hemle

İrəvanın ermənilərə verilməsi: Hansı şəraitdə və kimlər? - Nəsiman Yaqublu ilə TARİXƏ NƏZƏR

Tarix:1-06-2020, 02:43
Baxış Sayı:1 598

İrəvan şəhərinin ermənilərə verilməsindən 102 il ötür. Ermənilər İrəvanın guya 2800 ildir onlara aid olduğunu iddia edir.

Ancaq İrəvanın 1918-ci ildən ermənilər tərəfindən güclə ələ keçirildiyini təsdiq edən kifayət qədər tarixi sənədlər var. Bu yaxın tarixə aid olduğundan onu danmaq da mümkün deyil. İrəvan təbii ki, Azərbaycan şəhəri kimi qədim tarixə malikdir. Lakin onu ermənilərin adına bağlamaq mümkün deyil.

Hər il Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd edilən zaman bir məsələ də gündəmə gəlir. 1918-ci il mayın 29-da Azərbaycan xalq cümhuriyyətinin Milli Şurası İrəvanı ermənilərə nə üçün verib? Bunun tarixi səhv, yoxsa qaçılmaz, acı zərurət olduğu təhlil edilir. Bəziləri bunu AXC-ni gözdən salmaq üçün ortaya atırsa, bir başqası tarixi faktlara obyektiv nəzər salmağa, həqiqəti üzə çıxartmağa çalışır. Təbii ki, son söz yenə tarixçilərindir. Araşdırmalar isə İrəvanın ermənilərə verilməsi barədə Milli Şuranın qərarının olmasına baxmayraq, ermənilərlə Azərbaycan arasında ikitərəfli saziş imzalanmadığını göstərir. Yəni razılaşma şifahi şəkildə baş verib. Ona görə də İrəvanın ermənilərə verilməsinin ciddi hüquqi əsası yoxdur.

1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə göstərilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək, Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. O bildirib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinin lehinə olub. Səsvermə zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf olub. Ancaq bir fakta xüsusi diqqət yetirmək lazımdır ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada birləşməsi məsələsi yekdilliklə qəbul olunub.

Bu qərarı zəruri edən digər səbəb isə Azərbaycanın müstəqilliyini qorumaq olub. Belə ki, o zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə, regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuşdu. Batumi konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya, digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.

Yəni Azərbaycanın mövcudluğuna birdəfəlik son qoymamaq, üstəlik, müstəqilliyini qoruyub saxlamaq üçün Xalq Cümhuriyyəti İrəvanın ermənilərdə qalmasına razılaşıb. Lakin bu Azərbaycan ərazisində müstəqil erməni dövlətinin yaradılması məqsədilə deyil, Ermənistan Federasiyasına siyasi mərkəz güzəştə gedilir. Sadəcə olraq, 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı İrəvanın ermənilərdə qalmasını təmin etdi.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Cebhe.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə İrəvanın ermənilərə verilməsi məsələsinə diqqətli yanaşmaq lazımdır. Tarixçi alim İrəvanın məqsədyönlü şəkildə ermənilərə verilməsi barədə fikirlərin düzgün olmadığını dedi:

“İrəvanı ermənilərə heç kim verməyib. Ermənilər bu gün Dağlıq Qarabağı işğal etdikləri kimi 1918-ci ildə də eyni qaydada, bir qədər fərqli formada Azərbaycandan aldılar. Çünki həmin dövrdə qüvvələr nisbəti ermənilərin xeyrinə idi və onlar güclü silahlı dəstələrə malik idi. Bu silahlı qüvvələrin qarşısında dayanmaq qeyri-mümkün idi. Məsələnin siyasi tərəfinə gəlincə, 1918-ci ildə beynəlxalq güclər erməniləri dəstəkləyirdi və onlara paytaxt verilməsi məsələsində israrlı idi. Hətta Türkiyə də İrəvanın ermənilərə verilməsində maraqlı idi. Çünki o dövrdə Gümrü Türkiyənin nəzarətində idi. Osmanlı dövləti də Gümrünü ermənilərə vermək istəmirdi. Belə olan təqdirdə Türkiyə İrəvanın ermənilərə verilməsini məqbul sayırdı. Yəni İrəvan məsələsində Türkiyə də Azərbaycana dəstək vermirdi. Azərbaycnın isə İrəvanı almaq və ya geri qaytarmaq üçün ordusu yox idi. Hətta o zaman Bakı belə, ermənilərin nəzarətinə keçmişdi. 1918-ci ildə nəinki İrəvanı, hətta Bakını qaytarmaq üçün Azərbaycanın ordusu mövcud deyildi. İrəvanın ermənilərə verilməsinə görə Azərbaycan Xalq Cümhuriyyətini ittiham edənlər bir fakta diqqət yetirmək istəmir ki, Azərbaycan öz müstəqilliyini Bakıda deyil, Tiflisdə elan etmişdi. Azərbaycan hökuməti 1918-ci ilin iyun ayında Gəncəyə qədər gedə bildi və Bakıya doğru irəliləmək mümkün olmadı. Sentyabr ayının 15-ə qədər Azərbaycan hökuməti Gəncədə fəaliyyət göstərdi. Çünki Bakı erməni silahlı qruplarının əlində idi və hətta gəlib Gəncədən də Azərbaycan hökumətini qovmaq istəyirdilər. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu köməyə gəlməsə idi, heç Bakını da azad etmək mümkün olmayacaqdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, əgər 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını sözlə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də onu əməli şəkildə həyata keçirdik. 15 sentyabr olmasa idi, 28 may reallaşmazdı, 28 may olmasa idi, 15 sentyabr olmazdı. Bu çox dəqiq və gözəl fikirlərdir. Ona görə də Bakını ala bilməyən insandan İrəvanı almağı tələb etmək sadəlövhlükdür. Qafqaz İslam Ordusu Gəncədən başlayaraq Bakıya qədər döyüşə-döyüşə qəhrəman bir yol keçib. Gəncədən Bakıya qədər elə bir bölgə yoxdur ki, orada türk şəhidlərinin məzarı olmasın. Ağdaşda, Ləkidə, Kürdəmirdə, Qobuda, Güzdəkdə, Şamaxıda, Qobustanda, Salyanda, Neftçalada, Bakıda türk şəhidlərinin məzarları var. Bütün bunlar isə həmin ərazilərdə döyüşlərin getdiyini təsdiq edir. Həmin döyüşləri isə Qafqaz İslam Ordusu, yəni türk qardaşlarımız aparmışdı. Ona görə də Azərbaycan Cümhiriyyəti hökuməti İrəvan uğrunda deyil, Bakı uğrunda mübarizəni doğru saydı. Azərbaycanın ilk düzgün işi də 1918-ci ilin may ayında Osmanlı Türkiyəsi ilə müqavilə bağlaması oldu. Həmin müqavilə bizi xilas etdi. Həmin sazişin 4-cü maddəsində qeyd edilir ki, Azərbaycan Cümhuriyyəti hökuməti Türkiyədən hərbi güc istəmək səlahiyyətinə malikdir. Bu müqavilə əsasında Gəncədən-Bakıya qədər bölgələrin əksəriyyəti, o cümlədən Bakı şəhəri erməni işğalçılarından azad edildi”.

Qeyd edək ki, bir sıra mütəxəssislər Azərbaycanın Batumi müqaviləsindən çıxmasını təklif edir. Bu ilk növbədə, ermənilərin 1918- ci ilin may ayında Türkiyə ilə Batumidə aparılan danışıqlarda üzərinə götürdüyü öhdəlikləri pozması ilə bağlıdır.

İyunun 4-də imzalanmış sazişin 5-ci maddəsinə əsasən, Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq.

6-cı maddəyə görə Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.

11-ci maddədə isə göstərilir ki, Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.

Lakin göründüyü kimi, ermənilər bu öhdəliklərin heç birinə əməl etmədi. Qanunsuz silahlı erməni dəstələri İrəvanda, Göyçədə, Qarabağda, Qubada, Şamaxıda, Bakıda və digər yerlərdə minlərlə azərbaycanlını qətlə yetirdi. Dərhal azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə başlanıldı. Ermənilər Batumi müqaviləsindən dərhal sonra Bakını tərk etmədilər. Əksinə, erməni silahlı dəstələri Bakıda qırğınlar və çaxnaşma törətməkdə davam etdi. Nəticədə, Azərbaycan hökuməti Türkiyədən hərbi yardım istəməyə məcbur oldu.

Ekspertlərin rəyinə görə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqaviləsi, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib.

Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılması, həmin qərarın qüvvədən salınması ilə bağlı hüquqi baxışlar icra etmək mümkündür.

Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı, əslində, öz hüquqi qüvvəsini itirib. Çünki beynəlxalq müqavilələr bir qayda olaraq 99 il müddətinə bağlanır.
Bu isə Azərbaycana Ermənistandan İrəvan şəhərini və onunla birlikdə ələ keçirilmiş əraziləri geri qaytarmağı tələb etmək hüququ verir.

Nəsiman Yaqublu isə bu iddiaları real hesab etmir:

“Azərbaycan Cümhuriyyəti hökuməti bizə 114 min kvadrat kilometr ərazi qoyub gedib. Zəngəzur, Qarabağ hamısı Azərbaycanın tərkibində idi. Bəs Azərbaycanın indiki ərazisi nə qədər qalıb? Hələ gedək Cümhuriyyət dövründəki ərazilərimizi bərpa edək, ondan sonra 1918-ci ildə verilmiş qərarlara yenidən baxarıq ”.

Müşfiq Abdulla
Cebhe.info

Digər xəbərlər
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR