalqın sevimlisinə çevrilmişdi. Xalq arasında “Qoca Qartal” kimi şöhrət qazanmışdı.
Qəzənfər müəllimin çıxışından sonra söz yenə saza verildi. Bu dəfə səhnəyə Gülarə Azaflının yetirmələri olan “Çeşmə” folklor qrupu, Gülarə Azaflı, Məhsəti Cabbarova və nəticəsi balaca Mikayıl “Nə yaxşı olar” bəstəsi ilə gəldilər və ürəkdən çıxış etdilər.
Aşıq Əli Zeynalabdinov və aşıq Nəcəf “Azaflı” gəraylısını ifa etdilər.
Sonra söz ustad aşıqlar Şaiq İncəliyə və Aşıq Avdıya verildi. Onlar da ustada olan sevgilərini məlahətli ifaları ilə təsdiq etdilər.
Daha sonra Şirvan Aşıq Məktəbinin layiqli aşıqlarından olan Əhmədəlinin qızı Xalq artisti Nazpəri Dostəliyevaya verildi. Nazpəri xanım ustadın “Ağarmayın, ay saçlarım, amandı” qoşmasını “Naxçıvani” havası üstündə yüksək səviyyədə ifa etdi. Bu ifa səhnədə böyük coşqu, iştirakçılarda yüksək ovqat yaratdı.
Daha sonra söz Vüqar Şəmkirliyə, Xəlil Qaraçöpə, Aşıq Asudə Şınıxlıya, aşıq Vüqar Şamilova və Eldar Ələkbərliyə verildi. Onların hər birinin çıxışı çox yüksək səviyyədə qarşılandı. Hər bir oxuyan aşığı yastı balabanın mahir ifaçıları Ələkbər Ələkbərov və Sərdar Məmmədov müşayiət edirdi .
Tədbirin aparıcısı Məhərrəm müəllim bildirdi ki, Azaflı Mikayıl haqqında el şairləri, aşıqlar yüzlərcə şeirlər yazıblar. Onlardan biri də canlı ensklopediya olan Zərgər Abbasdır. Sözü də bu məqamda məhz ona verdi. Zərgər Abbas Mikayıl Azaflıya həsr etdiyi bir necə şeirini söylədi. Şair gurultulu alqışlarla yola salındı.
Söz gənc aşıqlar Elməddin Məmmədliyə və Şəhriyar Qaraxanlıya verildi. Onlar da ustadın “Dünya” müxəmməsini baş müxəmməs havası üstündə ifa etdilər. Tədbirdə son çıxış olaraq Roman Azaflı səhnəyə çıxdı. O, babasının "Qoy ədalət zəfər çalsın ! " Ozan marşı " havası üstündə oxudu.
Tədbirin təşkilində göstərdikləri əzmkarlığa görə Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, Tovuz Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti Çingiz Abbasov, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Namazəli Məmmədovun təşəbbüsü ilə bir çox aşıq və şairlər “Azaflı” medalı ilə təltif olundular.
Sonra söz Azaflı Mikayılın övladlarına verildi. Hakim Azaflı, Maral Azaflı, Gülarə Azaflı tədbiri belə yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan Aşıqlar Birliyinə və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin üzvlərinə və zəhməti keçən hər bir insana minnətdarlıqlarını bildirdilər.
Əlavə: Aşıq Mikayıl Azaflının xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hissləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan Aşıq sənətinin parlaq səhifələrindəndir.
Aşıq Mikayıl Azaflının zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizə diqqətdir. Nə xoş ki, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Mikayıl Azaflı irsi silinməz tarixi yaddaş rəmzi kimi bu gün də yaşamaqdadır.
Elə bu gün də Aşıq Mikayıl Azaflı yaradıcılığı Azərbaycanın mədəniyyət inciləri kimi diqqət çəkir və gələcəkdə də bu ədəbi irs lazımınca təbliğ ediləcək.
Hüseyn İsaoğlu,
A Y B-nin və AJ B-nin üzvü,
Yazıçı-publisist