2020-ci il oktyabrın 29-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz üçüncü günü.
Gecə ərzində döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edir.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "T-72" tankı, iki ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası məhv edilir. Döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus iki ədəd "Su-25" hücum təyyarəsi Hava Hücumunda Müdafiə Bölmələrimiz tərəfindən məhv edilir. Düşmənin bir neçə istiqamətdə hücum cəhdi qətiyyətlə alınır. Həmçinin, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilir. Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanırlar, 5-ci dağ-atıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşür.
Lakin düşmən mənfur xislətinə sadiq qalaraq, səhər saatlarından axşama qədər Goranboy və Göygöl rayonlarının ərazisini yenidən atəşə tutur. Goranboy rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində rayonun Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Flora Qaraş qızı Ziyadova həlak olur, yaşayış evinə isə ciddi ziyan dəyir. Həmçinin, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Bərdəyə səfəri zamanı şəhər növbəti terror hücumuna məruz qalır.
Buna rəğmən, Azərbaycan, Ermənistandan fərqli olaraq, yenə də humanist mövqeyini nümayiş etdirir, Qazax-Tovuz istiqamətində humanitar koridor açaraq 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verir.
Elə həmin gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman verir. Fərmana əsasən, bu ərazilərdə yerləşən hər bir bölgə üçün müvəqqəti komendant təyin edilir.